Azərbaycan atalar sözləri/X
Görünüş
←H | Azərbaycan atalar sözləri Müəllif: Şifahi xalq ədəbiyyatı |
İ→ |
Həmçinin baxın: Haqqında • |
- Xain adam xoflu olar, kor ürkəyən.
- Xain dost, dəli düşmən, göz tikər ölən günə.
- Xain gözdən, mərd üzdən bilinər.
- Xain xəyanətinin cəzasını mütləq çəkər.
- Xain xofli olar, kor hürkən.
- Xain qorxaq olar.
- Xain suçlu olar
- Xainə sürü göndər, yenə cibin güdər.
- Xal üzün bəzəyidir.
- Xala evinə dadanan, ər evində dayanmaz.
- Xalam bildi - aləm bildi.
- Xala, xala təndiri qala, aşı bişirib, nimçəni yala.
- Xala, xala təndiri qala, kösövü götür, odu qurdala.
- Xalam gəzəyən olsa idi, bizə də gələrdi.
- Xalam kişi olsa idi, ona dayı deyərdim.
- Xalamdan bir dilək dilərəm, versə də xalamdır, verməsə də.
- Xalamın saqqalı olsaydı, mən ona dayı deyərdim.
- Xalça salan özü oturar.
- Xalçalı gəl, xalçalı get.
- Xalına bax, xalı toxu.
- Xalını xovuna sığallarlar.
- Xalının tozu tükənər, dəlinin sözü tükənməz.
- Xalq gedər quş gətirər, Xanalı bayquş gətirər.
- Xalq kəsən barmaq qanamaz.
- Xalq qız verib quda qazandı, biz qız verib qada qazandıq.
- Xalq necə, biz də elə.
- Xalqa adətdir, bizə bidət?.
- Xalqa it hürəndə, bizə də çaqqal ulayar.
- Xalqa qarın ağrısı gələndə bunun tuman bağı əlindədi.
- Xalqın ağzı faldır.
- Xalqın ağzına qıfıl vurmaq olmaz.
- Xalqın ağzını bağlamaq olmaz.
- Xalqın eybini söyləyən, özü eyibli olar.
- Xalqın fikrini çəkib qocalmaqdansa, öz dərdini çək, ucal.
- Xalqın qapısını el döyür, bizim qapımızı - yel.
- Xalqın sədası, haqqın nidasıdır.
- Xalqınkı ipək olur, bizimki köpək.
- Xallı üz göyçək olar.
- Xaltanı aslan boynuna vurmazlar.
- Xalvar sənin evində, talvar sənin evində, daş vurarsan toz çıxar, nə var sənin evində?
- Xam atı minməkdən, çullamağı çətindir.
- Xam dəmir döyülməz.
- Xam yer axtarır bostan atmağa.
- Xamın gözü böyük olar.
- Xamır yeyənə etibar yoxdu.
- Xan arıqlayanda rəiyyətin canı çıxar.
- Xan evi - bəla evi.
- Xan eylər xan divanı.
- Xan qapısında işləyənin ayağını daş aparar.
- Xan qulluğuna gedən atlı gedər, piyada qayıdar.
- Xan məni dindirdi.
- Xana nökər olanın börkü haça olar.
- Xana yaradı, bəyə yaradı, keçəl Xondi, sənə yaramadı?!
- Xandan gələn nökərəm, dişlərini tökərəm.
- Xanəndə məclisin bəzəyidir.
- Xanım-xanım dedilər, axçacığım yedilər, eylə ki, axşam qurtardı, zır tut xanım, dedilər.
- Xanım xanım dedilər, var-yoxunu yedilər.
- Xanım qırsa - qəza, nökər qırsa cəza.
- Xanım qız xalasına oxşar, yaxşı oğlan – dayısına.
- Xanım sındıran qabın səsi çıxmaz.
- Xanın gözü dörd olar.
- Xanla plov yemirəm, bığlarım yağa batar.
