Bulağın yer üzündə məkanına, zamanına, yeraltı suxurlardan yerüstü görüntüyə qovuşmaq üçün çəkdiyi əzabın ölçüsü nə qədərdisə, sıradan adamın "seçilmişliyə" gedən yolu da bir bu qədər çiləli olur. Hər millətin gizli bilgilərinin gizli də daşıyıcıları var. Ünlü astroloq, həkim, öncəgörmələri ilə dünya şöhrəti qazanmış Nostrodamusa həsr olunan əsərlərdə yəhudi gizli bilgisinin ona verildiyi yazılmaqdadır. Nə mutlu gizli bilgiləri olan millətlərə və bu bilgiləri estafet ağacı kimi gələcəyə ötürə bilən adamlara! Şübhəsiz ki, Rafiq Əliyev millətimizin gizli bilgilərini daşıyan, seçilmişlərindən biridir.
Elm hər yerdə elmdir. Elm beynəlmiləldir. Elmin vətəni yoxdur, amma alimin vətəni var. Alim bilməlidir ki, hansı millətə, hansı ölkəyə qulluq edir. Çox təəssüflər olsun ki, bizim bir sıra dəqiq elmlər üzrə çalışan alimlərimiz hansı ölkənin övladı, hansı vətənin, hansı millətin oğlu olduğunu unudur. Rafiq Əliyevi mənə sevdirən ən böyük cəhəti ondan ibarətdir ki, böyük alimliyi ilə bərabər, hansı millətə mənsub olduğunu çox gözəl bilir.
Rafiq Əliyev, təkcə böyük alim, böyük ziyalı deyil, həm də, sözün həqiqi mənasında, böyük Azərbaycanlıdır. Həyat, ictimai inkişaf, iqtisadiyyat, elm, əxlaq, din, tərbiyə, musiqi, sənət və poeziya haqqında çox maraqlı fikirlərin sahibidir. O həm də parlaq zəkanı, dərin elmi, ictimai düşüncəni, yüksək mədəniyyəti və parlaq əxlaqı özündə birləşdirən böyük şəxsiyyət, cazibədar insan, bənzərsiz dost, millətin və məmləkətin ağrı-acılarını içində gəzdirən bir ziyalıdır.