Məzmuna keç

Əmin ər-Reyhani

Əmin ər-Reyhani
Doğum tarixi 24 noyabr 1876
Doğum yeri Freike
Vəfat tarixi 13 sentyabr 1940
Vəfat yeri Freike
Vikipediya məqaləsi

Əmin ər-Reyhani (24 noyabr 1876, Osmanlı Suriyası – 13 sentyabr 1940) — Livan yazıçısı.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Azad yazıçı – öz araşdırmalarının və bilgilərinin bəhrəsini təqdim edən alimdir. O, ədəbiyyatın şərəfini və elmin qüdrətini qorumaqla yanaşı, hər işdə xalqına xeyir gətirir. O, sadə xalqın eşitmək istədiklərinə, yaxud hakimiyyətdə olanların şəxsi zövqlərinə və gözləntilərinə daban-dabana zidd olsa belə, öz sözünü deyir. Gələcək üçün yazanlar qiymətini indiki dövrdə alır, indiki dövr üçün yazanlar isə gələcəkdə xatırlanmayacaqlar.
  • Biz əbəs yerə bu gün qədim vəhy yerlərinə sığınır, onun zəif və cılız işığı ilə qızınır, uzaq günəşilə nurlanırıq. Hər dövrün öz kitabı, hər kitabın da öz dövrü var, xüsusilə azad insan, ailə, vətən, fikri və iradi mücadiləyə dair kitablar. Bu günün kitabına gəlincə, o, elm kitabıdır.
  • Biz nə Şərq, nə də Qərbik. Bizim sinəmizdə sərhədlər yoxdur. Biz azadıq: nə aypara, nə də xaçı arzu edirik. Nə Budda, nə də Məsihə yalvarır, nə müsəlman, nə də yəhudiyə nifrət edirik. Biz azadıq!
  • Bütün ömrünü başqalarının yaratdıqlarına fəda etmiş tənqidçi, əslində, yazıçılıq qabiliyyəti olmayan yazıçıdır.
  • Dini dözümlülük bizim məzhəbimizə zidd olan məzhəblərə qulluq edən həmcinslərimizə münasibətdə göstərməli olduğumuz ehtiram və diqqətdir. Dözümlülük tək dində yox, insan ağlına gələ biləcək və böyüklü-kiçikli (hər kəsin) gördüyü işlərdə arzu edilən bir keyfiyyətdir: biz başqa qapını döymədən həmin bu qapıdan içəri daxil ola bilmərik…
  • Ey dünyanın sahibləri, günah işlətməkdə və düşmənçilik etməkdə dərinə getməyin! Dünya və onun keçici nemətləri yolunda özünüzü ölümə məhkum etməyin! Bəsdir törətdiyiniz istibad və zülm, qəddarlıq və zorakılıq, riya və xəbislik! Ədalətli olun!.. Ölkənizi ədalətlə möhkəmlədin, onun üzərindən zülm əlini çəkin!
  • Ədəbi naminə öz səadətini qurban verən ziyalı, vətəni yolunda mənsəbindən keçən siyasətçi, həqiqət uğrunda həyatını fəda edən alim kafir hesab olunsalar da, möminlik baxımından insanlar və din sahibləri arasında ən imanlı kimsələrdir. Çünki onların imanı Allaha, insan nəfsində gizli olan ilahi, həyati və məsum gücədir
  • Hansı daha dəhşətlidir – əldəqayırma vətəpərvərin və ya qonaqpərvər əcnəbinin iştirakçısı olduğu faciə və ya komediya? Siz nə istəyirsiniz – konstitusiyalı hökumət, məhdud idarəçilik və ya parlament? Arzu etdikləriniz elə bunlardır?! Ey şərqlilər, onların hamısı (əldəqayırma vətəpərvər və ya qonaqpərvər əcnəbi – tərc.) hökuməti, konstitusiya və parlamenti məhdudlaşdırır və bunu guya sizin mənfəətiniz üçün etdiklərini bəyan edirlər. Bu, azad Avropa siyasətinin istiqlaliyyət və azadlıq arzusunda olan Şərqə bəxş etdiyi hədiyyədir. Bu, sadəcə köhnə yeni Şərqi ovunduran bir təsəllidir.
  • İki cür yazıçı var: yaşamaq üçün yazanlar və yazmaq üçün yaşayanlar. Yaşamaq üçün yazanlar yaşayır, amma yazmır, yazmaq üçün yaşayanlar isə yazır, amma yaşamır.
  • İnsan fikrin gücü ilə təbiət qüvvələrinə qalib gələ bilər və fikrin gücündən də üstün bir gücü – sevginin gücünü tapa bilər.
