Azərbaycan atalar sözləri/G

Vikisitat saytından
Keçid et: naviqasiya, axtar
< Azərbaycan atalar sözləri
  • Gah nala döyür, gah mıxa.
  • Gavur çörəyi yeyən gavur üçün qılınc çalar.
  • Gec gələn qonaq öz kisəsindən yeyər.
  • Gec-gec gəldin, xoş gəldin, tez-tez gəldin, nöş gəldin.
  • Gecə dırnaq kəsən, gündüz nağıl deyən, həlbət gora gələrsən!
  • Gecənin xeyrindən gündüzün şəri yaxşıdır.
  • Gedən bağdan gedər, bağbandan nə gedər.
  • Gedən qaroy, yol qara...
  • Gedənə yoldaş, gələnə qardaş.
  • Gedəni saxlamaq olmaz.
  • Gedər bağlar qorası, qalar üzlər qarası.
  • Gedər bu aclıq, gələr ucuzluq, amma səndə qaldı kömbə yanığı.
  • Gen qaz, dərin qaz, özün düşərsən.
  • Gendən baxana döyüş asan görünər.
  • Get çanağım, gəl çanağım, ortalıqda sın çanağım.
  • Get özünə dost qazan, düşmən ocaq başındadır.
  • Getdim dərdli yanına, o, məndən narın ağladı.
  • Getdim yarım yanına, qadam cicim canına.
  • Getmə gözümdən, gedərəm özümdən.
  • Getməsin o yaman ki, yerinə yaxşı gəlməz.
  • Geyişməyən yerdən qan çıxarma.
  • Gədadan bəy olmaz.
  • Gədadan borc alma, ya toyda istər, ya bayramda.
  • Gəldi əcəl, verməz macal.
  • Gələcəyin var, görəcəyin də var.
  • Gələn adam qismətinə gələr.
  • Gələn gedənin dədəsinə rəhmət oxudur.
  • Gələndə yel gətiri, el gətiri, sel gətiri, gedəndə yel aparı, el aparı, sel aparı.
  • Gələnə yoldaş, gedənə qardaş.
  • Gəlin atlandı, gör kimə düşdü.
  • Gəlin bəzənənəcən toy sovuşdu.
  • Gəlin bəzənincə toy əldən gedər.
  • Gəlin gəlin deyil, gəldiyi yer gəlindir.
  • Gəlin ocağa, bərəkət bucağa.
  • Gəlin ocağa çəkər.
  • Gəlin ocağa gələr.
  • Gəlin oldun, dilini çək.
  • Gəlin oynaya bilmədi, dedi: otaq əyridi.
  • Gəlini evdən qoruyarsan, oğru olar.
  • Gəlirinə bax, xərc eylə.
  • Gəlmisən ayran içməyə, gəlməmisən ara açmağa.
  • Gəlmişdi kabab iyinə, gördü eşşək dağlayırlar.
  • Gəmidə oturub gəmiçi ilə dava eləmə.
  • Gəmisini batıran, çarığını axtarmaz.
  • Gənəşəkli don gen olar.
  • Gəzdim İran, Turanı, cənnət gördüm buranı.
  • Gəzən ayağa daş dəyər.
  • Gəzən şələ bağlamaz.
  • Gəzəyən gəlinlə güləyən qızdan çarşı-bazardakı lotu yaxşıdır.
  • Gəzəyən qızdan gəlin olmaz.
  • Gizli düşmən ilan kimidi, sürünə-sürünə gələr.
  • Gizlin kələ gedən aşkar doğar.
  • Gordan biz gəlirik, cəhənnəmdən sən xəbər verirsən.
  • Gödək atıldı vurdu uzunun başına; uzun dedi: "əcəb yadıma saldın".
  • Gönü suya vermə, verdin heyfsilənmə.
  • Gördü - hənək, görmədi - gerçək.
  • Gördüyünü qoyub eşitdiyinə inanma.
  • Görən gözə kül üfürmə.
  • Görən gözə yasaq olmaz.
