Məzmuna keç

Tur Xander

Bu məqalə Əbu Turxan məqaləsinə çox yaxındır və hər ikisinin eyni başlıq altında birləşdirilməsi mümkündür.

Tur Xander (Səlahəddin Sədrəddin oğlu Xəlilov; təxəllüsü: Əbu Turxan; 22 fevral 1952, Marneuli) — fəlsəfə elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü (2007).



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Aforizmlər fikir dünyasının suvenirləridir.
  • Aforizm universal həqiqətlərin insan həyatına proyeksiyasıdır.
  • “Ağlabatan hər şey gerçəkdir” fikri – qadın düşüncəsini, “gerçək olan hər şey ağlabatandır” fikri – kişi düşüncəsini əks etdirir.
  • Ancaq bir sivilizasiya var; sadəcə onun sükanı əldən ələ keçir.
  • Az pulla böyük sərvət əldə etmək istəyirsənsə, – kitab al!
  • Başqa sahələrdə sevgi vərdişi olmayan adamın məhəbbət dərdinə mübtəla olması, immuniteti olmayanların xəstəliyə yoluxması kimi, ağır nəticələrə gətirə bilər.
  • Bir tam halında fəaliyyət göstərə bilməyən ictimai sistemin ayrı-ayrı daxili qurumları nə qədər cəhd göstərsə də, cəmiyyətin inersiyasından xilas ola bilmir.
  • Böyük yaradıcılıq potensialı olan şəxslər öz mənəvi-intellektual enerjisini şüalandıra bilməsələr, dəli olarlar.
  • Bütün sosial orqanizmlərin canlı məxluqlar kimi özünü qoruma instinkti var.
  • Cəmiyyət məntiqin universallığı sayəsində mümkün olmuşdur.
  • Daha yüksək intellektli adamların əqli enerjisi texnika vasitəsilə adi adamların həyatına müdaxilə edir və mənəvi təcavüz baş verir.
  • Dahiliyin imitasiyası üçün də istedad lazımdır.
  • Dəlilər iki cür olur: ağlın çatışmazlığından və ağlın artıqlığından. Ağlın artıq hissəsi transfer edilə biləndə – dahilik yaranır.
  • Dərdin də öz lirikası, öz ahəngi var; dərddən ancaq onun ahəngini kompensasiya edən başqa ahənglərin təsiri ilə çıxmaq olar.[1]
  • Dövlət müəyyən ideologiya əsasında fəaliyyət göstərir. Bu ideologiya milli ruha uyğun gəlirsə, deməli, o, milli dövlətdir, gəlmirsə, millətlə dövlət arasında qarşıdurma labüddür.
  • Dövlətin funksiyası pul qazanmaq yox, pulun ədalətli bölgüsünü təmin etməkdir. Vay o günə ki, dövlət də pul qazanmağa aludə olsun.
  • Ehtiras ağlı üstələyəndə dünyada qlobal istiləşmə baş verir.
  • Elm “alın yazısını” qəbul etmədi, amma “genetik proqram” adı altında onu özü kəşf etdi.
  • Elm yarandıqdan sonra hər şey zaman-zaman onun qiyafətinə bürünüb səliqə-sahman tapdı və günlərin birində o özünə də öz donluğundan paltar biçmək fikrinə düşdü: elm haqqında elm yarandı.
  • Elm yolu bumeranqı xatırladır, nə qədər uzağa getsə də, yenə ilkin əsaslara qayıdırsan.
  • Elmə xilaskar kimi baxmaq robotdan mərhəmət diləmək kimi bir şeydir.
  • Eşqin daxili hərəkətverici qüvvəsi tükəndikdən sonra da, məhəbbət qatarı hələ uzun müddət yoluna davam edir. Bu, – məhəbbətdə ətalət prinsipidir.
  • Eyni alətin çoxlu sayda olmasından ən yaxşı halda sinxronluq yarana bilər. Yeni keyfiyyət ancaq simfonikliyin məhsulu ola bilər.
  • Əgər bütün insanlar eyni məntiqlə düşünməsəydilər, nə cəmiyyət, nə dövlət, nə də sivilizasiya olardı.
  • Əgər hansı isə ölkədə dahilik də imitasiya oluna bilirsə, deməli, əsl dahilərə doğrudan da yer yoxdur.
  • Əgər geniş kütlə fəlsəfi ideyaları mənimsəyə bilmirsə, filosoflar kütlənin içinə getməyi və publisistik üslubda yazmağı öyrənməlidirlər.
  • Əmək bölgüsü insanın tamlığını əlindən alır və onun özünün də bölünməsinə gətirib çıxarır.
  • Ən kamil əsər ideyaya adekvat olan əsərdir.
  • Fərq olmadıqda inkişaf da olmaz. Kimsə irəli çıxmalı, sürünənlərə şahin zirvəsindən baxmalı, ürəyinin atəşi ilə qaranlıq meşədə azanların yoluna işıq saçmalıdır.
  • Fikir üçün libas auditoriyaya uyğun seçilməlidir.
  • Formal məntiq fəlsəfi daltonizmdir.
  • Güclünün zəifləri əzməsinə qanun da, əxlaq da yol vermir. İntellektual gücün isə başqa əraziyə müdaxiləsinin nə hüquq, nə də əxlaq müstəvisində qarşısı alınmır.
  • Hafizə yeganə meyar olanda təxəyyül heçə endirilmiş olur.
  • Həqiqi jurnalist fəlsəfi fikirlə kütləvi şüur arasında vasitəçi kimi çıxış etməyi bacarmalıdır.
