Avraam Linkoln
Wikiquote saytından
Avraam Linkoln (ing. Abraham Lincoln; 12 fevral 1809, Kentukki, ABŞ — 15 aprel 1865, Vaşinqton, ABŞ) — Amerika Birləşmiş Ştatlarının 16-cı prezidenti (1861-1865).
[redaktə] Nifaqın Böldüyü Yurd (1858)
Respublikaçılar Partiyasının Qurultayı, Sprinqfild, İllinoys. 16 iyun 1858
Cənab prezident və qurultay iştirakçıları!
Harada olduğumuzu və nə edəcəyimizi biliriksə, deməli, hansı işi necə görəcəyimiz də bizə bəllidir. Quldarlığa əl-qol açmağa imkan verməyən bir siyasətin beşinci ilini yaşayırıq. Ancaq, belə bir siyasətin gedişində məlum olur ki, sən demə, quldarlığın dairəsi nəinki daralıb, əksinə, daha da genişlənmək üzrədir. Fikrimcə, biz böhran həddinə çatmayınca və onu həll etməyincə bu genişlənmə davam edəcək. “Nifaqın böldüyü yurd çox yaşaya bilməz”. Belə hesab edirəm ki, yarısı kölə, yarısı azad olan bir məmləkət uzun müddət yaşamağa qadir deyil. Məncə, İttifaq dağılmayacaq. Məncə yurdumuz çökməyəcək və mən istərdim ki, evimizin çökməsi dayandırılsın. O, ya bütöv bir cür olmalıdır, ya da bütöv başqa cür! Ya quldarlığın qənimləri onun qabağına sədd çəkəcək və onu ancaq o yerlərdə saxlayacaq ki, orada o, ictimaiyyətin fikrincə, tədricən ölüb gedəcək, ya da quldarlıq tərəfdarları onun bütün ştatlarda, təzə-köhnə, cənub-şimal ştatlarında qanuniləşdirilməsinə nail olacaqlar. Əfsus ki, biz ikinci yolla gedirik.
Buna şübhə ilə yanaşanlar, qoy onu fikirləşsinlər ki, Nebraska doktrinası və eyni zamanda Dred Skottun məsələsi nəticəsində bizdə, demək olar ki, bitkin hüquqi kombinasiya, daha doğrusu müəyyən mexanizmin bir hissəsi əmələ gəlib. Qoy onlar bu mexanizmin nə üçün nəzərdə tutulduğunu deyil, həm də onun peyda olma tarixini düşünsünlər. Eyni zamanda, əgər bacarırlarsa, həmin mexanizmin yaranma prosesini, onu quraşdıran memarların o çağdan üzü bəri fəaliyyətini izləsinlər.
1854-cü ildə ştatların yarısından çoxunda onların konstitusiyalarına müvafiq olaraq quldarlıq qadağan olundu. Eyni zamanda, Konqresin qərarına uyğun olaraq, milli ərazinin əksər yerlərində quldarlığa yasaq qoyuldu. Ancaq ondan dörd gün sonra başlanan müqavimət Konqresin həmin yasağını ləğv etdi. Nəticədə milli ərazi demək olar ki, büsbütün quldarlığın üzünə açıldı. Bu birinci addım sayılmalıdır.
Nebraska ştatı üçün qanun layihəsi Konqresdən ötüşən əsnada, Missuri ştatının Bölgə Məhkəməsində azadlığa çıxmış bir zəncinin işinə baxılırdı. Hansı ki, sahibkar onu öz xoşuna quldarlıqdan azad ştatın ərazisinə gətirmiş, sonra da Konqresin qadağasına düşən əraziyə aparıb, uzun müddət orada onu qul kimi saxlamışdı; indicə dediyimiz məhkəmənin qərarı, elə Nebraska qanunu da 1854-cü ilin mayında qəbul olundu. Həmin zəncinin adı Dred Skott idi və bu ad həmin məhkəmə prosesi ilə birgə xatırlanır. O vaxtkı növbəti prezident seçkiləri ərəfəsində iş gedib Birləşmiş Ştatların Ali Məhkəməsinə qədər böyüdü, ancaq bununla bağlı qərar isə seçkilərdən sonraya saxlanıldı. Hər halda, seçkilərə az qalmış senator Trambul Nebraska qanununun bir müdafiəçisindən xahiş elədi ki, ayrı-ayrı ərazilərdə əhalinin konstitusion qayda üzrə, öz sərhədləri daxilində köləliyi ləğvetmə ixtiyarı barədə qoy öz fikrini Senatda söyləsin. Cavab qısa oldu: “Buna yalnız Ali Məhkəmə cavab verə bilər”.
