Məzmuna keç

Azərbaycan atalar sözləri/N

M Azərbaycan atalar sözləri
Müəllif: Şifahi xalq ədəbiyyatı
O
Sister Projects. Həmçinin baxın: Haqqında •


  • Nabələdə gün də buluddur.
  • Nacins ağac düyünlü olar.
  • Nacins qarpızın tumu çox olar.
  • Nadan dostdan ağıllı düşmən yaxşıdır.
  • Nadan əlindən su içmə, ab-həyat olsa da.
  • Nadan özünü öyər, kor gözünü.
  • Nadana halva acı olar.
  • Nadanı kötək düzəldər, qozbeli qəbir.
  • Nadanın düşməni özüdür.
  • Nadanlıq nəsilnən, insanlıq əsilnən
  • Nadiri taxtda görüb, Şah Abbası qundaqda.
  • Nadürüst nəslinə çəkər.
  • Nahaq ayaq tutub yeriməz.
  • Nahaq iş ayaq tutmaz.
  • Nahaq qan batmaz.
  • Nahaq qan yerdə qalmaz.
  • Nahaq qapıdan gələndə haqq bacadan çıxar.
  • Naxçıvanın duzu, qızı, qarpızı.
  • Naxır gəlməsə, axşam olmaz.
  • Naxır itib, ala dananı qovur.
  • Naxır yeri ilə gedib, ala dananı axtarır.
  • Naxır yerli-dibli yoxdur, bu, ala dana axtarır.
  • Naxıra gedirəm — çoban olmaz, axura gedirəm — saman.
  • Naxırçı qızı arpa çörəyi arzular.
  • Naxırçı qızı naxırçı çörəyi arzular.
  • Naxırçı qızından xanım olmaz.
  • Naxırçı qızını verdi, torpa dağarcığı da üstəlik.
  • Naxırçı qızının qeyrəti naxır gələndə tutar.
  • Naxırçının faydası havayı eşşək minməkdir.
  • Naxırçının könlü naxır çörəyi istər.
  • Naxırda malın yox, növbədə başın yarılır.
  • Nakəsə borclu olma.
  • Nakəslə comərdin xərci birdir.
  • Nakəslərə yoldaş olan xar olur
  • Naqqa balıq tasa yerləşməz.
  • Naqqalar olmasaydı, dünya laləzara dönərdi.
  • Nağd alverdən ətir iyi gələr.
  • Nağdı əldən vermə. (Nağdı qoyub nisyənin dalınca düşmə).
  • Nağıl dili yüyrək olar.
  • Nalını almamış mıxını çalma.
  • Namaz qıla-qıla yıxdın evimi, indi başlamısan həccə getməyə.
  • Namaza meyli olanın qulağı azanda olar.
  • Namazdan əvvəl boğazdır.
  • Namazı əkib, orucluğa gedir.
  • Namə vüsalın yarısıdır.
  • Namə yazmaq asandır, yetirmək çətin.
  • Namərd adam haqqı qoyub, nahaqqın dalınca gedər.
  • Namərd gəlib mərd olmaz. Boyunca qızıl qala.
  • Namərd gəlib mərd olmaz, yüz ətəklə, yüz yalvar.
  • Namərd körpüsündən rahat keçincə, qoy aparsın o sellər məni.
  • Namərd namərddən kəsər, Allah da hər ikisindən.
  • Namərd yəhərdə tanınar, mərd kəhərdə.
  • Namərdə tuş olanın ciyəri qana dönər.
  • Namərdə yaxa vermə, mərdə arxa ol.
  • Namərdə möhtac olma.
  • Namərdə möhtac olunca dəryada qərq ol
  • Namərdə tuş olanın ürəyi qana dönər.
  • Namərddən keç, mərddə dur.
  • Namərdi bir gördün, bir də görsən namərdsən.
  • Namərdi qova-qova mərd eylərsən
  • Namərdin adı olmaz.
  • Namərdin çörəyi dizinin üstə olar.
  • Namərdin gözü dar olar.
  • Namərdin otağından, mərdin ağac kölgəsi.
  • Namərdin plovundan, mərdin qaşıq aşı.
  • Namərdin sözünü söz eləmək olmaz.
  • Namı-nişanı qalmayıb.
  • Namus gedər, dönməz geri, yoxdur onun bəlil yeri.
  • Namus insanın cövhəridir.
  • Namus insanın qan bahasıdır.
  • Namussuz qohum qoltuq yarasıdır, nə açıb göstərmək olur, nə qoparıb atmaq.
  • Namusu itə atdılar, it yemədi.
  • Nanəcibdən ağa olmaz, təkədən qoç.
  • Nanəcibdən kənar gəz.
