Əli: Redaktələr arasındakı fərq

Vikisitat saytından
Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Sətir 195: Sətir 195:


== İstinadlar ==
== İstinadlar ==
{{İstinad siyahısı}}
<references/>


{{Xarici istinadlar}}
{{Xarici istinadlar}}

15:49, 20 may 2020 versiyası

Əli (tam adı: Əli ibn Əbu Talib. ərəb. علي بن أﺑﻲ طالب‎‎‎‎;) - Məhəmmədin əmisi oğlu, səhabəsi, Əhli-beytinin üzvü, kürəkəni. 4-cü Raşidi xəlifə. Əbu Talibin oğlu. İslamı qəbul edən ilk kişi. Sünnilikdə Ərəb Xilafətinin və Raşidi xəlifələrin dördüncü xəlifəsi. Şiəlikdə canişini, I imam və xəlifə, II məsum.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A

  • Abırlı olmağın ən ucası insanın özü-özündən utanmasıdır.
  • Axmaqla yaxın dost olma. Öz etdiyini sənə gözəl göstərər, səni də özünə bənzətmək istər.
  • Ağıldan faydalı dövlət, özünü bəyənməkdən qorxunc yalnızlıq, tədbir kimi ağıl, təqva kimi kərəm, gözəl xasiyyət kimi yaxın dost, ədəb kimi miras, qabiliyyət kimi başçı, yaxşı işlər görmək kimi alış-veriş, savab kimi iş, şübhəli şeylərdə durub çəkinmək kimi saqınmaq, haramdan özünü gözləmək kimi zahidlik, düşünmək kimi bilgi, vacibatı yerinə yetirmək kimi ibadət, utanmaq və səbr etmək kimi iman, könül mütiliyi kimi əsil-nəcabət, bilgi kimi ucalıq, helm kimi üstünlük, danışmaq kimi arxa yoxdur.
  • Ağıllı könlünə danışar, doğru bildiyini söylər, axmaq dilinə gələni söylər, düşünməz ki, bu nə məna daşıyır.
  • Ağıllının zənni cahilin yəqinindən daha doğrudur.
  • Ağıllı kimsənin dili ürəyinin dalında olar. Yəni ağıllı adam qabaqca sözünün yaxşı və pisini fikirləşib sonra danışar.
  • Axmaq kimsənin qəlbi dilinin dalında olur. Yəni axmaq adam qabaqca danışıb, sonra fikirləşir.
  • Allah o kişiyə rəhmət etsin ki, hökmü eşidər, eşidib seçər, doğru yola çağırılarsa, yaxınlaşar, bir başçının kəmərindən yapışıb canını qurtarar və Rəbbinin əmrini gözlər, Ona qarşı günah işlətməkdən qorxar, özü doğru və yaxşı işlərə qurşanar, aza qane olub gərəksiz şeylərdən çəkinər. Oxu atıb hədəfi vurar, əvəzini əldə edər. Öz arzusuna qarşı durmağı bacarar; səbr edər; çəkinməyi ölüm günü üçün hazırlar; açıq və bəlli yola at sürər; açıq-aydın dəlilə inanar; fürsəti qənimət bilər; əcələ hazırlanar; qulluğunu özü üçün az hesab edər.
  • Allahın elə bəndələri vardır ki, Allah onları bəndələrin faydalarına xidmət etməklə nemətləndirmişdir. Onların əllərinə nemətlər vermişdir. Onlar da o nemətləri bəndələrə ehsan edərlər. Lakin ehsan etməsələr, o nemətləri onlardan alıb başqalarına verər.
  • Allahın sənə verdiyi nemətləri itirmə; Onun verdiyi nemətlərin əsəri səndə görünməlidir.
  • Az elmi olub bildiyinə əməl edən, çox elmi olub əməl etməyəndən xeyirlidir.