  • Hər bir musiqi məhəbbətin hansı isə çalarlarını ifadə edir.
  • Hər şeyin sistemə salındığı və normativləşdirildiyi bir dövrdə dahilərə yer nəzərdə tutulmayıb.
  • Həyəcanlanmış atom öz artıq enerjisini şüalandıraraq yenidən normal vəziyyətə keçdiyi kimi, ilhamlanmış sənətkar da bu ilhamın, hiss-həyəcanın daşıdığı enerjini öz yaradıcılığı ilə «şüalandıraraq» «normal” vəziyyətə keçir.
  • Həyat – ideyanın realizasiyasıdır.
  • İcbari şəraitdə içilən andın mənəvi gücü yoxdur və məcburiyyət qalxandan sonra ondan azad olmamaq sadəcə kişiliyin imitasiyasıdır.
  • İdeologiya – haradasa fəlsəfə ilə siyasətin arasındadır.
  • İdeya və iradə müəyyən sosial bazaya yiyələnəndə siyasətə çevrilir.
  • «İndi» geniş planda xatirələrlə arzuların, dar planda isə təəssüratla istəyin vəhdətidir.
  • İnsan öz təməlindən ayrılmamalıdır, yoxsa zəmanənin müxtəlifliyində itib-batar.
  • İnsanlar uzun müddət misi qızıla çevirmək arzusunda olublar. İndi elm misi elə şeylərə çevirir ki, qızıl ona həsəd aparır.
  • Keçmiş indinin virtual məkanıdır.
  • Keçmiş ya ancaq salnamələrdə, yaddaşlarda qalıb tarixə daxil olur, ya da indinin strukturuna daxil olmaqla yaşamaqda davam edir.
  • Kəşf özü faydalı olsa da, onun eyforiyası ziyan gətirir.
  • Klassik qadınlar klassik poeziyaya, modern qadınlar isə modern poeziyaya bənzəyirlər.
  • Kömürün küldən fərqi canında hələ də yanmaq potensialının qalmasıdır.
  • Kütlənin istəkləri tez bir zamanda həyata keçməyəndə inqilab öz ətaləti ilə yeni hakimiyyətə gələnləri vurub yıxır.
  • Qərb cəmiyyəti ürək çatışmazlığından, Şərq cəmiyyəti ürək ifratından əziyyət çəkir.
  • Qısa yazıda fikrin variasiyaları oxucunun öz öhdəsinə buraxılır.
  • Mənəvi gücün mənbəyi ruhun ənginliyidir. Daxili mücadilə və ziddiyyətlərdən məhrum olanda insan inkişaf impulsunu itirir, durğunluq vəziyyətinə düşür.
  • Müasir insan elmin qanadlarında elə uzaqlara uçmuşdur ki, özündən ayrı düşmüşdür.
  • Müxtəlif xalqlar eyni prosesləri müxtəlif zamanlarda yaşayırlar.
  • Neçə-neçə yazıçı öz dövrlərində və mühitlərində böyük tənqidçinin olmaması üzündən əks əlaqəyə girib təkan ala bilməmiş, potensialı açılmamışdır.
  • Nəfs instinktdən başlayır, əqldə bitir.
  • Okeanda olduğu kimi, hadisə və mahiyyət (ideya) dünyasında da qabarma və çəkilmələr bir-birini növbə ilə əvəz edir.
  • Ömür genetik proqramın mühitdə açılışıdır.
  • Poetik təb də bir atım barıt kimidir. Tez alışır, tez sönür.
  • Pulun çoxluğu gözün toxluğuna dəlalət eləmir.
  • Ruh sanki alternativ ruhlar sistemidir. İnsan onların matrisasıdır.
  • Tarix fənninin tədrisində xronoloji ardıcıllıq keçmişdən indiyə yox, indidən keçmişə doğru olmalıdır.
  • Tarixçilər əvvəlki tarixçilərin yazdıqlarını fakt kimi, onlara istinadla yazdıqlarını isə artıq sübut olunmuş həqiqət kimi qəbul edirlər. Bu isə elmin imitasiyasıdır.
  • Təbiətin öz dünyası var və vaxtilə insan da onun bir hissəsi olmuşdur. Amma indi o, təbiəti özünün bir hissəsi etməyə çalışır.
  • Tək-tək insanların şablonları aşıb keçməsi üçün təbiət özü də ara-sıra istisnalar etməlidir.
  • Tələbəyə bilmədiklərinə görə yox, bildiyini necə bildiyinə görə qiymət vermək lazımdır.
  • Sənət əsəri sənətkarın yaradıcı təxəyyülünü hər dəfə yenidən canlandırmaqla zamanlar arasında virtual rabitə yaradır.
  • Şöhrət qabağa keçəndə gerçək inkişafın qarşısını kəsir.
  • Vətəndaşlıq üçün Vətən sevgisi hələ yetərli deyil; bunun üçün dövlətçilik şüuru da tələb olunur.
  • Viruslardan daha qorxulusu immunitetin yoxluğudur.
  • Yaşadığımız həyatda söz sahibi olmaq istəyiriksə, ruhani yaşantıların enerjisi həyatımıza cəlb olunan ictimai mühiti işıqlandırmaq və canlandırmaq üçün yetərli olmalıdır.
  • Yaşamaq – ruhani potensialın həyat enerjisinə çevrilməsidir.
  • Yeni bilik daxil olduğu sistemdə təməl kimi qəbul olunmuş ənənəvi biliklərlə dil tapa bilmirsə, sistem onu ya kənarlaşdırır,ya da özü dağılır; ən məqbul yol isə dili dəyişməkdir.

İstinadlar

[redaktə]