Əbu Turxan

Vikisitat saytından

Əbu Turxan - (Əsl adı -Səlahəddin Sədrəddin oğlu Xəlilov; təxəllüsü: Tur Xander 22 fevral 1952, Marneuli) — fəlsəfə elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü (2007).[1]



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

  • Adam o zaman özünə yer tapa bilmir ki, yerini başqa yerdə axtarır.
  • Aforizm - dəliliklə dahilik arasında şimşək kimidir.
  • Aforizm fikrin qönçəsidir.
  • Axmaqlıq kiçiklik deyil; axmağın da böyüyü-kiçiyi olur.
  • Ağ lövhə təkcə Allah-a məxsusdur; biz hamımız yazılmışların üzərində yazırıq.
  • Ağıl ayırır, məhəbbət birləşdirir.
  • Ağıl gücə çevrilər, güc ağıla çevrilə bilməz.
  • Ağıl qüvvət üçün sükandır.
  • Allah insana öz ruhundan pay verərək onu şərəfləndirmişdir. İnsan da cisimləri dərk edərkən onları ruhani enerji ilə işıqlandırır və onlar ideya mərtəbəsinə yüksəlmiş olur.
  • Allah qarşısında əyilmək bu dünyada əyilməzliyin təməl daşıdır.
  • Allahdan qorxmayan bu dünyanın heybətlərindən qorxmağa məhkumdur.
  • Allahı sevməyin yolu onun yaratdıqlarını sevməkdən keçir.
  • Alimlərin ruhu elm məbədində əbədi həyata qovuşur.
  • Alın yazısı bir dəfə yazılır, amma insana onun üzərində hər dəfə yenidən yazmaq şansı verilir.
  • Alovda nur yoxsa, nurda alov var.

B[redaktə]

  • Bədənlə birləşəndə ruh əqldən ayrılmış olur; bu məqamda əql insanı tərk etməsə,yenidən əlini uzadıb ruhu öz məqamına qaldıra bilər.
  • Bədii obraz ölçü, kəmiyyət hüdudları ilə məhdudlaşmır.
  • Bərabərlik iddiası ailəni sarsıdır.
  • Bəzən biz yolu seçirik, bəzən də yol bizi.
  • Bəzən sığınacaqların özü ən böyük təhlükəyə çevrilir.
  • Biliksizlikdən utancaqlıq yaranır, çoxbilmişlikdən – utanmazlıq.
  • Bir fəsil başqa fəsil üçün bir fasilədir.
  • “Bir şərdən qaçsan, başqa şərə düşərsən”. Ona görə də şərdən qaçmaq yox, onu dəf etmək lazımdır.
  • Biz adətən özümüzü yox, başqalarını görürük. Özünü görməyin yolu isə özünə başqalarının gözü ilə baxmaqdır.
  • Biz böyük Yaradan qarşısındakı borcumuzu onun yaratdıqlarına ödəməliyik.
  • Biz gələcəyə çatanda, məlum olur ki, onun mənzərəsi öncədən çəkilibmiş.
  • Böyük tarixi hadisələrin təməli durğunluq illərində qoyulur.
  • Bu aynada mən ancaq özümü görürəm. Amma bu ayna məndən öncə neçə-neçə sifətlər görüb.
  • Bu dünya imkanla gerçəklik arasında qərar tutur. Biz sonsuz imkan dünyasında ancaq bir cığır seçib gedirik.
  • Bu günü olmayan xalqın keçmişi də yoxdur.
  • Bütövləşmək əzmində olan yarımçıq dağılmaq ərəfəsində olan bütövdən daha dəyərlidir.
  • Bütün kölgələr silinir, ürəyə düşən kölgədən başqa.
  • Bütün yollar qaranlıqdan işığa doğrudur.

