Azərbaycan atalar sözləri/H

Vikisitat saytından
G Azərbaycan atalar sözləri
Müəllif: Şifahi xalq ədəbiyyatı
X
Sister Projects. Həmçinin baxın: Haqqında •
  • Həccə gedən gəldi, saca gedən gəlmədi.
  • Həcdən gələn mən, Məkkədən xəbər verən sən?
  • Hacət dedik, höcət demədik.
  • Hacı hacını Məkkədə görər.
  • Hacı hacını Məkkədə tapar, dərviş dərvişi təkyədə. [1]
  • Hacı Məkkəyə, dərviş təkyəyə.
  • Hacı saydığımızın xaçı qoltuğundan çıxdı.
  • Hacı yatmaz, yatarsa qalxmaz.
  • Hacılar Məkkəyə getdi - qapıları açıq qoyun, gəldilər - qapıları bağlayın.
  • Haqdan keçmək olmaz.
  • Haqq batil olmaz.
  • Haqq daşı ağır olar.
  • Haqq doğrunun yarıdır.
  • Haqq əli bekar qalmaz; gec kəsər, karlı kəsər.
  • Haqq haqqı kəssə, Allah hər ikisini kəsər.
  • Haqq gəlsin, nahaqq gəlməsin.
  • Haqq iş gündən aydın olar.
  • Haqq işin nahaqqından qorxuram.
  • Haqq nazilər, üzülməz.
  • Haqq söz acı olar.
  • Haqq söz axar suları saxlar.
  • Haqq söz danışanın papağı yırtıq olar.
  • Haqq sözdən gül iyi gələr.
  • Haqq sözlə axan sular durular.
  • Haqq yeyənin adın qoyarlar Haqverdi.
  • Haqq yıxılan mərd olar.
  • Haqqı tanıyan xana baş əyməz.
  • Haqqın əli olsun, batilin yaxası.
  • Haqqın qarşısını almaq olmaz.
  • Haqqın verdiyinə şükür eləmək nemət artırır.
  • Haqlı var haqsız çıxar,haqsız var haqlı çıxar.
  • Halal incələr, ancaq üzülməz.
  • Halal mal heç yerə getməz.
  • Halalzadə barışdırdı, haramzadə qarışdırdı.
  • Halın bilmədiyin atın dalına keçmə.
  • Halva-halva deməklə ağız şirin olmaz.
  • Halvaçı qızı - daha şirin.
  • Hamam suyu ilə özünə dost tutur.
  • Hamam suyunnan xətir-könül görür.
  • Hamı bilir dağda kəklik gözəldir.
  • Hamı deyir, mədrəbazın gözü çıxsın - bilmirəm mədrəbaz kimdi.
  • Hamını yarın dərdi öldürür, bunu da qarın dərdi.
  • Hamının ağlı bir olsa, keçiyə çoban tapılmaz.
  • Hamıya adət oldu, bizə bidət?!
  • Hamıya it hürər, mənə də çaqqal.
  • Hancarı eləyim ki, gözüm oğru gözünə oxşamasın?
  • Haralısan - Hələ evlənməmişəm.
  • Haram harama gedər.
  • Haram gəldi halalı da apardı.
  • Haram gələn harama gedər.
  • Haram mal bərəkət tutmaz.
  • Haram şirin (dadlı) olur.
  • Harama ağzını bulaşdırdın, kəşkülünü doldur götür.
  • Haramın binası olmaz.
  • Haray üzülən canım, ipə düzülən canım.
  • Harda aşdır, orda başdır.
  • Harda gördün hamı kor, sən də ol kor.
  • Hardan incəlsə, ordan üzülər.
  • Havar sənin evində, davar sənin evində. Daş vurusan toz qopur, nə var sənin evində?
  • Hayqırmaq gücə baxar.
  • Hayla gələn huyla gedər.
  • Hazır yeməyə dağlar da dayanmaz.
  • Heç bilmir harda bişib, deyir; mənə də bir çömçə!
  • Heç bir igid kürəkdən yara götürməz.
  • Heç bir igid yalqız olmasın.
  • Heç bir igid yoxsul olmasın.
  • Heç kəs arxasız olmasın.
  • Heç kəs heç kəsin kitabını oxumur.
  • Heç kəs qurdla qiyamətə qalmaz.
  • Heç kəs öz ayranına turş deməz.
  • Heç kəs öz eybini bilməz.
  • Heç kəs yalqız qalmasın.
  • Heç kəsə bel bağlama.
  • Heç kəsin çırağı səhərə qədər yanmayıbdır.
  • Heç kəsin çörəyi heç kəsin qarnında qalmaz.
  • Heç kimin yarası göz qabağında olmasın.
  • Hesab var dinar-dinar, bəxşiş var xalvar-xalvar.
  • Hesab bilməyənlə durub-oturma.
  • Hesab bilmirsən, yoxsa yanın çubuq görməyib?
  • Hesabı doğru olanın alnı açıq olar.
