Məzmuna keç

Rahid Ulusel

Rahid Ulusel
Doğum tarixi 13 avqust 1954
Doğum yeri Masallı rayonu
Vikipediya məqaləsi

Rahid Ulusel (13 avqust 1954) — fəlsəfə elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin, AMEA Fəlsəfə İnstitutunun Dissertasiya Şurasının, Fəlsəfə Cəmiyyətlərinin Beynəlxalq Federasiyasının üzvü, Biokosmologiya Assosiasiyasının Yaxın Şərq üzrə vitse-prezidenti.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Adamlar kiçildikcə, hündürləşir aralarındakı divarlar.
  • Aforizm - mütəfəkkirin strategiyasıdır.
  • Aforizmlər - mədəniyyət cəbhəsində 300 spartalı tək döyüşür.
  • Axır ki... insanlar da quşlar və balıqlardan, ilanlar və bö­cəklərdən, sular və buludlardan... sonra sərhədsiz yaşamağı öyrənməlidir!
  • Alim dünya ilə danışır. Şair dünyanı danışdırır.
  • Antik dünyadan gələn ən məşum səs – qulların iniltisi və çığırtısıdır.
  • Aralarındakı körpüləri yandıranlar eyni uçuruma yuvarlanırlar.
  • Atılan, lakin dəyməyən güllələr sonrakı müharibələrə saxlanılır.
  • Azadlıq hissini itirənlər - sürü instinkti qazananlardır.
  • Azadlığın anatomiyası: İnsanlar öz həyatını dəyərləndirdikləri dərəcədə onun uğrunda mübarizə aparırlar.
  • Balaca Adolf Hitlerin fotosunu böyüdüb iş otağıma qoymuşam: necə də məsum bir çocuq! Onunla xüsusi məşğul olmaq lazımdır ki, böyüyəndə Fürer olmasın.
  • Baş – yaratdığı ideyadan işıqlanır, yaratdığı nüvədən – şüalanır.
  • Bəşəriyyət özünə qarşı iki böyük təhlükənin heç birindən qorxmasın: qlobal istiləşmə dünyanı su ilə dolduracaqsa da, nüvə silahları ilə onu buxarlandırıb qurutmaq olacaq.
  • Bəziləri tarixdə onun neqativinə düşməklə "əbədiləşir”.
  • Biganəliyimiz begemot tək əsnəyir.
  • Bir çox xalqlar yumruq olmaqdan şəhadət barmağı olmağa keçə bilməyib.
  • Bir yerdə öldürülən həqiqət min yerdən daha böyük qüvvətlə fışqırır.
  • Bütün artıqlarını atandan sonra nə qədər zəngin olduğunu görəcəksən.
  • Bütün təhlükələrə sinə gərərkən – təntənəsinə çatır Həqiqət!
  • Çağı görmək üçün gərək onun içindən piyada keçib, sərhədlərini adlayıb kənarında dayanasan.
  • Çoxları uzun illər ölü ruhunun meyitini sürüdür diri canında.
  • Çoxu diqqətlə qulaq asır - elə başa düşmədiyindən.
  • Dilucu salamlaşmalar - səthi münasibətlərin status-kvosudur.
  • Diplomatiya: hətta suyu da içəndə çeynəmək lazımdır.
  • Diplomatiya – siyasətin əlcəkli əli.
  • Diplomatın təbəssümü – qəlbin karikaturası.
  • Doğru sözü dolama deyən kəs təkcə manevr etmir, həm də psixoloji naturalizmin yeni modusunu təqdim edir.
  • Dünya daha çox onu "düzəltmək” istəyənlərin günahından "əyilib”.
  • Dünya – həqiqətin suyunu kəsənlərin yox, onu şehi ilə suvaranlarındır.
  • Dünya - sonuna çatmaq üçün deyil, yolu ilə getmək üçündür.
  • Dünyada ən çox istənilən də odur, ən çox tapdanılan da odur – Ədalət!
  • Dünyada o qədər absurd var ki, o olmayan yerə ayağını basanda boşluğa düşüb yıxılırsan.
  • Dünyagörüşlü və məsuliyyətli vətəndaşlar doğru siyasətin xeyirxah əlləridir.
  • Dünyanın ən dəqiq snayperi - həqiqət.
  • Dünyanın tarixi-siyasi xəritəsi – küpəgirən qarının üzündəki qırışlar kimi dəyişib səyrişir.