  • İnsan nə kahin, nə əmir, nə də ki sultan kimi dünyaya gəlmiş, nə xrtistian, nə müsəlman, nə buddist, nə də ki məcusi kimi doğulmuşdur. İnsanları kölə edən şəriət qanunları, firqələrə ayıran dinlərdir. Bir insanın digərindən üstünlüyü yalnız ağlı, xilqəti, ədəbi və əxlaqı ilə mümkündür. Hər birimizə xaliqdən bir ləqəb verilib: o, əmir və sultanların titullarından daha şərəflidir. Bu, "insan" fəxri adıdır.
  • İnsanları ərazi baxımından kiçik, ədalət sarıdan böyük, silah-sursat etibarilə məhdud olan bir dövlətin (qurulması) ilə müjdələdilər: şəfəqin hamilə qaldığı, işığın dünyaya gətirdiyi, elm daşı üzərində tərbiyə alaraq böyüyən, əxlaq və dinin döşündən əmən bir dövlət. O, gələcəkdir; hər bir gələcək isə yaxındır. Əmr vermək və söz demək haqqı vətəndaşlarda olan təbii və coğrafi bir dövlət! Bu, ruhani və mənəvi bir dövlətdir: haqq və ədalətdən başqa tamahı, qardaşlıq, əmin-amanlıq və sülhdən savayı idarəçilik istəyi yoxdur. Onun hakimləri hikmət, fəlsəfə və sənət sahibləri, şüarı isə "hökumət xalq üçün, xalq isə hökumət üçündür!
  • İntibahın ən ümdə səbəblərindən biri xalqın keçmişinə yalan və mübaliğədən, mənfəət və ehtiraslardan, şəxsi məqsəd və istəklərdən uzaq, tarix və mədəniyyəti ehtiva edən (yalansız doğru bir elmlə bələd olmaqdır. Elə bir elm ki, keşmişdə qüsurlu olduğunu görüb ondan çəkinək, ətalətə sürüklədiyini görüb imtina edək, cəhalət saçdığını görüb düzəltməyə çalışaq… Ali nümunələr, əlverişli həyat tərzi, milli sivilizasiya, bəşəri intibah və tərəqqi gördükdə onunla təmsil olunaq, millətin ləyaqət və əzəmətinin qurucuları, xalq və bizim xeyrimiz üçün çalışan qabaqcıllarının izi ilə gedək.
  • Qardaşlıq ruhu öz şüarı altında müsəlman, xristian, druzd, livanlı, suriyalı, iraqlı və fələstinlini birləşdirir. Əgər bizim ilahımız, dinimiz, dağlarımız, səhralarımız, vadilərimiz eynidirsə, eyni siyasi çəkişmələrin məngənəsində sıxılırıqsa, məgər istəməzsiniz ki, vətənimiz də eyni olsun, insanlar məzhəblərinə və dinlərinə görə ayrılmasın?
  • Məgər insan bu dünyada millətçilik ab-havasına meyil etmədən, ruhunu dini təriqətçilik rənginə boyamadan yaşamaq iqtidarında deyil? Bəşər qardaşını onun dini inancına iftira yaxmadan, şiə damğası vurmadan, öz təəssübkeşliyi ilə öyünmədən, özünün dini və yaxud siyasi səylərini şişirtmədən qəbul edə bilməz?
  • Məgər ruhunuzu oxşayan bu ud həmin o ağac deyilmi ki, əvvəlcə bıçaqla oyulub?!
  • Mən dini və qəbilələrarası ədavətin yox olduğu, universal əbədi məhəbbət çiçəklərinin cücərdiyi bir zirvədəyəm. Elə bir zirvə ki, burada bəşəri mənfəət toxumları yetişir, gizli nifrət və ədavət yox olur, yerin hər tərəfində – şərqində və qərbində millətlər arasında olan düşmənçiliklər sona yetir.
  • Mən dinin siyasətdən ayrılmasına tərəfdaram, çünki yaxşı dərk edirəm ki, millətlərin birləşməsi qarşısında duran ən böyük əngəl dini durğunluq və yolundan sapmadır.
  • Mən ibadət tələb etmirəm, həmdlərində ifrata varmalarını istəmirəm. Heykəl və ibadətgahları bəşər ruhunun inkişafını ləngidən buxov kimi görürəm. İnsanın təkamül və səadəti onun elmində və azadlığındadır. Mən ondan həm çalışarkən, həm də elmə yiyələnərkən kamil və ikili həqiqətdən çıxış etməsini təvəqqe edirəm. Mənim ondan istəyim budur. Allah da ondan bunu istəyir.
  • Mən qurub-yaradan, əl tutan və himayə edənəm! Mən ağanın və nökərin qardaşıyam!.. Mən cani və qanunvericiyəm!.. Mən fatihəm, ibadətgaham!.
