Vaqif Abbasov
Görünüş
Vaqif Abbasov | |||
Doğum tarixi | 5 oktyabr 1952 | ||
Doğum yeri | Cəmilli | ||
|
Vaqif Məhərrəm oğlu Abbasov (5 oktyabr 1952, Cəmilli, Mirbəşir rayonu) — kimya üzrə elmlər doktoru, akademik, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Ağıl bütün sərvətlərin mühafizəçisidir, yeni sərvətlər yaradandır, ağılın sərvətlər sərvəti olduğunu unutmayın.
- Ağzı pis sözlərə öyrənmiş insanın təmiz ruhu və qəlbi olmur.
- Ailə karvansara deyil ki, müvəqqəti qonaqları çox olsun, o, məbəddir, amma, ibadətə gələnlər üçün yox, onu yaradanlar üçün.
- Alimi elmi, sənətkarı sənəti yaşadar.
- Aşıq dünyası bənzərsiz bir dünyadır, bu dünyanı sevmədən azərbaycanlıyam demək ən azı özünü aldatmaq deməkdir.
- Aristokrat görünmək xatirinə dilinizi yad sözlərlə çirkləndirməyin, əks halda onu təmizləmək üçün yüz illər lazım olar.
- Ata qarğışı ana qarğışından daha təsirlidir, çünki ana balasına ürəkdən qarğış edə bilmir. Çalışın ki, ata qarğışınız olmasın.
- Ata və ana müqəddəsdir, çünki onlar övlada haqqı ödənilə bilməyən həyat bəxş edir.
B
[redaktə]- "Başqaları nə deyər" məntiqi ilə yaşamayın, həyat sizindir, onun məqsədini özünüz müəyyən edin, məqsədə çatmaq ideyasını həyata keçirmək üçün tarixi təcrübəyə əsaslanan plan qurun və onu ardıcıl həyata keçirin.
- Bayquşun gözləri çox böyükdür, amma gözəlliyi sevmir. Bu, bayquşun bədbəxtliyidir.
- Bəzi insanların ünvanına təhqiredici ifadələr işlətdikdə bir çoxunuz "it kimi…." ifadəsini işlədirsiniz. Bu yanlışdır. Öz sədaqəti ilə çox insanlardan ucada olan itlər olub və var. Nəzərə alın ki, hər səhər işə gətirib, günorta saat üçdə professor sahibini universitet qarşısında gözləyən itin sahibi universitetdə qəflətən vəfat etdikdən sonra it 11 il hər gün eyni vaxtda eyni yerə gəlib sahibini gözləyib. Səyahət zamanı təsadüfən itmiş it 6 ay müddətində 4 min kilometr qət edərək öz sahibinə qovuşub. Bu məlumatları başqalarının çiynində məzara gedən ata və ananın övladının 3–5 gün sonra gəlməsi və bir həftədən sonra da başqa ölkəyə qayıtması ilə müqayisə edin. Bir tərəfdə dünyanın əşrəfi sayılan insanın sədaqətsizliyi, bir tərəfdə it adı ilə təhqir olunan heyvanın insana sədaqətliliyi. İt qədər sədaqəti olmayana insan deməyin. Günahdır. Bu günahlar artdıqca dünyanın pərsəngi pozulur, ailə dəyərləri itir, cəmiyyətlərin idarə olunması çətinləşir, övlad istəməyənlərin sayı çoxalır. Nə qədər gec deyil hətta heyvanlardan ibrət götürülməlidir.
- Böyük qardaş ata, böyük bacı ana əvəzidir. Bu haqqı və məsuliyyəti zamanında bilmək atasız və anasız zamanlarda ailənin idarə olunması üçün olduqca vacibdir.
Ç
[redaktə]- Çörək ən müqəddəs nemətdir, onu əməyinlə qazanmalısan, əl açıb yardım kimi istəsən onun müqəddəsliyi itər.
D
[redaktə]- Dəniz ciddi adamları sevir, qeyri-ciddiləri yox. Dənizdə batan varsa, günah dənizdə deyil, onun ciddiliyini bilməyib batandadır.