  • Dünyanın maddi nemətləri nə qədər çox olsa da, həmişə onun qıtlığını çəkənlər və içində üzənlər var.
  • Dünyaya öldüyün günün səhərinin gözü ilə bax! Nə görürsən, dostum?!
  • Düz qırmızı xəttə çatanda, arxada da, öndə də uçurum olduğunu görürsən.
  • Elitar mədəniyyət ən yüksək səviyyəsinə aforizmdə çatır.
  • Əbədiyyət: yaranışdan bəri sənə məxsus olan Anın Tarixi.
  • Ədalətsizliyi ədalətsiz yolla aradan qaldırmağa çalışmaq – onun daha dolaşıq kələfini ortaya atmaq deməkdir.
  • Əl-ayağına dolaşanları qırdıqca, daha çıxılmaz tələyə düşəcəksən.
  • Əsas funksiyadır: onu icra edən həmişə tapılır.
  • Əsas funksiyasında kim olub insan: Tarixin Əsgəri.
  • Əsgərlər əks cəbhələrdə döyüşsələr də, ortada ölürlər.
  • Gələcək - gəlmir, gətirilir.
  • Güc və Zor yağıdır: çünki biri – ədalətin, o biri – ədalətsizliyin silahıdır.
  • Hansı daha insaflıdır: əsgərin bədənini dəlib keçən, yoxsa orada ilişib qalan güllə?!
  • Haram - qudurdur, Halal - doyurur.
  • Hazırkı dünyanı idarə etməyin ən yararlı canlı qlobal aləti – "beynəlxalq kütlə”.
  • Həqiqət körpə uşaq kimidir - yıxıla-yıxıla böyüyür.
  • Həqiqətlər sərt şəkildə üz-üzə gələndə də toqquşub bir-birini sıradan çıxarmır, ustalıqla çevrilib yanaşı dayanır və birgə irəli baxırlar.
  • Həyat, gələcəyi keçmişindən böyük olanda irəliləyə bilir.
  • Hiyləgərlik vasitəsinə çevriləndə sözlər qarmaq şəklini alır.
  • Xalq gərək öz tarixindən görünsün – düzənlikdən görünən dağ kimi.
  • Xarabalıqlar – ölmüş şəhərlərin skeletləri...
  • Xəncər kimi iti pul. Onunla dil kəsmək olar.
  • Xırdalar balinanın qarnında da tanqo oynamağa macal tapırlar.
  • İblis və İnsan: onlar bir-birinin portretini çox dəqiq çəkiblər.
  • İctimai fikir – çoxluğun monoloqu.
  • İctimai rəyi onun fərdlərinə bölmək olsaydı, ortada heç nə qalmazdı.
  • İkiqütblü, yoxsa, ikibuynuzlu dünya?!
  • İndinin sol qolu - Keçmiş, sağ qolu - Gələcəkdir.
  • İnsan başından doğulur ki, yəni sən ayaqlarınla yox, başınla yeriyəcəksən.
  • İnsan heç dəyişmədiyindən, özünə tuşladığı silahları oxdan atomacan dəyişib modernləşir.
  • İnsan var ki, aldanmağı və özünü məharətlə aldadılmış kimi göstərməyi ona aldatmağı və aldatmağa məharətlə səy göstərməyi qədər ləzzət verir.
  • İnsan yalnız onda dayanır – ət yeyərkən sümüyə çatanda.
  • İnsan yalnız sındırılandan sonra məlum olur ki, o, şüşədən imiş.
  • İnsanın qarşısına divarlar, o - daş olmadığından çəkilir.
  • İnsanlar bəzən özlərindən böyük saydıqlarının dalınca birnəfəsə qaçanda əvvəlcə onların tozunda boğulur, sonra da təngnəfəs olub ayaqları altına yıxılırlar.
  • İnsanların əhliləşdirilməsi: bunu tarix boyu heyvanlar həyata keçirib.
  • İnsanlarla məsafə saxlamasan, onlarla doğmalaşa bilməzsən.
  • XXI əsr – yaşanılmış bütün əsrlərin kokteyli.
  • Keçmişdə insanlar həşəratlardan, indi isə həşəratları qıran kimyəvi dərmanlardan qırılırlar.
  • Keçmişinin ağırlığı altında gələcəyini əzmə.
  • Kəndir iki qulu birləşdirir, iki bəyi yox.
  • Kim dəfn edəcək dünyanın sonuncu insanını?!