- Xaraba şəhərə qala nə lazım.
- Xarabadan tüstü çıxmaz.
- Xarallara sığmayan canım, torba-dağarcığz sıxıldı.
- Xasiyyətini bilmədiyin atın arxasına keçmə.
- Xasiyyətini bilmədiyin itin quyruğunu əlləmə.
- Xata xata üstündən gəlməsə, bir xataya nə var.
- Xata məndən, əta səndən.
- Xeyir Allahdan, şər şeytandan.
- Xeyir de, xeyir taparsan.
- Xeyir dilə qonşuna, xeyirgəlsin başına.
- Xeyir xeyri tapar, şər də şəri.
- Xeyir xəbər ağır ayaq olar.
- Xeyir içində şərim olunca, şər içində xeyrim olsun.
- Xeyir ilə şər qardaşdır.
- Xeyir istə qonşuna, xeyir çıxsın qarşına.
- Xeyir iş yerdə qalmaz.
- Xeyir işi uzatma, şərrə dönər; şər işi uzat ki, xeyrə dönər.
- Xeyir işi yubatmazlar.
- Xeyir ver, xeyir görəsən.
- Xeyir verən yalandan ziyan verən doğru yaxşıdır.
- Xeyir verməyən qohumdan yad yaxşıdır.
- Xeyirxah adam yaddan çıxmaz.
- Xeyirlə şər xurcun tayıdır.
- Xeyirsöyləməzdən xeyir olsaydı, adını Xeyrulla qoyardılar.
- Xeyirsöyləməzə dedilər: «Xeyir söylə, səfərdən gələndə sənə sovqat gətirərəm» Dedi: «Bəlkə getdin, gəlmədin, indidən ver».
- Xeyrat babamın, gərək toy özümün.
- Xeyrat halvasından qarın doymaz.
- Xeyri yoxdur çaxırın, içmə, açar paxırın.
- Xəbər almaq eyib deyil, bilməmək eyibdir.
- Xəbərçi dosta da böhtan atar.
- Xəbərçi yalançı olar.
- Xəbəri uşaqdan öyrən.
- Xəcalət düşmənin olsun.
- Xəlbircən evi olanın, gözləri qədər dərdi var.
- Xəlvəti halva yeyənin sirrini Allah bilir.
- Xəmir suyu çox götürər.
- Xəmiraşı – bəylər aşı, umac onun yoldaşı.
- Xəmiri bir yerdə yoğrulubdur.
- Xəncər bir nəfəri kəsər, dil min nəfəri.
- Xəncər çıxdı, qan çıxdı.
- Xəncər yarası gedər, dil yarası getməz.
- Xəncər yarası sağalar, namus yarası sağalmaz.
- Xəngəl qaşıqda, xaşıl barmaqda.
- Xəsis acgöz olar.
- Xəsis bazarda vicdanını da satar.
- Xəsis havanı udanda da xəsislik edər.
- Xəsis ilə comərdin xərci birdir.
- Xəsis zalım olar.
- Xəsisdən alınan yumurtanın sarısı olmaz.
- Xəsisdən qışda buz almaq olmaz.
- Xəsisə zəhər versən, pulsuzdur deyə içər.
- Xəsisin barmağından da qan çıxmaz.
- Xəsisin dostu olmaz.
- Xəsisin qarnı doysa da, gözü ac olar.
- Xəsisin malı arvadın sonrakı ərinə qalar.
- Xəsisin malı öləndən sonra bəlli olar.
- Xəstə başında ulu oturar.
- Xəstə həkimdən dərman istəməzlər.
- Xəstə tələsər, armud vaxtında yetişər.
- Xəstə yat xətir üçün, nanəcibə əl uzatma, bir tikə fətir üçün.
- Xəstə yatan ölməz, əcəli yetən ölər.
- Xəstə yatmaq, xəstəyə baxmaqdan yaxşıdır.
- Xəstəlik atlı gəlir, piyada gedir.