  • Nanəcibə hörmət edərsən, deyər ki, məndən qorxur.
  • Nanəcibə min dəfə yaxşılıq et, bir dəfə salam verməsən hamısı heçdir.
  • Nanəcibə salam verərsən, deyər — Qorxdu məndən.
  • Nanəcibə salam ver, keç.
  • Napakı hamam təmizləməz.
  • Nar ağacı — istək ağacı.
  • Nar üstündən turp yeməzlər.
  • Naşı bilməz xara nədir, bez nədir?!
  • Naşı oğru özünü samanlığa vurar.
  • Naşı ovçu dağı adlayar, ov vura bilməz.
  • Naşılığını mənim başımda göstərir.
  • Naşıya zurna verəndə yoğun başından yapışar.
  • Naümid şeytandır.
  • Necə gəlmisən, elə də get.
  • Neştərsiz əqrəb olmaz.
  • Neyləyirəm gözəlliyi, gözəl baxtım olaydı.
  • Neyləyirəm qızıl taxtı, bir qızıl baxtım olaydı.
  • Neyləyirəm qızıl teşti, içində qan qusacam.
  • Nə ağacı tovla, nə də iti hürdür.
  • Nə ağız yandıran aşdır, nə baş sındıran daş.
  • Nə alacağı var, nə verəcəyi.
  • Nə alandır, nə satan.
  • Nə altda undur, nə üstdə kəpək.
  • Nə arabada, nə dünbədə.
  • Nə at var, nə meydan.
  • Nə baxırsan taxtına, sən baxginən baxtına.
  • Nə bağım var, nə də çaqqalla davam.
  • Nə balanı istəyirəm, nə də balasını.
  • Nə başı var, nə ayağı.
  • Nə belə vəslin olaydı, nə elə hicranın.
  • Nə biçinini biçirəm, nə ayranını içirəm.
  • Nə coraba yamaqdır, nə tumana bağ.
  • Nə çəkərsə öküz çəkər, araba yolu ilə gedər.
  • Nə daş atdın ki, qolun da ağrısın.
  • Nə dəlini işlət, nə də dəli üçün işlə.
  • Nə dərin suya gir, nə də Xıdır Nəbini çağır.
  • Nə dəvəni görmüşəm, nə də ləpirini.
  • Nə dəvənin südün istə, nə ərəbin üzün gör.
  • Nə dil bilsin, nə dodaq.
  • Nə diriyə hay verər, nə ölüyə pay.
  • Nə doğrarsan aşına, o çıxar qaşığına.
  • Nə dost kimi dostdur, nə düşmən kimi düşmən.
  • Nə əkərsən, onu da biçərsən.
  • Nə ərəbin üzün gör, nə Şamın şəkərin.
  • Nə gecəm gecədir, nə gündüzüm gündüz.
  • Nə gələndən üz çevir, nə gedəni qovan ol.
  • Nə görməli günlərim varmış!…
  • Nə görmüşəm, nə eşitmişəm.
  • Nə günahı var, nə savabı.
  • Nə xalqa dayaqdır, nə palaza yamaq.
  • Nə xeyrə yarar, nə şərə.
  • Nə ilə ölçərsən, onunla da ölçülərsən.
  • Nə ins var, nə cins.
  • Nə istərsən bacından, bacın ölür açından.
  • Nə istisi var, nə soyuğu.
  • Nə işim var bayırda, çaqqal məni çığırda.
  • Nə işim var, nə macalım.
  • Nə it yiyəsdir, nə gön yiyəsi.
  • Nə itirib, nə axtarırsan?
  • Nə iyi var, nə səsi.
  • Nə izi var, nə tozu.
  • Nə qaldırsa üzünə, o görünür gözünə.
  • Nə qanır, nə də qandırır.
  • Nə qədər qoca olsa, min cavana dəyər.
  • Nə qədər uzaq olsa, yol yaxşıdır, nə qədər yaman olsa, el yaxşıdır.
  • Nə qədər uzun olsa lülə, bir o qədər uzun gedər güllə.
  • Nə qorx, nə də qorxunu ürəyindən çıxart.
  • Nə qoyun olub otdan doydum, nə quzu olub süddən
  • Nə qoyuna gedər, nə qapıda hürər.
  • Nə mülk ilədir, nə mai ilədir, gülüm, ululuq kamal ilədir.
  • Nə o yanlıqdır, nə bu yanlıq.
  • Nə ölən kimi ölür, nə də qalan kimi qalır.
  • Nə ölüyə hay verir, nə diriyə pay.
  • Nə özü işləyir, nə də işləyəni qoyur işləsin.
  • Nə özü yeyir, nə itə verir, iylətdirir, itə verir.
  • Nə özündədir, nə sözündə.
  • Nə salam, nə kəlam.