B

  • Batilə yardım edən, haqqa zülm edər.
  • Bəsirət gözü kor olanda gözlə görməyin faydası yoxdur.
  • Bilin ki, Allah xeyir işlər görmək istəyənləri, əmrinə uyub xeyirə yönələnləri seçmişdir; onlar haqqın dayaqlarıdır, itaəti, bəndəliyi qoruyanlardır. Sizin üçün də hər qulluqda Allahdan bir yardım var, onu dillərə söylədər, könüllərə ilham edər; kifayət sayanlara bu yetər; şəfa axtaranlara şəfa verər.
  • Bilin ki, Allahın elmini qoruyan bəndələr vardır ki, onu mühafizə edərlər; qaynaqlarını axıdarlar. Bir-birləriylə uyğunlaşıb görüşərlər, bir-birlərini sevib qovuşarlar. Bir-birlərinə elm və hikmət piyaləsini verərlər, onu içib vəfa və nəsihətdən sirab olarlar. Onların saf könlünü şübhə bulandırmaz, qeybət onlara yol tapmaz. Yaradılışları, təbiətləri belədir: bu təbiətlə sevişərlər, bu təbiətlə bir-birlərinə uyğunlaşarlar. Onlar əkin üçün ayrılmış ən gözəl toxumlardır; pisləri ayaqlanıb atılmışdır; yaxşıları seçilib götürülmüşdür. Mahiyyətlərinin doğruluğu onları seçmişdir; sınaqlar onları yoxlamışdır.
  • Bir xeyir görərkən yardım edin, bir şər görərkən qoyub gedin. Çünki Rəsulullah (s) buyurmuşdur: Ey Adəm oğlu, xeyir iş gör, şəri burax; o zaman səxavətli olar, orta yolu taparsan.
  • Bir insanda gözəl bir xasiyyət varsa, ondan başqa gözəl xasiyyətlər də gözləyin.
  • Bir para adamlar Allaha savab üçün ibadət edər: Bu ibadət tacirlərin ibadətidir. Bir bölük də Allaha qorxudan ibadət edər. Bu da kölələrin ibadətidir. Bir bölük isə Allaha şükr edərək ibadət edər. Bax, azad insanların ibadəti budur.
  • Bizə inamda çox irəli getməkdən çəkinin; biz bəndəyik, məxluquq; buna inanın, sonra bizim haqqımızda, üstünlüyümüz barədə dilədiyimiz inancı güdün. (“Qürarul-Hikəm”dən)
  • Bu ümmətin ən yaxşı şəxsi üçün belə Allahın əzabından əmin-amanlıq hiss etmə. Çünki Allah-Taala buyurub: Allahın məkr və tədbirindən, xəsarətə uğrayanlardan başqası əmin-amanlıq hissi keçirməz.[1] Bu ümmətin ən pis şəxsi üçün belə Allahın rəhmət və mərhəmətindən ümidsiz olma, çünki Allah-Taala buyurur: Həqiqətən Allahın rəhmətindən fasiqlərdən başqası ümidsiz olmaz.[2][3]

C

  • Cahil dostundan çox ağıllı düşməninə güvən.
  • Cahillər çoxalan zaman ariflər qərib olur.
  • Cənnət comərdlərin, cəhənnəm isə cahillərin yeridir.
  • Cəsarət on hissəlidir, biri qorxmamaq, doqquzu diqqət və ehtiyatdır.

Ç

  • Çox gülənin heybəti azalır.
  • Çox müharibə var ki, faydası sülhdən daha çoxdur.
  • Çox zarafat edən adam nifrət qazanar və ya hörmətsiz olar.

D

  • Dərd və qəm qocalığın yarısıdır.
  • Dil insanı ölçmək üçün vasitədir. Danışın ki, tanınasınız. Çünki insan öz dilinin altında gizlənmişdir.
  • Doğrudan da, dünya ağıllılar yanında kölgəyə bənzər: bir də baxırsan, uzanır deyərkən, qısalmağa başlar. Bir də görürsən, uzanır deyərkən yoxa çıxar.
  • Doğrudan da var-dövlət və övlad dünya əkinidir, dünya qazancıdır. Yaxşı əməllər isə axirət əkini, axirət qazancıdır. Allah bəzi insanlara hər ikisini verir.
  • Dünya elə bir yurddur ki, xaraba qalması, yox olması, əhlinin isə onu atıb getməsi, köçüb itməsi labüddür. Çox şirindir, təravətlidir, amma istəyəndən tez qaçıb gedər. Bəsirət gözüylə ona baxan varlığından şübhəyə düşər. Ən gözəl, ən xeyirli bir azuqəylə köçüb gedin oradan. Kifayət edəcək şeydən artığını istəməyin, sizi aparacaq şeydən artığını diləməyin ondan.