D[redaktə]

  • Daha mürəkkəb olan daha kövrək olur.
  • Daxili nəzarət cəmiyyətin və dövlətin nəzarətindən daha etibarlıdır.
  • Din o zaman elmə qarşı çıxır ki, özünün bir inam hadisəsi olduğunu unudaraq idrak hadisəsi kimi çıxış etməyə çalışır və dünyada gedən proseslərin izahını vermək iddiasına düşür.
  • Dostluq eyniyyətdən, məhəbbət fərqdən yaranır.
  • Dua: Vaxtın bərəkətli olsun.
  • Dünya ancaq insan qəlbinin hənirtisi ilə canlanır.
  • Dünya bizdən öncə yazılmışdır. Amma bəzən o bizə ağ vərəq kimi görünür və başlayırıq onu yenidən yazmağa; neçə gözəlliklər bizim cızma-qaranın altında qalır!
  • Dünya eyni məzmunda, amma müxtəlif dillərdə yazılmış üç kitabdan ibarətdir: Müqəddəs kitab, təbiət və əql. Bunlar adətən ayrı-ayrılıqda oxunur. Amma onların eyni kitab olduğunu çox az adam dərk edir.
  • Dünya ilə tam olmaq üçün onu sevmək lazımdır, çünki ancaq sevgi bütövləşdirir.
  • Dünya onu anlayanlarındır
  • Dünya vahid bir ideyanın təcəssümü olmasaydı, bu qədər bütöv və ahəngdar olmazdı.
  • Dünyanı dərk edə bilmək üçün əvvəlcə insan dünya ilə bir tam halına gəlməlidi
  • Dünyanı dərk etmək üçün dünyadan kənara çıxmaq lazımdır
  • Dünyanı dərk edə bilmək üçün ondan ayrılmaq lazımdır.
  • Dünyanı duya bilmək üçün onun ahənginə qatılmaq lazımdır.
  • Dünyanı tam halında yaşamaq olmur; o damla-damla, çiçək-çiçək yaşanır.
  • Dünyanın ancaq öz qəlbimizlə işıqlandırdığımız hissəsi bizə məxsusdur.
  • Dünyanın həqiqətləri elm dilində, insanın həqiqəti isə fəlsəfə dilində yazılmışdır.

E[redaktə]

  • Elm – beyini, sənət – ürəyi, din – ruhu qidalandırır.
  • Elm Təbiət kitabını oxuyur və öyrəndiklərini təbiətin öz üzərində sınaqdan keçirir.
  • Elm və din – hər ikisi idrak müstəvisində dünya nizamına münasibətdir; elmi düşüncə dünya nizamının ayrı-ayrı lokal təzahürlərini aşkar etmək əzmindən, dini hiss – sonsuz, əzəli-əbədi bir nizam qarşısında heyrətdən qaynaqlanır.
  • Elmin mənəvi siması onun kimin əlində olmasından asılıdır.
  • Elmlə din arasında ziddiyyət o zaman yaranır ki, onlar təyinatını unudub bir-birini əvəz etmək istəyir.
  • Eşqsiz insan tək ölümdən yox, həyatdan da qorxur.
  • Eybəcər sifətə adət etmək və uyğunlaşmaq olar, çünki o həmişə eyni cür təzahür edir; eybəcər mənəviyyata isə uyğunlaşmaq olmur, çünki o həmişə müxtəlif formalarda təzahür edir.

Ə[redaktə]

  • Əgər lazımsız işlərə vaxt qalırsa, deməli, hansı isə vacib işlərə vaxt çatmayacaq.
  • Əgər su da təmiz deyilsə, yuyunmağın nə faydası?
  • Əxlaq hüquqdan, din əxlaqdan yüksəkdir.
  • Ən böyük iradə özünü yenidən yaratmaq əzmində təzahür edir.
  • Ən böyük zəfər məğlub etdiyin tərəfin həm də qəlbini fəth etməkdir.
  • Ən çətin əldə olunan azadlıq insanın öz keçmişindən azad olmasıdır.
  • Ən güclü insan da mühitin təsirlərinə məruz qalır.
  • Ən mahir müəllif də yetkin olmayan bir dildə yetkin əsər yaza bilməz.
  • Ən pis xəstəlik “qorxaq” xəstəlikdir; həkimi görəndə gizlənir.
  • Ən sərt adamın da içində bir uşaq yatır; sadəcə onu oyatmaq lazımdır.
  • Əsl qalib yüz dəfə qalib gələn yox, axırıncı qalib gələndir.