  • Mənim azadlığım Tanrıdandır. Əgər itirdimsə, yalnız mən məsuliyyət daşıyıram.
  • Mənim düşmənim xürafat və ətalət dünyasıdır. Mən insanın nəfsini və millətlərin ruhunu sarımış o süstlüyü silkələdərək yerindən oynatmalıyam. Əgər rəzillik və fəsadın bütün səbəbləri aradan qalxarsa, (o zaman mən işimdə qətiyyətli və uğurlu olacağam… Mənim hədəfim onu oyatmaq, təşviq və təhrik etmək, şirnikləşdirməkdir.
  • Mənim fikir dünyam genişdir, arzularım isə daha genişdir.
  • …Onları kim düzəldəcək, kim doğru yola gətirəcək? Mən Monteskyönün dediklərini təkrarlamamaq istəmirəm. O söyləmişdir ki, hökumət qanuna xidmət etməlidir. Yalnız bu təqdirdə xalqı böyüklü-kiçikli hər şeyi geri dönməz qəzavü-qədərə bağlayan dini yuxudan, yalan və uydurma dini etiqadlardan oyatmaq mümkün olacaqdır. Qanun xürafat ağacını kökündən qoparmaqda acizdir, çünki onun zəhərli məhsulları ilə ticarət edən mənfəət sahibləri çoxdur.
  • Peyğəmbər və Allahın elçiləri dinlə bağlı olan bütün məsələlərdə həmfikirdirlər. Budda, İsa, Məhəmməd, Zərdüşt arasında – qismən və ya əsaslı – heç bir qarşıdurma və ziddiyyət yoxdur. Əgər biz tövhid dinə uyğun gələnləri əxz edib ruhumuzla Allaha – məhəbbət, gözəllik, rəhmdillik və firavanlıq mənbəyi olan ali başlanğıca doğru yüksəlsək, (o zaman) ədavət və məşəqqətə gətirib çıxaran ixtilaflardan uzaq olarıq.
  • Sülhsevərlərin azadlığı hikmətlə birgə qəlblərində yaşayır və səssiz fəaliyyət göstərir. Onların özləri də azadlıqları kimi millətin, xalqın könlündə sakit və asudə yaşayırlar. Nəcib və şərəfli nəfslərinin ətri və gözəlliyi millətin digər qollarına da yayılaraq (hər bir üzvünə sirayət edir). Onların azadlığı mənəvidir, çünkü o, nəfsdən tamah, saxta şücaət, şəhvət və ehtiras buxovlarını kökündən qoparıb çıxarır… Xalqın maarifləndirilməsi, təlimi, hüquq və vəzifələrinin öyrədilməsi müstəbidlərin hakimiyyətini zəiflədərək onu tədricən məhv edir.
  • Təkamül boyu inkişaf edən millət daim bu ikisinin arasında tərəqqi edən, əbədi olaraq hər ikisinin nuru ilə nurlanan millətdir; mülkiyyət və kəmiyyət etibarilə kiçik olsa belə, o, qüdrətli qövmdür.
  • Tolerantlıq cinayətin təkrarlanmaması üçün çox vacibdir. O, əsrin ruhu, mədəniyyətin kiçicik irsindən bir sərvətdir. Sağlam düşüncəli hər bir kəs araşdırmadan, müqayisə aparmadan, prinsipləri ilə ziddiyyət təşkil edən və mübahisə doğuran məsələlərin bütün təfərrüatlarını dərk etmədən qərar qəbul etmir. Əgər uzun araşdırmalardan sonra o, əminliyə nail olarsa, onun inancı başqalarınkına saymazyana yanaşmağa imkan verməyəcəkdir.
  • Yox, qardaş, doğru və geniş həyat yolunda addımla və onun çoxsaylı cığırlarını bələdçilərə burax! Ticarət nişanələrindən əl çək! Başının üzərindən sektanlıq şüarlarını götür! Qəlbinin səhifələrindən babalarının yazdığı təəssüb və həsəd kəlmələrini sil! Ruhunun lövhəsini təmizlə, dostum, yaxşı təmizlə! Onun üzərində yazan tək katib sən ol! Lövhəyə sonluğu gözəl olan "azadlıq", "həqiqət", "məhəbbət" və "gözəllik" sözlərini yaz! Pak və sadə bir insan ol və bütün bəşəriyyət üçün çalış!
  • Zülməti dəf etmək onu məzəmmət etmək və yaxud şikayətlənməklə deyil, ətrafımızda gördüyümüz əzəli və əbədi nuru daha da artırmaq məqsədilə şücaət və imana söykənərək davamlı cəhd etməkdədir: bizdən uzaq olsa da, zəif saçsa da, bəzən həyatın naqisliklərində və keçilməz cığırlarında gizlənsə də…

İstinadlar

[redaktə]