E

  • Elmlə dirilən ölməz.
  • Ehtiyac bacarıqlı adamı da öz əqidəsindən döndərər və heç kəs onun sözlərinə inanmaz.
  • Ey dünyanı pisləyən, qınayan, sonra da onun aldanışlarına qapılan, baş tutmayacaq işlərinə aldanan, sonra yenə də onu qınamağa başlayan! Dünyaya aldanan sən deyilmisən ki, indi onu yamanlayırsan? Dünyada günah işləyən sənsən, yoxsa odur? Dünya nə vaxt sənin yolunu azdırdı, nə vaxt səni aldatdı? Bədənləri çürüyüb dağılmış ata-babalarınlamı aldatdı səni, yoxsa torpaq altında yatan analarının məzarlarıylamı tovlatdı səni? Onlar xəstələnəndə nə qədər xidmət etdin onlara, sağalmaları üçün nə qədər çalışdın, şəfa tapmalarına arzu etdin, həkim çağırdın, çarə dilədin. Amma bu zəhmətlərin heç birinə fayda vermədi, arzuların baş tutmadı, gücünlə, qüvvətinlə onları ölümün əlindən ala bilmədin. Getdilər. Dünya onların halıyla örnək göstərdi sənə, məzarlarıyla məzarını xatırlatdı sənə.
  • Ey Kumeyl, könüllər qablara bənzər; ən xeyirli qab isə içindəkini ən yaxşı qoruyandır. Məndən eşitdiyin sözü yadında saxla. Insanlar üç qismdir: Rəbbə mənsub olan alim, qurtuluş yolunda elm axtaran və adəti pislik olanlar; hər çağıran şəxsə bilmədən uyanlar, hər yelə qapılıb gedən kişilərdir. Onlar nə elm işığıyla işıqlanmışlar, nə də qüvvətli bir müdafiəyə söykənmişlər.
  • Ey Kumeyl, elm maldan xeyirlidir; elm səni qoruyar, sən isə malı qoruyursan. Mal verməklə azalar, elm isə öyrətməklə çoxalar.
  • Ey Ziyad oğlu Kumeyl, bilik əldə etməyin yolu adətən dindir ki, Allaha onunla yol tapmaq olar. Insan taəti onunla əldə edər; ölümündən sonra da xeyir və yaxşılıqda yad olunar. Elm hakimdir, mal isə hökm altında olandır, məğlubdur.
  • Ey oğul, axmaqlarla yoldaşlıq etməkdən çəkin, çünki axmaq sənə yaxşılıq etmək istəsə də, sənə ondan ancaq zərər yetişər.

Ə

  • Ədəb insanın kamalıdır.
  • Ədavət qəlb üçün böyük yükdür. Yəni düşmənçilik ürəyi bütün işlərdən geri qoyar.
  • Əxlaqsız adamın şərəfi olmaz.
  • Əgər elm ümidlə olsaydı, dünyadakı bütün insanlar alim olardı.
  • Əldən getməyincə dəyərini anlaya bilməyəcəyimiz iki şey var: sağlamlıq və gənclik.
  • Ən aciz şəxs insanlar arasında dostu olmayandır; onlardan daha acizi isə dostu olub onu itirənlərdir.
  • Ən axmaq insan özünü hamıdan ağıllı biləndir.
  • Ən xoşbəxt insan ötəri ləzzətləri əbədi ləzzətlərə görə tərk edəndir.
  • Ən nadan insan odur ki, bir yaltaq ona gözəl təriflər söyləyərək pisi yaxşı və xeyirxah düşmən kimi qələmə verən zaman onun sözlərinə aldana.
  • Ən pis yoxsulluq axmaqlıqdır. [4]
  • Ən üstün iş Allah naminə görülən işdir.

G

  • Gözəl görmək bir şeyi eşitməkdən irəlidir.

H

  • Hər bir adam öz dilinin arxasında gizlənmişdir.
  • Hər bir insanın qiyməti onun etdiyi yaxşılıqlarla ölçülür.
  • Hər bir kimsənin tərbiyə üsulu yumşaq olsa, onun övlad və törəmələri tərbiyəsiz olar.
  • Hər kəs ki, öz iradəsini cilovlaya bilməsə, əcəl onu öz tərəfinə çəkər.
  • Hər kəs öz zəmanəsinin övladıdır.[5]
  • Hər qab içinə bir şey qoyulduqda daralır, ancaq elm qabı istisnadır, o, elm qoyulduqca genişlənir.
  • Hər qətrə suda qəm-qüssə, hər tikə çörəkdə dərd-kədər yatır.
  • Həya bütün yaxşılıqların açarıdır.
  • Həyanın zirvəsi insanın öz-özündən həya etməsidir.
  • Həyat insan fitnəsi ilə mübarizədir.