G[redaktə]

  • Gələcək o zaman bizimkidir ki, keçmişimizin davamıdır
  • "Gözü ayağının altını seçməyənlər" gec-tez həyatın girdabına düşəcəklər.
  • Güc qaranlıqda qorxunc görünür; onun nəcabəti ancaq xidmət etdiyi amalın işığında üzə çıxır.
  • Günahı ancaq savabla yumaq olar.
  • Günəş qüruba endikcə, kölgə böyüyür.
  • Günəşin başı o tərəfdəki işıqlı həyata qarışmasaydı, bu tərəfi qaranlıq bürüyə bilməzdi.

F[redaktə]

  • Fəlsəfə seçilmişlər, din isə hamı üçündür.
  • Fəlsəfənin gücü – fikrin dərinliyində, dinin gücü – fikrin sadəliyindədir.
  • Fəlsəfi düşüncəni elm və sənətdən fərqləndirən daha bir cəhət fikrin ətaləti və ləngəridir.
  • Fəlsəfi sistemlərin ən böyük naqisliyi daltonizmdir. Dünyanı ancaq ağ və qara rəngdə görənlər reallığa nə qədər yaxınlaşırsa, ancaq varlıq və yoxluqdan, xeyir və şərdən, həqiqət və yalandan çıxış edərək bu kənar hallar arasındakı rəngarəngliyi görməyənlər də reallığı o qədər mənimsəyir.
  • Fikir cəmiyyətə çıxan kimi sahibini unudur: kim onu daha yaxşı mənimsəyərsə, – onun olur.
  • Fikir cövhərini odda yapmasan,
    Soyuq düşüncədən şəfqət sönəcək.
    Sevgi atəşinə hikmət qatmasan,
    Kərəmlər yanaraq külə dönəcək.
  • Fikrin düyün nöqtələri xalçanın ilmələri kimidir.
  • Fikrin haradadırsa, özün də oradasan.
  • Fikrin müəllifi çox vaxt onu ilk dəfə deyən yox, daha gözəl deyən sayılır.

H[redaktə]

  • Hadisələr üçün müxtəliflik, mahiyyətlər üçün eyniyyət və sabitlik səciyyəvidir.
  • Heç bir təmas yoxdursa, alışan təkcə özünü yandırar.
  • Heç nəyə inanmayan adamın guya təkcə Allaha inanmasına inanmayın.
  • Həqiqi din əslində çox vaxt insani keyfiyyət kimi təzahür edir.
  • Hər bir başçı qəlbinin dərinliyində qürurla yanaşı, həm də bir yetimlik duyğusu yaşayır: hamıya böyüklük etsə də, özü böyüksüz qalır.
  • Hər bir insan ancaq öz boyuna biçilmiş bir həyat yaşayanda xoşbəxt ola bilər.
  • Hər bir insan öz sevgisi qədərdir.[2]
  • Hər bir sənət abidəsi canlıdır. Onlar üst-üstə toplansaydı, altda qalanlar nəfəs ala bilməz.
  • Hər insan bir ulduzu, bəşəriyyət – kəhkəşanı xatırladır.
  • Hərdən tənhalığa çəkiləndə mən, Dünya darıxırmı mənsiz görəsən?!
  • Hərə öz qəlbinin dərinliklərindəki işığı üzə çıxara bilsə, dünya daha işıqlı olar.
  • Hərə öz zəmanəsində oturub tarix yaza bilməz; bütün ruhu ilə keçmişə köçmək, dövrün ab-havasına bələd olmaq və indiyə keçmişlə birlikdə qayıtmaq lazımdır.
  • Hərənin öz əqli olmur; əql universaldır, sadəcə kim onun qanadlarında daha uzağa uça bilirsə, o da yeni biliklər fəth edir.
  • Həyat bir silsilədir; Bir fəsil başqa fəsil üçün bir fasilədir.
  • Həyat da, ölüm də eşqin təzahürləridir. Bizim təbiətə sevgimiz həyat eşqidir. Təbiətin bizə sevgisi bizi yenidən əbədiyyətə qaytarmaq əzmidir.
  • Hikmət və nadanlıq insan zəkasının iki nəhayətsiz qütbüdür.

