İsmayıl Şıxlı

İsmayıl Şıxlı
Doğum tarixi 22 mart 1919
Doğum yeri İkinci Şıxlı
Vəfat tarixi 26 iyul 1995
Vəfat yeri Bakı
Dəfn yeri Fəxri Xiyaban
Vikipediya məqaləsi

İsmayıl Qəhrəman oğlu Şıxlı (22 mart 1919, İkinci Şıxlı, Gəncə quberniyası – 26 iyul 1995, Bakı) — Azərbaycanlı nasir, ədəbiyyatşünas, publisist, yazıçı, pedaqoq, ssenarist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1949), Azərbaycan SSR xalq yazıçısı (1984), Azərbaycan SSR komsomolu mükafatı laureatı (1976), filologiya elmləri namizədi (1954), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1986, 1990), Azərbaycan Yazıçılar İttifaqının sədri (1986–1987), Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının sədri (1991), M. F. Axundov adına ədəbi mükafat laureatı (1991).



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

  • Allah bizi, Azərbaycan torpağını, Azərbaycan xalqını sapı özümüzdən olan baltalardan qorusun. Mən siması bəlli olan düşmənlərin heç birindən qorxmuram. Hər cür zülmün, hər cür ədalətsizliyin əvvəl-axır sona yetəcəyinə inanıram. Lakin özümüzkülərdən – "sapı özümüzdən olan baltalardan yaman qorxuram".
  • Aşıqlarımızın əsrlər boyu yaratmış olduğu dastanları, qoşmaları, nağılları, bayatıları diqqətlə nəzərdən keçirsək, burada xalqımızın tarixini görərik. Bizim xalq bəzən Kərəmin dili ilə ağlayıb, öz qəm və kədərini izhar edib, bəzən isə Koroğlunun dili ilə nərə çəkib meydana atılmış, yağı düşmənləri qılıncdan keçirmişdir. Biz nağıl və dastanlarda xalq yumoruna, onun şənliyinə, iztirab və həsrətinə, qəzəb və nifrətinə, gələcəyə ümid bəsləyən nikbin əhval və ruhiyyəsinə rast gəlirik.

B[redaktə]

  • Biz Səməd Vurğunun qüdrətli poetik istedadına məftunuq. Səməd Vuröun klassik poeziyamızın, dünya ədəbiyyatının bütün gözəl xüsusiyyətlərini özündə birləşdirən, xüsusən öz xalq sənətinin füsunkar incəliklərini mənimsəyi, ondan bir novator kimi istifadə edən, nadir fitri bir istedaddır. Səməd Vurğun öz poeziyasında xalq dilinin sadəliyi ilə onun poetik qüdrətini birləşdirmişdir.
  • Bizim də Kürümüz var: ana Kürümüz, dəli Kürümüz. Kür dünya xəritəsində balacadır, çox balaca, nazik sap kimi. Onu yuxarıda adını çəkdiyimiz çaylarla müqayisə etmək olmaz. Onlar iridir, böyükdür, suyu da boldur. Amma Kürdə Kürdür. Öz şıltaqlığı ilə, dəliliyi ilə, sahillərindəki meşələri ilə, suvardığı torpaqları ilə, Azərbaycanı başdan-başa keçib, çölləri, düzləri bərəkətləşdirməsi ilə, parçalanmış torpağımızın sərhədlərini yalaya-yalaya gəlib Muğana çıxan Arazı qucaqlaması ilə bizə əzizdir. Kür Azərbaycanın mavi fəqərə sütunudur, dağlarımızdan baş alıb gələn balaca çaylarımızı özünə bitişdirən qollu budaqlı fəqərə sütunu. Biz onu qorumalıyıq, göz bəbəyimiz kimi saxlamalıyıq.

F[redaktə]

  • "Faust" əsəri insan qüdrətinin, insan zəkasının və nəhayət, dünyanı dəyişdirib gözəlləşdirən insan əməyinin poetik inikasıdır.

H[redaktə]

  • Heç bir ağac çürüməz, içindən öz kökünə balta vuran xainlər, satqınlar olmasa, heç bir ölkə dağılmaz, nadanlar ona rəhbərlik etməsə! Heç bir xalq basılmaz, özünün qan soran zəliləri onu taqətdən salmasa! Adam sarsılmaya bilmir. Belə ağ yalan, saxtakarlıq, simasızlıq və şərəfsizlik, yaltaqlıq mühitində insan az qalır öz xalqına da nifrət edə. Tapınmağa müqəddəs bir yer, qüvvə axtarırsan əlin boşa çıxır. Bircə əlacın ona qalır ki, əlini göyə qaldırıb: Alah belə xalqa da, onun baş bilənlərinə də ağıl versin, deyəsən.