X

  • Xəsis insan dünyada fəqirlər kimi yaşayar, axirətdə isə varlılar kimi sorğu-suala çəkilər.
  • Xilafət mənim gözümdə bu çarıqdan da dəyərsizdir. Mən xilafəti ona görə qəbul etdim ki, onun vasitəsilə məzlumların haqqını zalımlardan alım.
  • Xoş rəftar ağlın yarısıdır.

İ

  • İbrət alınacaq şeylər çox, ibrət alanlar isə az.
  • İki şey var ki, itirilməmiş qədri bilinməz: Gənclik və dinclik.
  • İman əhlinin hər gün üç işi vardır: Bir zaman Rəbbi ilə razü niyaz edər, Ona qulluq göstərər; bir zaman dolanışığı üçün çalışar; bir zamanı da var ki, halal və gözəl ləzzətlərlə zövqlənər. Ağıllı adam üç şey üçün səfər edər: Güzəranını qaydaya salmaq, axirətini əldə etmək, yaxud da haram olmayan zövq və ləzzət əldə etmək.
  • İman əhlinin üzündə təbəssüm, qəlbində hüzn vardır. Onun könlü hər şeydən geniş, nəfsi hər şeydən azdır. Təkəbbürə nifrət edər, şöhrətə düşməndir, qəm-qüssəsi çox, düşüncəsi isə dərindir. Çox zaman susar; vaxtı yoxdur. Çox şükr edər, çox səbrlidir. Daim düşüncəlidir; ehtiyacı olanı görərkən öz ehtiyacını belə unudar. Xasiyyəti gözəl, rəftarı xoş və yumşaqdır. Şərəf və din baxımından sərtdir, xasiyyət baxımından qul kimidir.
  • İnsanlar bilmədikləri şeylərə düşməndir.
  • İnsanlar iki bölükdür: bir bölüyü şəriətə uyar, o biri bölüyü bidətə sapar. Bu ikinci bölüyün, nöqsan sifətlərdən münəzzəh olan Allahdan nə bir dəlili var, nə bir işığı. Nöqsan sifətlərdən münəzzəh olan Allah heç kimə Qurana bənzər başqa bir şeylə öyüd verməz; çünki Quran *Allahın möhkəm ipidir, əmin səbəbidir; ürəklərin baharı ondadır; biliklərin qaynaqları ondadır; könülə ondan başqa bir şey cila verməz; ondan başqa bir şey könlü parlada bilməz. Bununla bərabər, yenə də ondan öyüd alanlar ona uyub yol tutanlardır; unudanlar, qəflətə qapılanlar yollarda qalanlardır.
  • İnsanların çəkdiyi hər nəfəs əcələ doğru atdığı addımdır.
  • İnsanların öz ata-babalarından zəmanələrinə daha artıq oxşarlıqları var.
  • İnsanlarla yaxşı davranın ki, bir vaxt dünyadan köç etsəniz, yaxşı sifətlərinizi yada salıb sizin üçün ağlasınlar.
  • İnsanlarla elə rəftar edin ki, düşməniniz belə ölümünüzə ağlasın.

K

  • Kim bir işdə xalqa rəhbər olmaq istəyirsə, başqasına tərbiyə verməyə başlamazdan əvvəl özünü tərbiyə etməlidir. Tərbiyə yalnız dil ilə öyüd verməkdən deyil, hərəkətləri ilə nümunə göstərməkdən də ibarət olmalıdır. Nəfsinə müəllim olub özünü tərbiyə edən şəxs insanlara müəllimlik edib onları tərbiyə edəndən daha çox tərifə layiqdir. Kim bir işdə xalqa rəhbər olmaq istəyirsə, başqasına tərbiyə verməyə başlamazdan əvvəl özünü tərbiyə etməlidir. Tərbiyə yalnız dil ilə öyüd verməkdən deyil, hərəkətləri ilə nümunə göstərməkdən də ibarət olmalıdır. Nəfsinə müəllim olub özünü tərbiyə edən şəxs insanlara müəllimlik edib onları tərbiyə edəndən daha çox tərifə layiqdir.
  • Kimə ox atmağı öyrətdimsə ilk məni nişan aldı.