X[redaktə]

  • Xarici aləm əqllə, daxili aləm imanla işıqlanır.
  • Xoşbəxt o adamdır ki, xoşbəxtlik axtarmağa ehtiyacı yoxdur.
  • Xoşbəxtlik indiki gerçəyin keçmişin arzularına uyğun gəlməsidir.

İ[redaktə]

  • İctimai hadisəyə çevrilmiş din artıq din deyil.
  • İç dünyasının naməlum qatları ancaq ilhamlı məqamlarda işıqlanır və sonra yenə qaranlığa bürünür.
  • İçki məclisində ayıq adama münasibət necədirsə, naqis mühitdə düz adama münasibət də elədir.
  • İdrak və inamın hər biri öz yerində gözəldir. Başqasının sahəsinə keçdikdə isə mürtəceləşirlər.
  • İki işığın təmasından daha böyük işıq da yarana bilər, qaranlıq da.
  • İnsan ancaq yaranmaq məqamı çatmış olan şeyi yarada bilər.
  • İnsan bədəni dünyanın, kainatın bir zərrəsi olduğu halda, insan ruhu dünyanı, kainatı ehtiva etmək qüdrətindədir!
  • İnsan bu fani dünyada daim yol gedir ki, nəhayət, onun cazibəsindən kənara çıxsın. Amma bu, ona ancaq ömrün sonunda müyəssər olur.
  • İnsan cismani aləmdəki şeyləri, hadisələri mənimsəyərkən onları şərəfləndirmiş olur.
  • İnsan dəyişdikcə dünya da onun üçün dəyişmiş olur. Müxtəlif inkişaf səviyyələrində insan öz dünyasını hər dəfə yenidən qurur.
  • İnsan dünyası üç təməl üzərində qərar tutur: söz, zəka və əməl.
  • İnsan gələcəyə öz keçmişinin çiynində gedir.
  • İnsan həqiqəti öyrənmək üçün təbiətin dilini öyrənir.
  • İnsan nəzərləri aləmə tuşlanaraq onu ancaq öz baxış bucağında işıqlandırır. Həmin anda insanın özü də məhz öz baxış bucağına bərabər olur.
  • İnsan o vaxt xoşbəxt olur ki, iç dünyası ilə içində yaşadığı dünya uyğun gəlsin.
  • İnsan oğlu hər gün çarmıxa çəkilir; keçmiş ayaqları pərçimləyir, gələcək isə əllərindən tutub dartır.
  • İnsan özündə ən azı rüşeym halında olmayanı başqasında görə bilməz.
  • İnsan sifətini güzgüdə gördüyü kimi, qəlbini də ancaq könül güzgüsündə görə bilə.
  • İnsan var dərya kimidir, baş vurdunsa, çıxmaq çətindir; insan var ki, divar kimidir, qarşında durur və heç nə görə bilmirsən; insan var ki, şüşə kimidir – dünyanı sənə göstərməyə çalışır; insan var ki, ayna kimidir, səni özünə göstərməyə çalışır.
  • İnsanı aşağı çəkən qüvvələr sərvət və şəhvət, insanı ucaldan – yaradıcılıqdır.
  • İnsanı yaşadan, irəli aparan arzulardır. Amma hər bir insanın qəlbinin dərinliyində bir tarixdə qalmaq arzusu da var.
  • İnsanın ən böyük səyahəti öz daxili aləminə səyahətidir.
  • İnsanın ən böyük varı – özünün var olmasıdır.
  • İnsanın xoşbəxtliyi üçün içindəki işıq yetərli deyil; yaşadığı mühit də işıqlı olmalıdır.
  • İnsanın işığı artdıqca bu fani dünya ona daha qaranlıq görünür.
  • İnsanın mənəvi dünyası əslində dünyadakı mənaların dünyasıdır.
  • İnsanın ölçüsü onun imkanlarının sərhəddi ilə müəyyən olunur.[3]
  • İnsanın öz dünyasını genişləndirməsi təkcə öz şəxsi həyatı sayəsində deyil, həm də başqa insanların yaşantılarını da öz dünyasına qatması sayəsində mümkün olur.
  • İnsanın özünü xoşbəxt hesab etməsi ilə xoşbəxt olması düz, bilikli hesab etməsi ilə bilikli olması isə tərs mütənasibdir.
  • İnsanın ruhun iki qütbü arasında hansı məqamda qərar tutması əqldən asılı olur.