Nəhayət, seçkilər gəlib çatdı. Cənab Byukenen qələbə qazandı və yuxarıda adları çəkilən qərarlar da həyata keçirildi. Bu artıq ikinci addım idi. Yadınızdadırmı, andiçmə məqamı gəlib yetişsə də, məhkəmənin qərarı hələ ortada yox idi; bununla belə gələcək prezident özünün andiçmə bəyanatında qəbul olunacaq qərarın necəliyindən asılı olmayaraq ona itaət göstərməyə çağırdı. Üstündən bir neçə gün keçəndən sonra isə məhkəmənin qərarı qüvvəyə mindi. Nebraska qanun layihəsinin möhtərəm müəllifi Dred Skottun işində Ali Məhkəmənin qərarını dəstəkləyən bir nitq söyləməyə imkan tapdı və bu qərarın bütün rəqiblərini kəskin şəkildə ittiham etdi. Təzə seçilən prezident də yaranan şəraitdən faydalanıb hansısa Sillimana yazdığı məktubda, həmin qərara haqq qazandırdı və bu barədə özgə bir rəyin mövcudluğuna hətta öz təəccübünü bildirdi.
Nəticədə, Lekompton Konstitusiyasının Kanzas əhalisi tərəfindən qəbul olunub-olunmaması üstündə prezidentlə Nebraska qanun layihəsinin müəllifi arasında inciklik yarandı. Bu dartışmada Stiven Duqlas deyirdi ki, ən vacibi insanlara bu məsələdə səsvermə hüququ verilsin, bundan sonra isə quldarlığın qalıb-qalmamağı onun üçün heç bir rol oynamır. Burdan aydın görünür ki, onun ərzi-halı, camaatın hüsnrəğbətini qazanmaqdan özgə məqsəd güdmür. Nebraska doktrinasının özülündən yalnız bu prinsip qalıb. Dred Skott barədə qərara rəğmən, “skvotter sərbəstliyi” artıq özünü tükəndirib, suya düşən kağız evcik kimidir. O seçkiləri udmağa kömək edəndən sonra, necə deyərlər, küləklə sovrulub gedib.
Stiven Duqlasın son vaxtlar respublikaçılarla birlikdə Lekompton Konstitusiyasına qarşı mübarizəsini Nebraska doktrinası ilə yaxınlaşdıra bilən heç nə yox idi. Əslində o mübarizə, xalqın öz konstitusiyasını yaratmaq hüququnu müdafiə edir və bu məsələdə Duqlasın respublikaçılarla həmrəyliyini göstərirdi.
Senator Duqlasın “mənim üçün fərqi yoxdur” siyasəti ilə Dred Skott məsələsindəki bəzi müddəaların əlaqəsi, irəliyə can atan mexanizmin hissəsidir. Üçüncü addım da elə bu oldu. Beləliklə, həmin mexanizmin başlıca ünsürləri bunlardır: Birincisi: Məhkəmənin hökmünə görə, Afrikadan qul sifətilə gətirilmiş, yaxud qul nəslindən olan hər hansı qaradərili kölə, heç bir vaxt Birləşmiş Ştatların Konstitusiyasında nəzərdə tutulan mənada hansısa Ştatın vətəndaşı sayıla bilməz. Bu bəndin qayəsi – “hər bir ştat vətəndaşının digər ştata məxsus imtiyaz və sərbəstliyə hüququ çatır”, – deyən Birləşmiş Ştatlar Konstitusiyasından zəncilərin əlini üzməkdir.
İkincisi: Məhkəmə qərar çıxardı ki, ”Birləşmiş Ştatlar Konstitusiyasına əsasən” nə Konqres, nə də heç bir ərazi qanunvericilik qurumunun Birləşmiş Ştatların hər hansı bölgəsində quldarlığı ləğv etməyə ixtiyarı yoxdur. Həmin bənd vətəndaşlara ərazidə istənilən miqdarda qul saxlamağa icazə verir, belə sahibkarlığın daha geniş yayılmasına şərait yaradırdı.
Üçüncüsü: Azad ştatın ərazisində saxlanan qulun sərbəstliyi barədə qərarı heç də Birləşmiş Ştatlardakı cəmi məhkəmələr deyil, sahibkar tərəfindən qulun gətirildiyi, özü də quldarlığın hökm sürdüyü ştatın məhkəməsi çıxarır. Həmin maddə təcili yerinə yetirilməyə də bilər, ancaq vaxtı çatanda xalqın seçkilərdəki göstərdiyi etimaddan sonra o müəyyən məntiqi nəticə ortaya qoymalıdır. Belə ki, azad İllinoys ştatında Dred Skottun sahibkarı onun başına qanuna müvafiq nə oyun gətirmişdisə, heç İllinoys olmasın, lap özgə bir azad ştatda, hər hansı digər quldar şəxs bir yox, minlərlə kölənin başına istədiyi oyunun min qatını gətirə bilər.