İ[redaktə]

  • İmran (İmran Qasımov) həmişə axtarış aparan sənətkardır. Mən bu cözü təkcə onun bədii söz vasitələri, ya da mövzu axtarması ilə məhdudlaşdırmaq istəmirəm. Çünki bu sahədə onun kifayət qədər təcrübəsi var. İmranın axtarışları xalqımızın tarıxı, onun mətanətli insanları ilə bağlıdır. Dünyanın ən ucqar kuşəsindən bir azərbaycanlı balasından yaxşı soraq gəlirsə, İmran bir yazıçı və vətəndaş kimi dərhal onunla maraqlanır, onun haqqında axtarış aparır… Bu mənada "Uzaq sahillərdə" əsəri Mehdi Hüseynzadənin ədəbi heykəlidir.
  • İnsanın paklığına və nəcibliyinə inanan və bütün yaradıcılığı boyu onu tərənnüm edən Səməd Vurğun Aygünün simasında Azərbaycan qadınlarının məsum, fədakar, genişürəkli, sevməyi bacardığı kimi, bağışlamağı da bacaran, eşqinə və əhdinə axıra qədər vəfalı olan ölməz surətini yaratmışdır. Bu qadın paklıq və ismət mücəssəməsidir.

Q[redaktə]

  • Qanadı çıxan qarışqa elə bilir ki, uçmaq səadətinə nəsib olmuşdur. Amma başa düşmür ki, qanad çıxartmaq qocalığa, ölümün yaxınlaşmasına işarədir. İndi insanlıq da bu vəziyyətdədir. Təbiəti korlamışıq, qəribə görünsə də hər şey bizdən qayğı və kömək gözləyir. Meşələr, axan çaylar, dənizlər, yaşıl çəmənlər, şır-şır bulaqlar, başı dumanlı dağlar qayğıya möhtacdır. Zəhərdən qaçan quşlar, güllələrdən qırılan ceyranlar, dənizdəki balıqlar insanlardan imdad və kömək diləyir. Bu dəhşətləri törədən insanlar özləri də aman diləyir. Kimlərdən? Bir-birlərindən.

M[redaktə]

  • Mehdi Hüseyn bütün varlığı ilə müasirliyə bağlı olan, həyat hadisələrinə daim müdaxilə edən, böyük fikir və amal uğrunda vuruşan, həmişə nəhəng ehtiraslı, mürəkkəb səciyyəli, yenilməz müsbət insan surəti yaratmağa şalışan sənətkarlardandır. Onun bütün yaradıcılığı xalqına, vətənini bu gününə və gələcəyinə bağlı olmuşdur. Mehdi Hüseyn keşmişdən yazanda da bu günü düşünmüşdür… M. Hüseyn yaradıcılığının son anına qədər müsbət amal və ideya uğrunda vuruşan, ən ağır vəziyyətlərdə belə sarsılmayan, mətanət və mərdlik rəmzi olan iradəli insanları əsərlərinə qəhrəman seçmişdir. Onun bu qəhrəmanları insanların səadəti və xoşbəxtliyi üçün özlərini məşəl kimi yandırırlar.
  • Məlumdur ki, dil yazıçı qüdrətinin məhək daşıdır. Dil-səciyyələri açmaqda yazıçıya kömək edən ən yaxşı vasitədir. Dil- sadəcə cümlə üzvlərinin qrammatik qayda-qanunlar əsasında düzülüşü demək deyil, dil-yazıçı üçün ehtirasları toqquşduran, surətin daxili varlığı ilə intellektual aləmini aşkara çıxaran bir vasitədir. Dil yazışı üşün hər şeydir.
  • Məmməd Araz, çox təəssüf ki, ədəbiyyatımızda moda dalınca qaçanlar, oxucuların alqışlarını qazanmaq üçün dəbdə olan mövzu axtaranlar, hardasa cəsarət göstərmək, qəhrəman olmaq xatirinə hay-küy salanlarımız yoxdur. Amma sənin bir sənətkar kimi qibtə ediləcək cəhətlərindən biri odur ki, yanmasan yaza bilmirsən. Ona görə də oxucular sənin bütün şeirlərinin səmimiyyətlə qarşılayırlar. Sənin bir sənətkar kimi üstünlüyün odur ki, sənə inanırlar, səni dinləyirlər, sənin yeni şeirlərini gözləyirlər. Zənnimcə oxucuların qəlbində özünə inam və etibar qazanan sənətkardan xoşbəxt adam ola bilməz. Bu etibar və inamın nəticəsidir ki, onlar səni öz narahatlıqlarının, düşüncələrinin, kədər və sevinclərinin tərcümanı hesab edirlər.
  • Mixail Şoloxovun yaradıcılıq sirlərindən biri də öz qəhrəmanlarının tərcümeyi-halını bütöv bir xalqın, bəlkə də epoxanın tarixinə çevirə bilməsidir. Onun ən böyük epopeyası "Sakit Don" bu cür yazılmışdır.
  • Müəllimliyə sadəcə savad öyrədən bir sənət kimi baxmaq ən azı bu sənətin mahiyyətini anlamamaqdan başqa bir şey deyil. Müəllimlik çox müqəddəs, ülvi və çətin bir sənətdir. Bu elə bir sənətdir ki, cəmiyyət ona hələ dünyagörüşü, həyat anlayışı formalaşmayan, pak, təmizbir nəslin, öz gələcəyinin tərbiyəsini tapşırır. Bu gənc nəslin necə insan, vətəndaş olması müəllimdən asılıdır.