  • Nə sən dedin, nə mən eşitdim.
  • Nə sən gəl, nə ilin axır çərşənbəsi.
  • Nə sərvətə bel bağla, nə fələyə güvən gəz.
  • Nə səs var, nə səmir.
  • Nə soyuğa tabım var, nə pulum var kürk alım.
  • Nə şaşqın ol basıl, nə daşqın ol, asıl.
  • Nə şeytan görüm, nə qulfallah oxuyum.
  • Nə şeytanı gör, nə bismillah de.
  • Nə şilləmsən, nə şapalağım.
  • Nə şiş yansın, nə kabab.
  • Nə titrərsən, əllərim, verməyincə ala bilməzsən.
  • Nə tiyanda barama var, nə cəhrədə ipək.
  • Nə tökərsən aşına, o da cıxar qaşığına.
  • Nə tüfəngə çaxmaqdır, nə dünbəyə toxmaq.
  • Nə ucu var, nə bucağı.
  • Nə ucudu, nə ortası, qırılıb qarın qartası.
  • Nə umursan bacından, bacın ölür acından.
  • Nə vaxt tülkü olsan, çarığımı çeynərsən.
  • Nə varlıya borclu ol, nə yoxsuldan alacaqlı.
  • Nə ver, nə al.
  • Nə ver, nə də dalınca get.
  • Nə vermişdi ki, ala bilmədi?!
  • Nə versən adındı, nə yesən dadındı, qalanı yadındı.
  • Nə yada sirrini ver, nə namərdə bel bağla.
  • Nə yaraşır arığa, gedə girə qoruğa?
  • Nə yardan doyur, nə əldən qoyur.
  • Nə yaş olub sıxılmalı, nə quru olub qırılmalı.
  • Nə yatdı ki, nə yuxu görsün?!
  • Nə yatdıq, nə uzandıq, hazır oğlan qazandıq.
  • Nə yazılıb, o da olacaq.
  • Nə yer qəbul eləyir, nə göy.
  • Nə yeyilir, nə atılır.
  • Nə yoxsuldan alacağım olsun, nə varlıya verəcəyim.
  • Nə yoğurdum, nə yapdım, hazırca kökə tapdım.
  • Nə zalım ol asıl, nə miskin ol basıl.
  • Nəbzi mənim əlimdədir.
  • Nəcabət adamın zatında olar.
  • Nəcabət ata-ana ilə ölçülməz.
  • Nəciblik canda deyil, qandadır.
  • Nəfəs haqdandır.
  • Nəfəs nəfəsdir, bədnəfəsin adı bədnamdır.
  • Nəfəsi gedir gəlir yalandır.
  • Nəfəsi isti yerdən çıxır.
  • Nəhəng dəryada olar.
  • Nələr gəldi, nələr keçdi fələkdən?!
  • Nənə evin kötüyüdür.
  • Nənə nəvənin oyuncağıdır.[1]
  • Nənə yarım dənə ilə də keçinər.
  • Nənəsinə naməhrəmdir.
  • Nər yükünü nər çəkər.
  • Nərdivana ilk pillədən çıxarlar.
  • Nərin dili bağlı gərək.
  • Nəslində olan dırnağında bildirər.
  • Nəvə övladdan şirindir.
  • Nəzir seyidə düşər, fitrə yoxsula.
  • Nisyə baldan nağd sirkə yaxşıdır.
  • Nisyə çaxır içən iki dəfə keflənər.
  • Nisyə — girməz kisəyə.
  • Nisyə quyruqdan nağd yumruq yaxşıdır.
  • Nisyə vermərəm, dalınca da getmərəm.
  • Niyə elə yerdə yatıram ki, altıma su düşsün?!
  • Niyyətin hara — mənzilin ora.
  • Noxudların hesabına baxanda gorünür heç bayram olmayacaq.
  • Novruzdan sonra qırx gün kötük yanar.
  • Novruzgülü ilə bənövşə bir-birini görməzlər.
  • Nökər nədir, bekar nədir?
  • Nökərsən, niyə bekarsan? Aç qapını, ört qapını.
  • Növbə bizə çatanda çırağın yağı qurtarar.
  • Növbə yetimə çatanda qaşığın dəstəsi sınar.
  • Növbə yetimə çatanda ya hərifin pulu qurtarar, ya çırağın yağı.
  • Nuh deyər, peyğəmbər deməz.
  • Nuh əyyamından qalıb.
  • Nuh-Nəbidən qalıb.
  • Nur gözdə olar.

İstinadlar

[redaktə]
  1. Azərbaycan folkloru antologiyası. VII cild. Qaraqoyunlu folkloru. Tərtib edənlər: f.e.n. Hüseyn İsmayılov, Qurban Süleymanov. Elmi redaktoru prof. Qara Namazov. Bakı–"Səda"–2002, səh: 192–220