Məzmuna keç

Başına dönmək

Başına dönmək — "Dönmək” əvəzinə dolanmaq, çevrilmək də deyilir. Başqa sözlə: birinin uğurunda fəda olmaq, özünü qurban vermək, habelə: "qurban olmaq”, "ağrısını (bəlasını, qadasını) almaq” ifadələri də eyni mənada işlənir.

Tarixi

[redaktə]

İnsan çox-çox qədimlərdə hər hansı fəlakətdən xilas olduqda sədəqə verirdilər ki, bu sədəqə müvafiq şəxsin başı üzərində və ya ətrafında üç dəfə dolandırılırdı. Məsələn, pul sədəqəsini baş üzərində, heyvan sədəqəsini şəxsin ətrafında dolandırılır. Bu adətini izlərinə bədii ədəbiyyatda rast gəlirik.

"Dədə Qorqud” da deyilir ki, Qazan bəy oğlu Uruz bəyi dustaqlıqdan xilas etdikdən sonra "qırx otaq tikdirdi. Yeddi gün, yeddi gecə yemə-içmə oldu. Qırx evli qulla, qırx cariyə oğlu başına çevirdi, azad elədi ”. Deməli, vaxtilə azad edilən qullar şəxsin ətrafında dönür, dolanır, çevrilirdi. Bu adət daha bir sıra xalqlarda olmuşdur.

"Başına dolanım”, "qadan alım”, "qurban olum”, kimi ifadələr şamanların müalicə məqsədini güdən prosesini təmsil edirdi. Türküstan şamanlarının müalicə ayinlərini xatırlayaq. Şaman xəstəliyi xəstədən göyərçinə, yaxud toyuğa köçürərkən quşları üç dəfə xəstənin başına dolandırırdı. Ayinin birinci mərhələsi dilimizdə "başına dolanım” ifadəsinin yaranmasına səbəb olmuşdur. Bu ifadənin işlədən kəs müraciət etdiyi adamın başına dolanmağa hazır olduğunu bildirir. Bu, o deməkdir ki, o, müraciət etdiyi adamın bütün xəstəliklərini, dərd-sərini qəbul etməyə hazırdır.

İkinci "qadan alım ” ifadəsi həmin şaman ayinin ikinci prosesinə uyğun gəlir. Bu prosesdə şaman dualarını və ayini müşayiət edən musiqini təsiri altında xəstəlik (qada) insandan göyərçinə, yaxud toyuğa keçir. Bu, o, deməkdir ki, göyərçin, yaxud toyuq xəstənin qadasını alır, xəstəliyi öz canına qəbul edir. Bu ifadəni işlədən adam özünü həmin göyərçinin yerinə qoymuş olur.

Həmin ayinin sonuncu-üçüncü prosesində, göyərçin xəstənin qadasını alandan sonra kəsilir, yəni xəstənin qurbanı olur. Üçüncü "qurban olum” ifadəsi də bu ayinin sonuncu prosesini təmsil edir. Bu ifadəni işlədən adam öz əzizi uğrunda qurban getməyə-ölməyə hazır olduğunu bildirir.

Bu ifadələrin dilimizə keçməsi, dilimizin əzbəri olması bir daha haqqında danışdığımız Şərqi Türküstan şaman ayininin xalqımız arasında çox geniş yayıldığını göstərir.

"Başına dolanım”, "qadan alım”, "qurban olum” kimi ifadələrin əsasında "başına dolanır, ver” ifadəsi də yaranmışdır. Adamlar öz xəstəliklərindən və başqa ziyanlardan yaxa qurtarmaq üçün nəzir verməyi əhd edir. Onlar nəziri verərkən üç dəfə başlarına dolandırırlar ki, bu onların qurbanlığı olsun, onları (şaman ayinində olduğu kimi) xəstəlikdən, hər cür xata-baladan qorusun.

Mənbə

[redaktə]
  • Musa Adilov. Niyə belə deyirik. Bakı,1973