K[redaktə]

  • Kainatın insan dünyasında tutduğu yer bəzən insanın kainatda tutduğu yerdən də kiçik olur.
  • Keçmiş – xatirələrdə, gələcək isə xəyallarda yaşayır.
  • Keçmişi də, gələcəyi də ancaq indinin işığında görmək olar.
  • Keçmişi dəyişmək olmaz, deyirlər; amma biz dəyişdikcə keçmiş sanki dəyişir və qarşımızda hər dəfə yeni bir keçmiş canlanır.
  • Keçmişimizin izlərini tarixin qaranlıqlarında deyil, bu günümüzün iç qatında axtarmalıyıq.
  • Kəşfiyyat yaxşı işləməyəndə düşmən gücündən xəbərsiz olursan. Amma ən pisi öz gücünü düzgün dəyərləndirə bilməməkdir.
  • Kimə aşiq olmaq adamın iradəsindən asılı deyil, amma səviyyəsindən asılıdır.
  • Kimlərsə yaşadığı yeri gözəlləşdirmək üçün tər tökür, kimlərsə sadəcə gözəl yerə köçür.
  • Kimsə deyib ki, “çox oxuyan çox bilməz, çox gəzən çox bilər”. Lakin çox gəzənlərin çoxu könül evindən bixəbər qalıblar.
  • Kitab ol, hamıya açılma; qoy səni ancaq anlayanlar oxusun!
  • Kol-kola söykənibdir, gülsə tikan üstədir. Yaxşılar ayrı düşüb, Yamanlarsa dəstədir.
  • Kölgəni yox edə bilmək üçün günəş öz zirvəsinə qalxmalıdır.

Q[redaktə]

  • Qanun hamı üçün eynidir; ləyaqət isə hər bir insanın özü üçün könüllü qoyduğu əlavə qadağalarla müəyyənləşir.
  • Qaranlıq işığın yoxluğundan, kölgə işığın çoxluğundan törəyir.
  • Qəlb o zaman geniş olur ki, orada hər yetənə yer olmasın.
  • Qüdrət əqllə ruhun ittifaqındadır; ayrılıqda əql ağıla, ruh – ehtirasa çevrilir.

L[redaktə]

  • Ləyaqətli adamlar – yaxşılığı, naqislər isə – pisliyi unutmurlar.
  • Ləyaqətsiz adamı təhqir etmək mümkün deyil.

M[redaktə]

  • Mahiyyətlər heç vaxt itmir; zaman keçdikcə müxtəlif libaslarda yenidən üzə çıxır.
  • Mən heç vaxt gələcək haqda düşünməyə macal tapmıram. O, kifayət qədər tez gəlib çıxır.
  • «Mən»dən uzaqlaşdıqca dünya genişlənir və genişləndikcə yadlaşır.
  • Mənəvi dəyər maddi meyarla ölçülə bilməz.
  • Mənəvi dünya “iç aləmi” sayılsa da, onun da öz içi və çölü, əlçatmaz göyləri vardır.
  • Mənəviyyatca zəngin adamlar – sadə, maddi imkan baxımından zəngin adamlar – təkəbbürlü olurlar.
  • Məntiqi ilahiləşdirənlər ilahi hissdən məhrum olurlar.
  • Müasirlik mənəviyyatın zamana uyğunlaşmış, amma hələ zamanın sınağından çıxmamış üst qatıdır.
  • Müasirlik zəmanəyə bənzəməkdir.
  • Müdrik adamın faciəsinə şərik ol, nadan adamın xoşbəxtliyinə şərik olma.
  • Müəyyən bir həddə çatanda pul öz sahibini də satın alır.
  • Müqəddəslik duyğusu itən yerdə şər ağacı bitər.
  • Mütləq gözəllik həm də mütləq varlığın ifadəsidir, nisbi gözəllik varlığın da nisbiliyinə dəlalət edir.
  • Mütləqi də, mahiyyəti də, sonsuzluğu və əbədiyyəti də insan ancaq ruhunun ənginliyində tapa bilər.