  • Hesabı təmiz olanın üzü ağ olar.
  • Hesabın böyüyü-kiçiyi olmaz.
  • Hesabsız gələn zərərlə gedər.
  • Heyvan saxlasan pişik saxla, özü tutar, özü yeyər.
  • Heyvanı budundan dağlarlar, insanı ürəyindən.
  • Həccə gedən gəldi, saca gedən gəlmədi? [2]
  • Həcdən gələn mən, xəbər verən sən?.
  • Həftə səkkiz mən doqquz.
  • Həqiqi sevgi yaxşılıq görəndə artmayan, pislik görəndə azalmayandır.
  • Hələ boynu qoltuq görməyib.
  • Hələ quyruğu qapı arasında qalmayıb.
  • Həlləm-qəlləm adamdır.
  • Hər adamın əkdiyi bitməz.
  • Hər acının bir şirini var.
  • Hər axan su içməli olmaz.
  • Hər axan suya Araz deməzlər.
  • Hər ağac kötüyündən çürüyər.
  • Hər ağac meyvəsi ilə tanınar.
  • Hər ağaca söykənmək olmaz.
  • Hər ağacda bar olmaz.
  • Hər ağacın kölgəsi olmaz.
  • Hər ağaran qar olmaz.
  • Hər ağıl bir deyil.
  • Hər ağız bir deyil.
  • Hər ağızda bir dua var.
  • Hər ağızdan bir söz çıxar.
  • Hər ağlar gözlüyə aşiq deməzlər.
  • Hər anın bir zövqü, bir səfası var.
  • Hər arvad öz evinin həm xanımı, həm də qulluqçusudur.
  • Hər aşiqin bir dövranı var.
  • Hər atalar sözünün bir yeri var.
  • Hər atasının gözü çıxarılana Koroğlu deməzlər.
  • Hər atılan daşın dalınca getməzlər.
  • Hər bağçanın öz bağbanı var.
  • Hər başın bir dərdi var.
  • Hər başlanğıcın bir sonu var.
  • Hər binanın bir ustadı var.
  • Hər bir adam işi ilə tanınar.
  • Hər cəfanın bir səfası var.
  • Hər çağırılan yerə getməzlər.
  • Hər çiçəyin bir ətri var.
  • Hər eşitdiyinə inanma!
  • Hər əsrin bir Koroğlusu var.
  • Hər fəslin bir meyvəsi olar.
  • Hər gecənin bir gündüzü var.
  • Hər gedişin bir gəlişi var.
  • Hər gəlirin bir çıxarı var.
  • Hər gördüyünə aldanma.
  • Hər gördüyünü atana oxşatma.
  • Hər gördüyünü dost sanıb sirrini açma.
  • Hər gözəldə bir eyib olar.
  • Hər güldən gülab olmaz.
  • Hər gülün bir xarı olar.
  • Hər gülün bir qoxusu, bir ətri var.
  • Hər gün günahkar, bir gün tövbəkar.
  • Hər gün ömürdən bir kərpic düşür.
  • Hər heyvanın balası dalınca gedər, eşşəyin balası qabağınca.
  • Hər hürənə daş atsan, daş üstə daş qalmaz.
  • Hər xoruz öz həyətində banlar.
  • Hər xoruz öz yerində eşələnər.
  • Hər işıldayan qızıl olmaz.
  • Hər kəs hər şeyi öz ölçüsü ilə ölçər.
  • Hər kəs nə eləsə özünə eylər.
  • Hər kəs odu öz qabağına çəkər.
  • Hər kəs öz əməlinin meyvəsini dərər.
  • Hər kəs öz gəlir-çıxarına baxar.
  • Hər kəs öz kisəsindən yeyər.
  • Hər kəs öz kömbəsini gözlər.
  • Hər kəs öz ölüsünü oxşayır.
  • Hər kəs öz ürəyindən su içər.
  • Hər kəs öz yurdunu bəyənər.
  • Hər kəsə öz yükü ağır gələr.
  • Hər kəs özündən dəm vurar.
  • Hər kəsə öz adəti xoş gələr.
  • Hər kəsə öz Vətəni əzizdir.
  • Hər kəsin balası öz gözündə göyçəkdir.
  • Hər kəsin bir dərdi var, heç kəsə deməz, ağlar.
  • Hər kəsin bir işi var.
  • Hər kəsin çörəyi xəmirinə görədir.
  • Hər kəsin dəlisi evdə, dərdi qarnında.
  • Hər kəsin dərdi özünə bir at yüküdür.
  • Hər kəsin hörməti öz əlindədir.
  • Hər kəsin iradəsi öz əlindədir.
  • Hər kəsin malı özünə görə qiymətlidir.
  • Hər kəsin öz ağlı.
  • Hər kəsin öz bəxti.
  • Hər kəsin uşağı özünə şirindir.
  • Hər kimin ki, bağı var, kef çəkməyə çağı var.
  • Hər kimin ki, bağı var, ürəyində dağı var.
  • Hər kişi gücünə görə yük tutar.