- Dil xalqın söz heykəlidir, xalqını sevən onu qorumalıdır.
- Dosta xəyanət özünə xəyanət, düşmənə xidmətdir.
- Dostluq yaradarkən saf dəmir dözümlülüyü, od hərarəti, su paklığı, torpaq bərəkəti kimi əlamətləri özündə daşıyan dostluq qur.
- Dostun acı iradı düşmənin bal kimi tərifindən daha yaxşıdır. Düşmən tərifi səni məglub etmək üçün xüsusi hiyləgərliklə gizlədilmiş tələdir. Heç vaxt bu tələyə düşmə.
- Dumanlı havanın fasadlarına dözmək olar, dumanlı beyinin yox.
- Düşmənin səni tərif etməsi sənə sevgidən deyil, sənin ehtiyatlılığını əlindən almaq üçündür. Ehtiyatlılığı əldən verdinsə, uduzmağın qaçılmazdır.
E
[redaktə]- Elə yaşa ki, adın gələndə həm cisminə, həm də ruhuna hörmət etsinlər.
- Eyni səhvi iki dəfə təkrar etmək dünyanı yaxşı dərk etməməyin sübutu deməkdir.
Ə
[redaktə]- Əgər haradansa başına daş düşürsə, günah daşda deyil, sənin yeri düz seçməməyindədir.
- Əl tutan ol, əl alan yox, bunlar fərqli şeylərdir.
- Əsl insan üçün əsas keyfiyyətlər vicdan, namus, şərəf və ləyaqətdir.
G
[redaktə]- Gəlinini qızı qədər sevməyən ata və analar göstərirlər ki, onlar oğullarını bir o qədər güclü sevmirlər. Axı gəlin onların oğulları üçün xoşbəxt həyat, övlad bəxş edən bir insandır, ömür savaşında onun tək silahdaşıdır.
H
[redaktə]- Hər birimizin həyatında ən böyük haqqı olanlar sırasında müəllimin – öyrədənin yeri müqəddəs olduğunu bilin. O olmasa öyrənməzsiniz, öyrənməsəniz dərk etməzsiniz, dərk etməsəniz yaşamınız əzablı və mənasız olar. Bu haqqı heç vaxt unutmayın.
X
[redaktə]- Xalqın şərəf tarxini yaradanlar təkcə özlərini yox, mənsub olduqları xalqı da yaşadırlar.
- Xalqın tarixinə aid başqasının bu gün yazdığı və az təsirli saydığınız bir yanlış məlumat gələcəkdə xalq üçün böyük təhlükə mənbəyi ola biləcəyini unutmayın.
İ
[redaktə]- İnsan vəhşi xislət olmamalıdır. Hətta insanlardan fərqlənən heyvanların çoxu da vəhşi deyil. İnsan bu həqiqəti unutmamalıdır.
- İnsanların qarşısında yox, vicdan qarşısında and içmək ən böyük insanı keyfiyyətidir.
- İnstinkt ilə yaşamaq insan olaraq yaşamaq deyil, insan kimi yaşamaq üçün ağıl lazımdır.
- İradəli olmaq istəyə nail olmaq üçün vacib olanların yarısına sahib olmaq deməkdir.
- İsmət təkcə qadın üçün yox, kişi üçün də vacibdir.
Q
[redaktə]- Qadın səsi həyat nəğməsi. Bu nəğmə eşidilməyən ən gözəl saraylar da xarabazardan dəyərsizdir.
- Qaydasız savaşda da müəyyən qaydalılıq var. Həyat savaşında isə heç bir qaydalılıq yoxdur. Odur ki, bu savaş üçün həm fiziki gücünüzü, həm ağlınızı yetərincə hazırlayın. Əgər dostlarınız yoxdursa, bunların da yetərli olmadığını nəzərə alın.
- Qorxmazlıq, fədakarlıq, qətiyyətlik və məqsəd aydınlığı rəhbərin ən vacib məziyyətidir. Ailə rəhbəri üçün də bu məntiq keçərlidir.
- Quşları səmaya qaldıran qanadları, insanı səmaya qaldıran ağlıdır.