N[redaktə]

  • Nadan adamın yaxşılığı ilə pisliyi arasında niyyət fərqi olar, nəticə fərqi olmaz.
  • Nisbi müqəddəslik duyğuları olmadan mütləq müqəddəslik duyula bilməz.
  • Nizam öncə xaosun bətnində olur və ancaq üzə çıxdıqdan sonra biz onu görə bilirik.
  • Nura qovuşa bilməyənlərin qisməti nardır.

O[redaktə]

  • Odu sevənlər müxtəlif olur; kimi istisinə, kimi tüstüsünə, kimi işığına görə; kimi öz “canını oda yaxmaq” üçün, kimi başqalarını yandırmaq üçün.
  • Onda ki, yalan taxta çıxır,

Saf almaz saxta çıxır.

  • Ordu torpaqları, kitab könülləri fəth edir.

Ö[redaktə]

  • Ömür çox ölçülüdür və hər ölçüdə fərqli bir həyat yaşanır.
  • Öz yükünü sakit şəraitdə, günəşli gündə çəkməyənlər qarda-boranda tələm-tələsik çəkmək zorundadırlar.
  • Özün kimi ol: onda səni istəyənlər səni tapacaq, istəməyənlər səndən qaçacaq.
  • Özündən daha qaba gücə rast gəlməyincə ağıl yada düşmür.
  • Özünə inanmayan adam özünü yaradana da inana bilməz.
  • Özünü hisslərin ixtiyarına buraxmaq vəhşi azadlığın əlamətidirsə, hissləri cilovlamaq şəxsiyyət azadlığının əlamətidir.
  • Özünü nəfsin ixtiyarına buraxanlar – ağıla, ancaq ağılla yaşayanlar isə özünə xəyanət edir.
  • Özünü sevənlərin çoxu əslində özünü deyil, özləri haqqında uydurduqları obrazı sevirlər.
  • Özünü tanımaq heç də hamıya sərf etmir.
  • Özünü tanımayan insanlar öz həyatlarını yaşamırlar.
  • Özünüdərk dünyanın dərkindən keçir.

P[redaktə]

  • Pis adamın biliklisi daha təhlükəlidir.
  • Pisi söyməkdənsə, yaxşını öymək yaxşıdır.
  • Pislər pisləri – pis olduğu üçün, yaxşıları da – yaxşı olduğu üçün sevmirlər.
  • Pul da silah kimi ağıllı adamda olanda onu qoruyur, naqis adamda olanda həm özü, həm də ətraf üçün təhlükəyə çevrilir.
  • Pul qazanmaq qabiliyyət tələb edirsə, onu düzgün xərcləmək ikiqat qabiliyyət və mədəniyyət tələb edir.

R[redaktə]

  • Riyakar adamların qiyafəti işıq, məzmunu kölgədir.
  • Riyakarlıq zəiflərin silahıdır.
  • Ruh dünyasının dərinliklərinə ancaq dini hissin köməyi ilə girmək mümkün olur.
  • Ruhun əqldən ayrılması iki cür ola bilər: birincisi, ruh göylərə yüksəlir və öz ilahi mənşəyinə qayıdır; ikincisi, yerə enir və bədənlə onu bağlayan məqamda qərar tutur.

S[redaktə]

  • Sadəlik və sadəlövhlük çox vaxt qarışıq salınır, halbuki biri ürəyin təmizliyindən, o biri ağlın zəifliyindən irəli gəlir.
  • Sahibsiz fikrə sahib çıxan çox olur.
  • Sahil ümiddir; gözdən itəndə dənizdə ancaq vahimə qalır.
  • Sevgi daha çox qeyri-müəyyənliklə, müəmma ilə, sirr və sehrlə əlaqədar olub, əslində bir möcüzə axtarışıdır.
  • Sevgi hissindən məhrum olan adam dindar ola bilməz.
  • Səbr insana ömrü boyu dözmək üçün yox, məqamı düzgün seçmək üçün lazımdır.
  • Səxavət – həddini keçəndə israfçılığa, sevgi – həddini keçəndə məcnunluğa çevrilir.
  • Sənə yardım edənlərə yardım etməyi arzulama. Sən də sənə ehtiyacı olanlara yardım et!
  • Sənətkar ancaq müəyyən bir məqama yüksələrkən yarada bilir.
  • Silah zəiflə güclü arasında fərqi aradan götürür.
  • Simasızlıq əslində simaların çoxluğundan irəli gəlir.