  • Hər kişinin nəbzinə görə şərbət verərlər.
  • Hər könülün bir yazı, bir qışı var.
  • Hər külək dağı yerindən tərpədə bilməz.
  • Hər qaba bir qapaq qoyarlar.
  • Hər qaşığın qisməti bir olmaz.
  • Hər qatırçı Murad olmaz.
  • Hər qazanda qaynayar.
  • Hər qazılan yerdən su çıxmaz.
  • Hər qəbahəti özündə bil.
  • Hər qəbahəti üzə vurmuzlar.
  • Hər qohuma ərk olmaz.
  • Hər qoz girdədir, hər girdə - qoz deyil.
  • Hər quş öz dəstəsi ilə uçar.
  • Hər quş öz tayı ilə uçar.
  • Hər quş öz yuvasının ağasıdır.
  • Hər quş şahin olmaz.
  • Hər quşatan, ovçu Pirim olmaz.
  • Hər meyvə öz vaxtında yetişər.
  • Hər meyvənin kalı dəysə də, insanın kalı dəyməz.
  • Hər meyvənin öz dadı var.
  • Hər nə desən, özünə gedər.
  • Hər nə gedər, ömürdən gedər.
  • Hər nə yedin dadındır, Hər nə verdin adındır, hər nə qalsa, yadındır- oğluna qalsa yad qızı ilə yeyəcək, qızına qalsa yad oğlu ilə
  • Hər nöqsanı özündə gör.
  • Hər oxuyan Molla Pənah olmaz.
  • Hər otun öz kökü var.
  • Hər ölümə qəhrəmanlıq deməzlər.
  • Hər parıldayan qızıl olmaz.
  • Hər pərdə dalında yüz sirr var.
  • Hər rast gələnə dost demə.
  • Hər saatın bir hökmü var.
  • Hər saqqala salam verməzlər.
  • Hər saqqalı ağ olana ağsaqqal deməzlər.
  • Hər saqqallı baba olmaz.
  • Hər saqqallıya dədə demə.
  • Hər sarğı hər yaraya sarılmaz.
  • Hər səbrin sonu var.
  • Hər səhəng suda sınmaz.
  • Hər səhvi üzə vurmazlar.
  • Hər sözün bir pərsəngi var.
  • Hər sözün öz yeri, öz məqamı var.
  • Hər suda mərcan olmaz.
  • Hər şey bitər, kosanın saqqalı bitməz.
  • Hər şey öz vaxtında.
  • Hər şey ustasının əlindədir.
  • Hər şeydə israf olar, amma yaxşılıqda israf olmaz.
  • Hər şeyə barmaqarası baxmazlar.
  • Hər şeyə dodaq büzmə.
  • Hər şeyə əl vururam, qulpu qalır əlimdə.
  • Hər şeyi bilmək olmaz.
  • Hər şeyi demək olmaz.
  • Hər şeyin azı yaxşıdır.
  • Hər şeyin çoxu zərərdir.
  • Hər şeyin əvvəli çətin olar.
  • Hər şeyin xiridarı gərəkdir.
  • Hər şeyin öz adı var.
  • Hər şeyin öz vaxtı var.
  • Hər şeyin öz yeri var.
  • Hər şeyin sonu vardır.
  • Hər şeyin təzəsi, dostun köhnəsi.
  • Hər tullanan qoz bitsə, meymun qozsatan olar.
  • Hər ucaboylu ağac sərvi-xuraman olmaz.
  • Hər uzun ağaca çinar deməzlər.
  • Hər üzə gülənə dost deməzlər.
  • Hər vaxt "dü-şeş" gəlməz.
  • Hər vaxt fürsət ələ düşməz.
  • Hər yumurtadan cücə çıxmaz.
  • Hərdən ipək, hərdən köpək.
  • Hərə bir sap versə, çılpağın köynəyi olar.
  • Hərə saqqalından bir tük versə, kosa da saqqallı olar.
  • Hərəkət harada, bərəkət orada.
  • Hərəkət səndən, bərəkət məndən.
  • Hərənin səsi özünə xoş gələr.
  • Həyası olmayanın amanı da olmaz.
  • Həyasızda insaf olmaz, insafsızda həya.
  • Həyasızdan həyanı qoru.
  • Həyasızdan həyanı saxla.
  • Hikmətdən sual olmaz.
  • Hind dilənçisinə dönübdür.
  • Hirs gələndə acığını unut.
  • Hirs gəlir, göz qaralar, hirs gedir, üz qaralar.
  • Hirsli başda ağıl olmaz.
  • Hiylə ilə iş görən, töhmət ilə can verər.
  • Hiylə ilə tikilən ev, bəhanə ilə yıxılar.
  • Hürən it qapmaz.

Mənbə[redaktə]

  • Ağıla və qəlbə işıq saçan sözlər. Bakı,2014

İstinadlar[redaktə]

  1. Atalar sözü:/ Ə. Ziyatayın redaktəsi ilə. Bakı: Azərnəşr, 1956, s.195
  2. Atalar sözü:/ B. Tahirbəyovun redaktəsi ilə. Bakı:Yazıçı, 1985, s.665