Q

  • Qeybət etmək aciz insanların işidir.
  • Qəlb kor olduqdan sonra gözün görməsindən nə fayda?..
  • Qənaətə riayət edən yoxsulluğa düşməz.
  • Qısqanc olan, qeyrət sahibi kimi tanınan qətiyyən zina etməz.
  • qocalıq yeni başlayan sabah, gənclik isə itib gedən ay kimidir.
  • Qoynunda yaşadığın şəhər sənə ən layiq olan şəhərdir. Şəhərlərin xeyirlisi güzəranını keçirə bildiyin yerdir.

M

  • Malı az olan kimsə öz vilayətində qəribdir, heç kəs onu tanımaz.
  • Mən elə doğulduğum gün öldüm.
  • Mənim bilmədiklərimi ayağımın altına yığsalar başım ərşə dayanar.
  • Məsləhət və məşvərət etmək (doğru) yol tapmağın gözüdür. Öz rəyi və fikri ilə kifayətlənən şəxs özünü təhlükəyə atmışdır.
  • Möhkəm dağları yerindən qoparmaq bir-birinə nifrət edən qəlbləri bir-birinə bağlamaqdan daha asandır.[6]
  • Möminin şükrü əməlində görünər. Münafiqin şükrü isə dilindədir.

N

  • Nadan adamın xoşbəxtliyi zibillikdə olan bağ-bağça kimidir.
  • Nadan zahirən diri də olsa, ölüdür.
  • Nadanlıqdan betər dərd yoxdur.
  • Nadanlığın zirvəsi insanın öz nadanlığı ilə fəxr etməsidir.
  • Namus gözəlliyin sədəqəsidir.
  • Nikbin olmayan şəxs hamıdan qaçar və tənha qalar.

O

  • Oğlu Həsənə buyurmuşdur:
Əziz oğlum, məndən dörd şey öyrən, işlədiyin zaman sənə zərər verməyəcək dörd şeyi də ağlında tut: Zənginliyin ən üstünü ağıldır; yoxsulluğun ən böyüyü axmaqlıqdır. Qorxulu şeylərin ən qorxulusu özünü bəyənməkdir; nəslin-kökün ən ucası gözəl xasiyyətdir. Əziz oğlum, axmaqla dost olmaqdan çəkin; o sənə fayda vermək istərkən zərər yetirər. Xəsislə dost olmaqdan çəkin; ona ən çox möhtac olduğun zaman köməyinə gəlməz. Pislik edənlə dost olmaqdan çəkin; o səni çox ucuz bir şeyə satar. Yalançı ilə dost olmaqdan çəkin; çünki o, ilğıma bənzər; sənə uzağı yaxın göstərər, yaxını isə səndən uzaqlaşdırar.
  • Orucu, gecələr etdiyi ibadəti Allah tərəfindən qəbul olunmuş şəxs üçün bayramdır. Hansı gün Allaha üsyan edilməzsə, o gün bayram sayılır.

Ö

  • Övladlarınızı dövrünüz üçün deyil, onların dövrü üçün yetişdirin.
  • Öz rəyinlə hərəkət etmə; öz rəyinə uyan məhv olar.
  • Öz qədrini bilən hər bir kimsəyə ölüm qorxulu deyil.

P

  • Paxıl adamın rahatlığı olmaz.
  • Paxıl adamla dostluq etməkdən uzaq ol. Çünki paxıl şəxs möhtac olduğun şeyi səndən əsirgəyər.
  • Paxıllıq ruhun zindanıdır.

