Məzmuna keç

Əhliman Əmiraslanov

Əhliman Əmiraslanov
Doğum tarixi 17 noyabr 1947
Doğum yeri Zod
Vikipediya məqaləsi

Əhliman Əmiraslanov (azərb. Əmiraslanov Əhliman Tapdıq oğlu‎; d. 17 noyabr 1947, Zod, Basarkeçər rayonu, Ermənistan SSR, SSRİ) — Azərbaycanın görkəmli alimi, ictimai-siyasi xadim, Azərbaycan Tibb Universitetinin rektoru (1992–indi), tibb elmləri doktoru (1984), professor (1989), Azərbaycan Milli Elmlər Akademiyasının (2001) və Polşa Tibb Elmləri Akademiyasının (1998) həqiqi üzvü, Rusiya Elmlər Akademiyasının xarici üzvü (2001), AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik–katibi, SSRİ Dövlət Mükafatı (1986) və Azərbaycan Respublikasının "Şöhrət" ordeni (2000) laureatı, Azərbaycan SSR Ali Sovetinin (1990) və Azərbaycan Respublikası Milli Məclisinin IV çağırış (2010) deputatı, cərrah–onkoloq, Azərbaycan Respublikasının əməkdar elm xadimi (1991). ATU Onkologiya kafedrasının müdiri; Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvü (18 iyul 2014–indi), Yeni Azərbaycan Partiyasının üzvü.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


Deyimləri

[redaktə]
  • Eldar İsmayıl vətənpərvər şairdir. Layiqli jurnalist kimi də fəaliyyəti çox təqdirəlayiqdir.
  • Heydər Əliyev adı tarixdə əbədiləşən dünyaşöhrətli siyasətçidir.
  • Müslüm Maqomayev öz bənzərsiz musiqi ifaçılığı sənəti, istedadı ilə Azərbaycanı dünyaya tanıdan şəxsiyyətlərdən, nadir insanlardan biri idi.[2]
  • Ümummilli liderimiz Azərbaycan elminin və təhsilinin himayədarıdır.