Bütün bunların səsinə səs verən Nebraska doktrinası yaxud da onun qalıqları, ən azı Şimalda elə bir ictimai rəy formalaşdırmağa çalışır ki, “səsvermə quldarlığı ləğv edəcək ya yox, bunun artıq əhəmiyyəti yoxdur”. Bütün bunlar birmənalı şəkildə bizim harada olduğumuzun və hara üz tutduğumuzun bariz göstəricisidir…
Bəs xalqın hüququnu aydınca büruzə verən düzəliş necə oldu ki, rədd edildi?
Artıq indi bəllidir ki, o vaxt səslənən hər hansı etiraz kəlməsi, seçkilərə təsir göstərə biləcək, “tamamilə azad” arqumentlərə xələl gətirə bilərdi. Bəs onda bir ayağı gedəri olan prezident Ali Məhkəmənin qərarını necə olub ki, bəyənib? O məqamda əlavə dəlil-sübutlar niyə bir qırağa qoyulub? Yeni prezident axı nə üçün həmin qərarı dəstəkləməyə çağırdı? Bu – ipə-sapa yatmayan, qızmış ata minməzdən əvvəl onu ehmalca tumarlamağa bənzəyir. Belə at öz miniyini yəhərdən tullaya da bilər. Prezident, eləcə də başqaları həmin qərara tərəfdar çıxmaqla, tələskənlik göstərmədilərmi?
Biz, əlbəttə, qəti şəkildə deyə bilmərik ki, bütün bu tədbirlərin hamısı, sən demə, əvvəlcədən tərtib olunmuş planın bir hissəsi imiş. Lakin biz görürük ki, budur, müxtəlif zaman və məkanlarda, tutaq ki, Stiven, Franklin, Rocer və Ceyms adlı müxtəlif fəhlələr tərəfindən yonulub bir-birinə pərçimlənmiş tirlər hazırlayıblar. Biz eyni zamanda görürük ki, qurulmuş vəziyyətdə bu tirlər evin, yaxud dəyirmanın karkasını təşkil edir, və bu karkasda bütün hissələr öz yerindədir, inşaatın ölçülərinə əməl olunub. Orda artıq, ya da əksik görükən hissələr yox dərəcəsində olsa da, gələcəkdə öz yerini tutmuş olacaq. Belə olan təqdirdə heç də inanmamağa haqqımız yoxdur ki, Stiven, Franklin, Rocer və Ceyms sözü ta əvvəldən bir yerə qoyublarmış və baltanın ilk zərbəsindən xeyli əvvəl düşünülmüş plan ya da bəyənilmiş layihə əsasında çalışıblarmış...
[redaktə] Gettisburq nitqi (1863)
Gettisburq, Pensilvaniya. 19 noyabr 1863
Səksən yeddi il öncə ulu babalarımız bu materikdə mayası Azadlıq şüarı ilə yoğrulmuş və bütün insanların bərabər yaranışı prinsipinə bağlanmış yeni milləti yaratmışlar.
İndi biz böyük Vətəndaş müharibəsi aparırıq. Bu müharibə belə bir sualı sınağa çəkir: mayası Azadlıqla yoğrulmuş və ona bağlanmış bu və ya başqa bir millətin ömrü uzun ola bilərmi? Biz bu müharibənin ən böyük döyüş meydanlarından birində toplaşmışıq. Biz bu millətin yaşaması üçün öz həyatlarını verənlərin son mənzil tapdıqları yeri, meydanın bir hissəsini nurlandırmaq üçün gəlmişik. Bu hərəkət bizə və ləyaqətimizə tam uyğundur.
Lakin daha geniş mənada bizim bu yeri öyməyə, nurlandırmağa, müqəddəsləşdirməyə ehtiyacımız yoxdur. Burada döyüşmüş mərd insanlar (dirilər və ölənlər) artıq onu nurlandırıblar. Həm də bunu bizim zəif gücümüzlə artıra və ya azalda biləcəyimizdən qat-qat artıq ediblər. Burada dediklərimizi dünya qismən eşidəcək və çox keçmədən unudacaqdır, lakin onların etdikləri heç vaxt yaddan çıxmayacaqdır. Bu, bizə - dirilərə lazımdır ki, özümüzü burada döyüşənlərin şərəflə gördükləri və hələ bitirmədikləri işə həsr edək. Özümüzü bu işə həsr etməyimiz ondan ötrü daha çox bizə lazımdır ki, xatirələrini hörmətlə yad etdiyimiz bu böyük insanlardan onların ən yüksək dərəcədə nümayiş etdirdikləri sədaqət dərsi götürək; onların öz həyatlarını boş yerə qurban vermədiklərini bir daha rəsmən bildirək; bu millət Allahın köməyi ilə azadlığın yenidən dirçəlməsinə nail olsun və xalq hakimiyyəti, xalq üçün və xalqın həyata keçirdiyi bir üsul yox olub yer üzündən silinməsin.