Ş[redaktə]

  • Şərab insanı riyakar edir: ağlını alıb ona ən ağıllı olduğunu, gücünü alıb ən güclü olduğunu təlqin edir, sağlığını alıb sağlıq dedirdir.
  • Şərqi geri qoyan ətalət qüvvəsinin böyüklüyü yox, hərəkətverici qüvvənin kiçikliyidir; mənəvi sədlərin yüksəkliyi yox, intellektual cəhdlərin zəifliyidir.

T[redaktə]

  • Tarix iki halda təkrarlanır: ibrət götürəndə – yaxşı məqamlar, götürməyəndə pis məqamlar təkrar olunur.
  • Tarix hadisələr səviyyəsində qərar tutur, elm hadisələrdən mahiyyətə gedir, fəlsəfə isə mahiyyətdən başlayır.
  • Təbiət ancaq qaydalardan ibarət olsaydı, darıxdırıcı olardı. İnsanın hərdən bir möcüzələrə də ehtiyacı vardır.
  • Təbiət kitabı nağıl dünyasını xatırladır; axırıncı otağa çatanda, yenə qırx qapı açılır.
  • Təfərrüatlarda ilişib qalanlar mahiyyətə çata bilmirlər.
  • Təxəyyül hadisələri zaman və məkan məhdudiyyətindən azad edir.

V[redaktə]

  • Vaxtsız çiçək açan arzular bar verməz.
  • Vəzifəli şəxslər öncə ətrafındakı yaltaqların xoş yalanlarına birtəhər dözür, sonra onlara vərdiş edir və tək-tük düz danışanlara birtəhər dözürlər. Və nə vaxtsa daha buna da dözə bilmirlər.

Y[redaktə]

  • Yaxındakı köz uzaqdakı Günəşdən daha betər yandıra bilər.
  • “Yaxşılıq da, pislik də gec-tez adamın özünə qayıdır”. Sadəcə pisliyi kimə edibsənsə, ondan gözlə, yaxşılığı – Haqqdan.
  • Yalnız işıq var, qaranlıq işığın yoxluğudur.
  • Yandırmasa idi, atəşi daha parlaq nur zənn edərdilər.
  • Yaradana inanmağın ən mühüm şərtlərindən biri insanın öz yaratdıqlarının da Yaradan tərəfindən yaradıldığına inanmasıdır.
  • Yaşadığımız dünya ona görə fani və naqisdir ki, burada xalis heç nə yoxdur; işıq qaranlıqla, əql nadanlıqla, xeyir şərlə, ideya maddiyyatla qatışıq haldadır.
  • Yaşamaq – sadəcə nəfəs almaq deyil, həyatın nəfəsini duymaqdır.
  • Yeni cümlə başlamaq üçün əvvəl nöqtə qoymaq lazımdır.
  • Yer özü də göyün ənginliyindədir; göydən yerə baxa bilsən
  • Yolların ən mübarəki insanı özünə çatdıran yoldur.
  • Yolu ağıl seçir, iradə hərəkətə gətirir, inam isə yola işıq salır.

Z[redaktə]

  • Zavallı olmaq kimə isə haqq qazandıra bilməz; zəhmət çəkib güclü olmaq lazımdır.
  • Zəif iradələr güclü iradənin təsir dairəsinə düşəndə tərksilah olur və insan öz simasını itirir.
  • Zəiflərin faciəsi üçün güclülər məsuliyyət daşıyır.
  • Zəmanə ancaq dayazda olanları dəyişir; dərin qatlara nüfuz edə bilmir.
  • Ziyankar adam düşünür ki, hələ ziyan vurmadığı adamlar ona minnətdar olmalıdırlar.
  • Zoru düzgün dəyərləndirəndə, onu zərərsizləşdirmək də asan olur.
  • Zülmət çoxaldıqca ömrü qısalar.

İstinadlar[redaktə]