  • Klassik mahiyyətinə çatır – Pulu Qızıla çevirəndə.
  • Kosmosdan açıq şəkildə görünür: ikiüzlülük - iki üzün ortasında yerləşir.
  • Kütlə qalib gələndə – çoxluq, məğlub olanda – kölə olur.
  • Qafa, adətən, ölkəsinin ölçülərini alır.
  • Qan və Su: onlar qardaş olduğunu bir-birini yuyanda bilir.
  • Qanla suvarılmış qılınclar susuzluqdan yanır.
  • Qaranlıq - işıq sürətini yalnız beyinləri fəth edəndə alır.
  • Qəfil parlayan şöhrət ikisindən birini kor edir: ya baxanları, ya baxılanı.
  • Qənaət - qazancın yarısı, bədxərclik - iflasın hamısıdır.
  • Qibtə, həsəd, paxıllıq: dərin psixoloji əsaslara malik olmayan toplumlar bunları fərqləndirə bilmir.
  • Makedoniyalı İsgəndərin bədənində dövrünün bütün silahlarından aldığı yaraların çapıqları varmış. Ancaq onun işğalçı müharibələrinin dünya tarixinə vurduğu yaralar daha sağalmazdır.
  • Meymun – Təbiətlə İnsan arasında bir təpədir ki, sürüşüb gah onun o üzünə, gah bu üzünə düşülür.
  • Mədəniyyətlər öz dilində danışanda, bir-birini daha yaxşı başa düşür.
  • Milli özünüdərketmə - bu dünya içində bir dünya olmaq düşüncəsi.
  • Miloslu Veneranın qırılmış qolları iki min ildir ki, sənətə və gözəlliyə məbəd tikir.
  • Mövqelər bir-birini əzəndə də, həqiqətlər bir-birini tapdamır.
  • Müharibə haqqında həqiqətləri qalib bayraqlarını daşıyan səf-səf əsgərlərin gurultulu marşından daha çox, əlil döyüşçülərin protez ayaqlarının batıq iniltili taqqıltısı deyir.
  • Müharibə qalib gəlmək üçün çox zəif silahdır.
  • Müharibədə – general, sülhdə – diplomat.
  • Müharibənin içindən həmişə bir titrək insanlıq qılınc kimi sıyrılıb, o müharibənin özünü doğrayır. Tarix – doğranmış müharibələrin qan və tüstü qoxulu tikələridir.
  • Müharibəyə insan şəklində girir, kölgə şəklində çıxırlar.
  • Nə qədər əhəmiyyətli söz desələr də, dünya təsadüfi adamlara inanmır.
  • Onlara layiq olan heç bir cəza tapa bilmirlər - Azadlıq uğrunda vuruşanlara.
  • Ölən – əsgər, şöhrətlənən – sərkərdə. Nə Makedoniyalı İsgəndərin, nə də Attilanın bir əsgərinin də adı dünya tarixinə düşməyib...
  • Ölənin nəyinə ağlayırıq... Bəlkə, həm də ölüncəyədək onda doğulmayana?!.
  • Öz qəlbinin yolu ilə getməyənlər bu dünyanın çalın-çarpaz yollarında azırlar.
  • Öz tarixini yaza bilməyən xalqların nəinki tarixini, hətta taleyini başqaları yazır.
  • Özün ol. Özün olmayanda yerinə başqası dolur.
  • Özünü tapmayanı Tanrı da axtarmır.
  • Paleolit çağında atılan bumeranq hədəfinə çatmasa, bəşəriyyəti də özü ilə birlikdə arxaik zamanlara qaytaracaq.
  • Pəncələrinə təkan verib yuxarı sıçra: görəcəksən ki, əsl yüksəklikdə hamı bərabərdir.
  • Pillələrlə kimi hündürlüyə qalxır, kimi yüksəkliyə.
  • Prometeyin odu insanların yaratdığı fatalist tarixdə ikisindən birinə çevrilməli idi: ya külə, ya atoma.
  • Pulun sərvətə çevrilməsi – insanı da piramidaya çevirmək qüdrətində.
  • Rasional tarix – məsuliyyəti dərk olunan zamandır.
  • Risk etməkdən qorxmaq çox zaman ondan da təhlükəli uduzmalarla nəticələnir.
  • Sadəlik - insanın öz təbii keyfiyyətlərini heç bir rəng qatılmadan tam dolğunluğunda təzahür etdirmək mədəniyyəti, qarşısındakını yetərincə dəyərləndirmək bacarığı, əxlaqın istedadıdır.