M
[redaktə]- Məktəb ilk növbədə tərbiyə vermək üçündür, sonra öyrətmək üçün. Çünki, şəxsiyyətin inkişafında tərbiyənin rolu əvəzsizdir.
- Məntiqsiz qərarların məntiqi sonluğu məğlubiyyətdir.
- Misir fironu Kleopatranın məqbərəsindəki zinət əşyalarını qeydiyyata almaq üçün tam beş il lazım olub. Amma, insanlar hər zaman onun şəxsiyyətindən, yaşam tərzindən, həyatının acı və şirin anlarından danışır. Bu həqiqəti heç vaxt unutmayın.
- Müdrikliyə aparan yol öyrənməkdən, dərk etməkdən, müşahidələrdən, şəxsi təcrübədən keçir.
- Müəllim öyrədən deyil, öyrənməyi öyrədəndir, müəllim öyrənməkdə yol yoldaşı deyil, öyrənmək yoluna nur saçandır. Müəllim təkcə öyrənməyi öyrədən, nur saçan deyil, həm də tərbiyə nümunəsidir, tərbiyə verəndir. Odur ki, müəllim sevən olun.
N
[redaktə]- Nəvə sevgisinin həqiqi ölçüsünü bilmək üçün baba olmaq gərəkdir.
O
[redaktə]- Obyektiv qanunlara tabe olmaq üzun ömürlülük üçün təminatdır.
Ö
[redaktə]- Ömürlərə nur paylayan müəllim müqəddəsliyini bilməmək zülmətli gələcəyə yol açmaq deməkdir.
- Özünü dəyişmədən başqasını dəyişməyə cəhd faydasız itirilən enerji və zamandır.
P
[redaktə]- Poeziya həzin musiqi kimidir, qulaq asanda ruh dincəlir.
S
[redaktə]- Saz aləti mənəvi dünyamızın səslə ifadəsini ən ali səviyyədə təmin edən milli musiqi aləti olduğunu unutmayın. Saz olan evdən xeyir-bərəkət əskik olmaz.
- Savadı təsdiq edən sənədi olmayan dahilər axtarsanız Aşıq Ələsgərin, Dədə Şəmşirin yazdıqlarını oxumağınız yetərlidir.
- Sənət zirvəsi dağ zirvəsi kimi əbədi olmur. Bu zirvəni yaradan da, yaşadan da sənətkar özüdür. Zirvənin uzun ömürlüyü və heyran ediciliyi sənətkarın yorulmaz və fasiləsiz fəaliyyətindən asılı olaraq müəyyənləşir.
Ş
[redaktə]- Şairlik sonradan qazanılan olmaz, o, allahın bəxş etdiyi istedaddır.
- Şairliyin təsdiqi yazıçılar birliyinin vəsiqəsi yox, şairin yazdıqlarına oxucu sevgisidir.
- Şərəf pul ilə alınmır, var-dövlət sayəsində əldə olunmur. Şərəf insanın yaşam tərzi, davranışı, əməlləri, xalqına və dövlətinə sevgisi ilə qazanılır.
T
[redaktə]- Teatr ruha qida verən, onu zənginləşdirən məbəddir.
- Təhsilli tərbiyəsiz tərbiyəli nadandan daha təhlükəlidir.
U
[redaktə]- Uşaqlara örnək kimi ilk növbədə öz xalqının müdrikləri, dahiləri, tarixi şəxsiyyətləri tanıdılmalıdır. Əks halda onun xalqına sevgisi arzuolunan səviyyədə olmaz.
Y
[redaktə]- Yad ölkəyə səyahətə getmədən öncə o ölkənin adətini, ənənəsini, mədəniyyətini öyrən ki, səyahətin sənə əzaba dönməsin.
- Yaşamaqda olan ağacı kəsib onu yaşamaqdan məhrum etmə, axı ağaclar yaşatmaq üçün yaşayır.
- Yer bütün mövcudluqların ən gözəlidir, çünki, yerdə dünyanın əşrəfi insan yaşayır.
Z
[redaktə]- Zirvəyə qalxarkən geri qayıdacağın yolu yadında yaxşı saxla ki, uçuruma getməyəsən.