S[redaktə]

  • Sevindirici haldır ki, son iyirmi, otuz ildə nəsrimiz və ümumən ədəbiyyatımız xalqın tarixinə, milli xarakter və psixologiyasına, idraki və fəlsəfi anlayışlarına münasibətdə vulqar sosiolojizm qalıqlarından uzaqlaşır. Sinfi xarakterlərin özü də milli vəhdətdə götürülür. Fərman Kərimzadənin "Qarlı aşırım" romanının poetik qüdrəti məhz bu cəhətindədir. Abbasqulu ağa Şadlinski və Kərbəlayı İsmayıl üz-üzə dayanan sinfi düşmənlərdir. Tale onları qarşı-qarşıya dayanan səngərlərə atmışdır. Lakin hər ikisi təpədən dırnağa azərbaycanlıdır, milli xarakterdir. Sinfi mənafedən başqa onları idarə edən milli psixologiya var ki, bunları başqa millətlərin nümayəndələrində bu şəkildə tapmaq mümkün deyil. Mərdlik, kişilik, duz-çörək, haqq-salam təəccübü, qonağa əl qaldırmamaq, düşmənçilikdə də ağayanalıq: bax, budur adını çəkdiyim qəhrəmanları bizə sevdirən. Bax, budur Fərmanın poetik kəşfi. Abbasqulu ağanı da sevdirən, Kərbalayı İsmayılı da. Çünki onlar sırf milli xarakterlərdir, mənəvi kübarlardır.
  • Sənətkarın qüdrəti yalnız mövzu seçməkdə deyil, bu mövzunu necə işləməsi ilə təyin edilir. Həyat hadisələrini, insanları bilmək hələ yazıçı olmaq demək deyilYazıçı olmaq üçün bu həyat materiallarını bədii yüksəkliklərə qaldırmaq lazımdır. Bu isə sənətkarın gücünü təyin edir.

Ş[redaktə]

  • Şairlik fədakarlıqdır. Şair başqalarının yolunu işıqlandırmaq üşün özü yanıb kül olmalıdır. Laqeydlik və obıvatellik şairliklə bir araya sığışa bilməz. Şair xalqın vicdanıdır. Vicdan isə daim ədalət və haqq yolunda çarpışmalıdır. Şair daim pisi –pis, əyrini əyri, düzü həmvar yazmalı, bəzi "qarelərin gözünü bərəltməsindən" çəkinməməlidir.

T[redaktə]

  • Tarixsiz xalq yoxdur. Xalqı yaşadan amillərdən biri onun tarixidir. Tarixin özüdə qayğı tələb edir. Yaşamaq və bəşəriyyətin inkişafında öz mövqeyini müəyyənləşdirmək üçün xalq, hər millət öz tarixini bilməlidir. Biz öz tariximizi hələ yaxşı bilmirik. Yaşamaq, öz varlığını qorumaq və təsdiq etmək üçün tarixi bilmək əsas şərtlərdəndir. Tarix isə yalnız kitablarda yazılanlardan ibarət deyildir. Tarix eyni zamanda torpağımıza səpələnən abidələrdir.

Z[redaktə]

  • Ziyalılıq başqa şeydir, savadlılıq başqa. Ziyalı hər şeydən əvvəl mənəvi kübar olmalıdır. Bu kübarlıq onun zahiri əlamətləri ilə yox, mənəvi zənginliyi ilə şərtləşməlidir. Bu mənəvi zənginliyi isə mən ilk növbədə, onun yüksək amalında görürəm. Torpağa bağlılıq, xalqa bağlılıq, yüksək insani-bəşəri hisslərə maliklik, özünü sözdə yox, həqiqi mənada millətinin, xalqının zərrəsi hesab etmək, onunla birgə yaşamaq — ziyalının amalı olmalıdır. Və nəhayət həqiqi ziyalı özünü unutmağı, özünü fəda etməyi bacarmalıdır. Ədalət, vicdan, fədakarlıq, cəsarət, mənəvi cəngavərlik onun əsas keyfiyyəti olmalıdır. Belə olduqda xalq ona inanacaq, onun arxasınca gedəcək, onu özünə dayaq, başçı hesab edəcək.

İstinadlar[redaktə]