  • Sevginin gücünə baxın: zəhəri də şərbətlə verirlər ki, ölümqabağı həyatın son ləzzətini alasan!
  • Sən mənə şübhə ver, mən ondan inam yaradım.
  • Sənə sürünürlərsə, - sənə dırmanacaqlar.
  • Sivilizasiya onu tapdayanları daha çox yadında saxlayıb.
  • Siyasət – həyatın bir parçasıdır: əgər insan ona qarışmırsa, deməli, həyata qarışmır.
  • Siyasətçi – əks-sədanın yaranmasından bitincəyədək bütün dəyişmələrini, yeni informasiya yüklənmələrini və boşalmalarını bilən adamdır.
  • Siyasətçilər ortaq məxrəci diplomatik məcrada tapırlar.
  • Siyasətçilərin bəzən bir-birinin qarşısına atdığı əlcəkləri öpüb gözünün üstünə qoyması onların daha amansız duelini istisna etmir.
  • Siyasətin strategiyası ilə diplomatiyanın taktikası bir-birini tamamlayanda, onlar birlikdə cəsarətlə addımlaya bilir.
  • Sözün doğrusunu bütün kəskinliyi ilə birbaşa deyənləri ağıllı və tədbirli adam saymamaqla cəmiyyət nə qədər aldanır və uduzur.
  • Sudan quruya sürünə-sürünə çıxır, ballistik raketlərlə səmanı yara-yara uçur Yırtıcılıq.
  • Süzgəc-yaddaş - şüur axınında xilaskar: o, insan xarakterini dəyər münasibətləri və keyfiyyət meyarları təməlində möhkəmləndirir.
  • Şərq öz inkişafında yarımçıq qaldı. İndi Qərb də öz inkişafında yarımçıq qalır. İki yarımçıqdan bir bütöv yaratmaq olarmı?!
  • Şərqin yerində Qərb əkmək istəyirlər. Amma, bilirsiniz, nə bitəcək: kol-kos.
  • Tarix hər an yenidən başlayır.
  • Tarixdə münasibətlərin öc arxetipi: "Sən mənim keçimi öldürübsən. Mən isə sənin özünü öldürürəm.”
  • Tarixi zibilləyən, ölü əsgərlərin leşini qoxudan müharibələri salnaməçilər onun süs-bəzəyi, cah-cəlalı tək vəsf edirlər.
  • Tarixin xarabalıqlarından gələcəyin qazıntıları tapır itirilmiş zamanı.
  • Təhlükəli planet: idrakın və atomun koordinatlarında meteor çarpıntılarından keçir.
  • Tikmədiyin bir dünyada necə yaşaya bilərsən?!
  • Toz həqiqət dənəciklərini yer üzündən süpürəndən sonra qalxır.
  • Üç addım: Yer kürəsinin əhalisi – Bəşəriyyət, Bəşəriyyət – İnsanlığa yüksəlmək yolunda.
  • Üçüncü minillik zaman kimi başlayıb, epoxa kimi yox.
  • Üfüqlər ona görə hamının dostudur ki, heç kimi sıxmır, hər kəsi özündən daha artıq olduğunun dalınca yürüdür.
  • Vətən yoxdur: vətəndaşlıq vətənpərvərlikdən aşağıdırsa.
  • Vicdanın ekoloji böhranı mənəviyyat quraqlığı yaradır.
  • Vicdanını itirənlər həmişə onu başqalarının ayaqları altında tapırlar.
  • Virtual dünyada qanadlarsız da uçmaq olar.
  • Yalnız bu günlə yaşayırsansa, deməli, dünənlə sabahın uçurumundasan.
  • Yeni Çağ onda başlayacaq: İnsan dağıtmadan qurmaq sənətinə yiyələnəndə.
  • Yəhudilər – bəşəriyyətin elitası.
  • Yəqin dünyanın ən mənasız dili - diplomatiyadır. Çünki burada insan yox, tərəf iştirak edir.
  • Yuxudakı yox, gerçəkdəki uyqu - yalan.
  • Zamanı idarə etməyin yolu yalnız o halda tapılır ki, əbədiyyətin yaradıcı anlardan ibarət olduğu dərk edilir.
  • Zənciri qıran – ondan qopan bir halqadır.

Mənbə

[redaktə]
  • 525-ci qəzet.-2018.-28 fevral.-S.8.

İstinadlar

[redaktə]