Haqqında deyilənlər

[redaktə]
  • Nikolay Nikolayeviç Bloxin, SSRİ TEA-nın prezidenti, SSRİ Tibb Elmləri Akademiyasının Ümumittifaq Onkoloji Elmi Mərkəzinin baş direktoru, akademik: — Məmnunam ki, son dərəcə çətin əməliyyat sayılan "Rotasion plastika" əməliyyatını Sovetlər İttifaqında ilk dəfə, dünya miqyasında isə birincilər sırasında yerinə yetirməyi bacaran cərrah-onkoloq bizim yetirməmiz olan azərbaycanlı alim Əhliman Əmiraslanov olub. Mən SSRİ miqyasında kiminsə risq edib "Rotasion plastika" əməliyyatını aparacağına əmin deyildim, ona görə də belə risqi münasib saymırdım. Lakin Əhliman Əmiraslanov gənclik entuziazmı ilə bu növ təsəvvürləri yaxşı mənada dağıdaraq onkologiyada inamla inqilabi sıçrayış etdi. O, əsl qalibdir! Qaliblər mühakimə olunmurlar![3]
  • Nikolay Nikolayeviç Trapeznikov, Rusiya Tibb Elmləri Akademiyasının Onkoloji Elmi Mərkəzinin baş direktoru, akademik:
1. Çox şadam ki, mənim Əhliman Əmiraslanov kimi bir tələbəm var. Arxayınam və şərəf duyuram ki, istənilən anda o məni Onkoloji Elmi Mərkəzin baş direktoru vəzifəsində əvəz edə bilər. Ə. Əmiraslanovun onkologiya elmi sahəsində əldə etdiyi nəticələrin böyük əksəriyyəti SSRİ-də ilk dəfə əldə edilən son dərəcə yeni elmi nəticələrdir. Bu nəticələr xarici ölkə alimlərinin həmin sahədəki elmi nəticələrini ya qabaqlayır, ya da onları tamamlayır.[3]
2. Əhliman Tapdıq oğlunun əldə etdiyi nailiyyətlər yalnız böyük zəhmətin nəticəsidir.[4]
  • Ş. Edxad, Amerika Birləşmiş Ştatlarının Los-Anceles Ştatının Onkologiya İnstitutunun direktoru, professor: — Hər sahədə yaxın dostum və məsləkdaşım olan professor Əhliman Əmiraslanov görkəmli alim, dünyada tanınan cərrah-onkoloq olmaqla yanaşı, həm də qəlb genişliyinə malik büllur kimi saf insandır.[3]
  • İhsan Doğramacı, Türk dünyasının dünya şöhrətli alimi, professor, doktor: — Əhliman müəllim dünya miqyasında tanınan çox böyük alimdir. O, 20 il Moskvada çalışdığı dövrdə onkologiya sahəsində çox böyük şöhrət qazanıb. Lakin onun Moskvada çalışdığı uğurlu fəaliyyətindən sonra Bakıya — Azərbaycana qayıtması onun öz xalqına, vətəninə bağlılığının təntənəsinə çevrildi. Belə vətənpərvərlik alqışa layiqdir.[3]
  • A. Mürey, Amerika Birləşmiş Ştatlarının Hyüston Onkologiya Klinikasının rəhbəri, professor: — Professor Əhliman Əmiraslanov son dərəcə istedadlı, işgüzar, əməksevər, təvazökar, xeyirxah alimlərdən, nadir şəxsiyyətlərdəndir.[3]
  • Ənvər Həsənoğlu, Türkiyənin Qazi Universitetinin rektoru professor, doktor: — Əhliman bəyi mən xeyli vaxtdır tanıyıram. O, dünyada məşhur bir alimdir. Uzun müddət Moskvada çalışdı. Sonra Bakıya gəlib işləməyi isə böyük bir fədakarlıqdır. O, dünya çapında məşhur bir alim, məşhur bir həkimdir. Əhliman bəy Türkiyədə də yaxşı tanınır. Onun adı istər Ankarada, istər İstanbulda, istər Hacəttəpədə, istər İzmirdə, İstər Adanada, istərsə də Türkiyənin digər şəhərlərində hörmətlə çəkilir, rəğbətlə qarşılanır.[3]
  • Pyotr Proskurin, Rusiyanın görkəmli dramaturqu: — Akademik Ə. T. Əmiraslanov tibb üzrə istənilən Akademiyanın fəxri sayıla bilinən dünya şöhrətli alim, bəşəri duyğulara malik əsl insandır.[3]
  • Mixail İvanoviç Davıdov, Rusiya Tibb Elmləri Akademiyasının prezidenti, RTEA-nın Onkoloji Elmi Mərkəzinin baş direktoru: — Dünyanın bütün məşhur onkoloqları Əhliman Əmiraslanovla sıx əlaqə saxlayır, onu öz ölkələrində görməkdən qürur duyurlar. O, həm keçmiş SSRİ dövründə, həm də hazırda beynəlxalq əlaqələri genişləndirərək onkologiya elmini yeni nailiyyətlərlə zənginləşdirir. Bunun müqabilində akademik Əhliman Əmiraslanov onkologiya sahəsində ən yüksək təltiflərə, ən yüksək mükafatlara layiq görülüb. O, bunlara layiqdir!.[3]
  • Ağabəy Sultanov, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, əməkdar elm xadimi, professor: Məni hər vaxt insanda iki xüsusiyyət valeh etmişdir. Bu xüsusiyyətlərdən biri yaxşı mütəxəssis, ikincisi isə xeyirxah və mədəni insan olmaqdır. Bu xüsusiyyətlərin hər ikisi görkəmli alim, tanınmış cərrah-onkoloq Əhliman Əmiraslanovda bərqərardır. O, həm Moskvada işlədiyi müddətdə, həm də Azərbaycandakı elmi-pedaqoji fəaliyyəti dövründə öz xeyirxahlığı və yüksək səviyyəli xidməti ilə xalqın hörmət və rəğbətini qazanmışdır. Akademik Əhliman Əmiraslanov kimi mütəxəssislərə heç də hər yerdə, hər vaxt rast gəlinmir. O, elm aləmində, praktik həkimlikdə, eləcə də ictimai həyatda nadir inci kimidir.[3]
  • J. N. Abdrahmanov, Qazaxıstan Elmi-Tədqiqat Onkologiya və Radiologiya İnstitutunun direktoru, akademik: — Akademik Əhliman Əmiraslanovun elm sahəsində və kliniki praktikada əldə etdiyi nailiyyətlər dünya miqyasında yüksək dəyərləndirilir və bu, mənim də ürəyimcədir. Onun dayaq-hərəkət aparat şişlərinin müalicəsində tətbiq etdiyi metodlar Qazaxıstan alimlərinə, həkim-onkoloqlarına yaxşı tanışdır və bu metodlardan Qazaxıstanın onkoloji klinikalarında da geniş istifadə olunur. Dünya şöhrətli Azərbaycan alimi Əhliman Əmiraslanov eyni zamanda bacarıqlı təşkilatçı, görkəmli ictimai xadimdir.[3]
  • Ziyəddin Məhərrəmov, filologiya üzrə fəlsəfə doktoru (1998), Azərbaycan Jurnalistlər Birliyinin (1998), Azərbaycan Yazıçılar Birliyinin üzvü (noyabr, 2007), "Qızıl qələm" mükafatı laureatı (14.06.2013): — Əhliman müəllimin adı ilə əməlləri arasında bir vəhdət, bir qanunauyğunluq vardır. Onun adı hər bir azərbaycanlı üçün əziz və müqəddəsdir.[5]

İstinadlar

[redaktə]
  1. "Təfəkkür" jurnalının növbəti 5-ci sayı çapdan çıxmışdır
  2. Akademik Əhliman Əmiraslanov: Müslüm Maqomayevin nurlu xatirəsi əbədi yaşayacaqdır". Azərbaycan. — 2008. — 29 oktyabr. — Səh. 4.
  3. 3,00 3,01 3,02 3,03 3,04 3,05 3,06 3,07 3,08 3,09 "Şərəfli ömür yolu". "Ədalət" qəzeti (azərb.). anl.az. 3 noyabr 2010. İstifadə tarixi: 2015-02-12.
  4. Ziyəddin Məhərrəmov. "Unudulmaz sazlı-sözlü yurdumuz". Bakı, "Çaşıoğlu", 2001. səh.31.
  5. Ziyəddin Məhərrəmov. "Unudulmaz sazlı-sözlü yurdumuz". Bakı, "Çaşıoğlu", 2001. səh.32.

Vikianbarda Əhliman Əmiraslanov ilə əlaqəli mediafayllar var.

Vikipediyada Əhliman Əmiraslanov haqqında məqalə var.

Vikikitabda Əhliman Əmiraslanov ilə əlaqəli kitablar var.