  • Görənin gözün töküncə, götürənin əlin kəs.
  • Görməmiş gördü, gülə-gülə öldü,
  • Görməmiş gördü gümüş, oldu qudurmuş.
  • Görməmişə at versən, çapıb-çapıb öldürər.
  • Görsənən dağ bələdçini neyləyir?
  • Görünən kənd bələdçi istəməz.
  • Görülmüş işdən gül iyi gələr.
  • Göy ağlamayınca, yer gülməz.
  • Göydən nə yağdı ki, yer onu qəbul eləmədi?!.
  • Göyçək sözün ardı tükənməz.
  • Göz gördü, könül sevdi, mənim nə günahım var?!.
  • Göz gördüyündən qorxar.
  • Göz gördüyünə inanar.
  • Göz görməsə könül sevməz.
  • Göz görməz, üz utanmaz.
  • Göz qənimini tanıyar.
  • Göz namərddir; qorxudar.
  • Göz yaşı da borcdandı.
  • Gözdə olmayan könüldə də olmaz.
  • Gözdən uzaq olan könüldən də uzaq olar.
  • Gözə gəlməyən gəlinin salamı savaşdır.
  • Gözəl ağa çox gözəl idi, vurdu çiçək də çıxatdı.
  • Gözəl aşı tez bişər.
  • Gözəl bürünər, çirkin görünər.
  • Gözəl göz üçün, ağıllı könül üçün.
  • Gözəl gözəl deyil, könül sevən gözəldir.
  • Gözəl kamallı gərək.
  • Gözəl nazlı gərək.
  • Gözəl sevməyə tövbə olmaz.
  • Gözəldə etibar olmaz.
  • Gözələ baxmaq göz qaydasıdır.
  • Gözələ göz dəyər, qəlbə söz.
  • Gözəllərdə vəfa olmaz.
  • Gözəllik qarın doyurmaz.
  • Gözəllik ondur, doqquzu dondur.
  • Gözləmədiyin daş, yardı baş.
  • Gözlərin aydın olsun, pişiyimiz oğlan doğub!
  • Gözsüz yaşamaq olar, amma Vətənsiz yox.
  • Gözü ancaq torpaq doyurar.
  • Gözü tox olanın könlü də tox olar.
  • Gözün alışmadığı işə girişmə.
  • Gözünün yaşına baxaq, ya əlinin daşına?!
  • Guşə daşı yerdə qalmaz.
  • Güc birlikdədir.
  • Gücü çatana donuz güddürür.
  • Gücünə bax, şələni bağla.
  • Gül istəyən, tikanı da istəmək gərək.
  • Gül tikansız olmaz.
  • Gülmə gülünc olana, özün gülünc olarsan.
  • Gülmə qonşuna, gələr başına.
  • Gülün qədrin bülbül bilir.
  • Gülünə bax, qönçəsini dər.
  • Gün çıxar, aləm görər.
  • Gün doğuşundan bəllidir.
  • Gün keçər ömür gedər, dəli sevinər ki, bayram gəlir.
  • Günah öləndə olar, öldürəndə yox.
  • Günbəz görür, elə bilir içində imamzadə var.
  • Gündə-gündə, bir gün səndə, bir gün məndə.
  • Gündüz getmədiyin yolu gecə getmə.
  • Günü günüdən günü əsirgər.
  • Günü gününün ölümün istər.
  • Günü xoş geçənə Tanrı da xoş baxar.
  • Güvəs daşa toxunsa - vay güvəsin halına, daş güvəcə toxunsa - vay güvəcin halına.
  • Güvəc görməyən qazan görəndə xorlar.
  • Güvəcə verə-verə çıxır qazan bahası.
  • Güvəci ya sındır, ya dağdan yuvarlat.
  • Güvəndiyin alçacıq dağlar, sizə də qar yağarmış?!.
  • Güvənmə vara, düşərsən dara.

Mənbə[redaktə]

  • Ağıla və qəlbə işıq saçan sözlər. Bakı,2014