S

  • Sağlamlıq nemətlərin ən yaxşısıdır.
  • Sanki ölüm bizim üçün yox, başqaları üçün yazılmışdır. Sanki gördüyümüz bu ölülər elə bir yerə gedirlər ki, tezliklə dönüb qayıdacaqlar. Onları qəbirlərə qoyuruq; miraslarını yeyirik. Bütün öyüdləri unutmuşuq, hər bir bəlanı arxaya atmışıq. Bizi kökümüzdən qoparacaq bəlalara göz yummuşuq. Xoş o şəxsin halına ki, təkəbbürdən uzaqdır, qazancını tər-təmiz bir hala gətirmişdir, xasiyyətini gözəlləşdirmişdir, var-dövlətinin artığını yoxsullara paylamışdır, bihudə sözlər danışmaqdan uzaqdır, şərini insanlardan uzaqlaşdırır; sünnət ona ağır gəlmir, bidətə mənsub deyildir.
  • Savaşda birisini savaşmağa çağırma; fəqət səni çağıran olsa get; çünki savaşa çağıran asidir, asininsə ölməsi gərəkdir. Üzün suyu (abır) donmuş vəziyyətdədir. Ancaq bir şey istəyən kimi əriyər və damla-damla süzülər. Üzünün suyunu kimə tökdüyünə diqqət et.
  • Səxavət-istənilmədən ehsan etməkdir. Istəniləndən sonra edilən ehsan isə utanqaclıqdandır və çox pisdir.
  • Sənə pislik edənə özünü ona sevdirməyin qədər böyük bir cəza verə bilməzsən.
  • Sənət tükənməyən xəzinədir.
  • Sirr saxlamaq iradə imtahanıdır. imtahandan keçməyən həyatda heç bir imtahandan keçə bilməz.
  • Simicliklə ehsan bir yerə sığmaz. Yəni paxıl kimsə ehsan edə bilməz.
  • Sizə beş şeyi vəsiyyət edirəm: Heç biriniz Rəbbinizdən başqa bir kimsədən şey ummasın; Günahınızdan başqa bir şeydən qorxmayın, “bilmirəm” deməkdən utanmayın; bilmədiyiniz bir şeyi öyrənməkdən çəkinməyin. Səbr edin, çünki səbr imanla müqayisədə bədəndəki baş kimidir. Başı olmayan bədəndə xeyir yoxdur. Səbr tükəndikdə isə imandan xeyir gəlməz.
  • Sizi İslama elə bir nisbətlə mənsub sayıram ki, məndən əvvəl heç kəs belə nisbəti söyləməmişdir: İslam təslim olmaqdır; təslim olmaq yəqinlikdir; yəqin gerçəkləməkdir; gerçəkləmək iqrar etmək əmrə tabe olmaqdır; əmrə tabe olmaq o əmrləri yerinə yetirməkdir.
  • Sözlərin ən pisi yalandır.
  • Söyləyənə baxma, söylədiyinə bax.
  • “Söz dərman kimidir, azı xeyirli, çoxu zərərlidir”.

Ş

  • Şərafət elm və ədəbdədir, əsl-nəcabətlə deyil.

T

  • Tamah səni qul etməsin. Allah səni azad yaradıb.
  • Tamah olan başda ağıl olmaz.
  • Tamahkarlıq əbədi köləlikdir.
  • Tamahkar adam haramdan əl çəkməz.
  • Tamahkar adam yaramaz olar.
  • Təkəbbürlü adamı heç kəs tərif etməz.
  • Töhmətlənəcək yerə gedən şəxs, onun barəsində pis zənnə düşənləri qınamasın.

U

  • Unudansansa iki şeyi unut: kiməsə etdiyin yaxşılığı, kiminsə sənə etdiyi pisliyi.

Y

  • Yalan olan yerdə məhəbbət olmaz.
  • Yalançı şəxsin rəhm və mürvəti olmaz.
  • Yaxşılığı əmr et, pisliyi nəhy elə.
  • Yeniyetmənin qəlbi, səpilən hər bir şeyi qəbul edən boş yer kimidir. Buna görə də mən sənin qəlbin bərkiməmiş və zehnin (başqa şeylərlə) məşğul olmamış səni tərbiyə etməyə başladım.[7]
  • Yəqin ilə yatmaq, şübhə ilə namaz qılmaqdan xeyirlidir.

Z

  • Zalım şəxsin üç əlaməti vardır; günaha batıb özündən üstünə zülm edər; özü hakim olduqda özündən aşağıya zülm edər; zülmkara kömək göstərərək zülm edər.
  • Zənginlik qürbətdə vətəndir, yoxsulluq vətəndə qürbət. Dostları itirmək qürbətə düşməkdir.

Mənbə

  • Xəzinə. Bakı,1997.

Vikipediyada Əli haqqında məqalə var.

İstinadlar

  1. Əraf surəsi, 99
  2. Yusif surəsi, 87
  3. Şeyx Razi, "Nəhcül Bəlağə, hikmət 377
  4. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı,2014
  5. Fərrux Rüstəmov. Azərbaycan pedaqogikaşünaslığı. Bakı: Elm və təhsil, 2016. - səh. 169.
  6. Əllamə Məclisi, "Biharul Ənvar", c. 78, səh. 11, hədis 70
  7. İbn Əbil Hədid, "Şərhi NəhcülBəlağə", c. 16, səh. 66