- Xəstəlik putnan gələr, mısqalnan çıxar.
- Xəstəni döşəkdə saxlarlar, uşağı beşikdə.
- Xəstənin işi qalar, astanın işi qalmaz.
- Xəstənin qızıl taxt nəyinə gərək?
- Xəstənin qüvvəti olmaz.
- Xəstəyə döşək, aca çörək lazımdır.
- Xəstəyə naz eləmək həkimə yaraşmaz.
- Xəstəyə yuxu şəfadır.
- Xəşil bişirmək bilmir, aşpazlıq iddiası edir.
- Xəta xəta üstündən gəlməsə, bir xətaya nə var?
- Xəta insandan baş verər.
- Xəta məndən, əta səndən.
- Xəta xətanın üstündən gələndə bir xətaya nə var ki?
- Xətakardan xəta əskik olmaz.
- Xətir ucundan xəstə yatır.
- Xətir üçün xəstə yatmaq olmaz.
- Xəyalsız insan meyvəsiz ağaca bənzər.
- Xəzinə xarabalıqda tapılar.
- Xəzinəyə tüpürənin tüpürcəyi öz saqqalına yapışar.
- Xiffəti qeyrətli edər.
- Xiyar pulu ilə alınan eşşəyin ölümü suda olar.
- Xıdır çıxdı – qış çıxdı.
- Xınalı əl cibə qoyulmaz.
- Xırçıya qarpız bağışlamazlar.
- Xırdavatçının andı özünə qənim olar.
- Xırman döymək kişi işidir.
- Xırman sonu abdallarındır.
- Xırman yellə sovuşar, düyün ellə.
- Xırmana girən porsuq yabanı özünə qəbul edər.
- Xırmanın axırı dərvişindir.
- Xırmanın tozu bərəkətli olar.
- Xış ilə məhsul olmaz, meydan maşın meydanıdır.
- Xış kötüyə dayanıb.
- Xışa gedən öküzüm olsun, işə getməyən oğlum olmasın.
- Xoca bizdə, xurcunu sizdə.
- Xocalar kağızı tərsindən oxuyar.
- Xoruz banlamasa, səhər açılmaz?!
- Xoruz banlayanda gözünü yumar.
- Xoruz bir kərə bəzənər.
- Xoruz çox olan yerdə səhər tez açılar.
- Xoruz elə xoruzdur, nə qocası, nə cavanı!?
- Xoruz getdi, dava bitdi.
- Xoruz quyuya baxan kimi baxır.
- Xoruz olmasa, səhər açılmaz?
- Xoruz ölmüş, gözü çöplükdə qalmış.
- Xoruz öz küllüyündə banlar.
- Xoruz silkələnsə, bir çəngə tük olar, dəvə silkələnsə, bir ulağa yük olar.
- Xoruza quyruğu da yükdür.
- Xoruza quyruğu yük olmaz.
- Xoruzun altından yumurta axtarır.
- Xoruzun quyruğu görünür.
- Xoruzun quyruğuna inanım, tülkünün andına? [1]
- Xoruzun saqqalı ağarsa da bahası on dörd şahıdır.
- Xoruzun vəzifəsi banlamaqdır.
- Xoruzunu veriblər qoltuğuna.
- Xoruzsuz da sabah açılar.
- Xoş günüm qapılarda keçir.
- Xoş günün sorağı uzaqlardan gələr.
- Xoş söz ürəyə qapıdır.
- Xoş sözlə ilan yuvadan çıxar.
- Xoşrəftar ol, xoş gün görərsən.
- Xörəyi doyunca yemə, gözün dalınca qalsın.
- Xörəyin dadı ağızdadır.
- Xörəyin yaxşısı - hazır olanıdır.
Mənbə
[redaktə]- Atalar sözü, Bakı, 2003,
- Atalar sözü, Bakı, 2004,
- Atalar sözü. Bakı, 1985
İstinadlar
[redaktə]- ↑ Atalar sözü, Bakı, 2004, səh.132