Mir Cəlal Paşayev
Görünüş
Mir Cəlal Paşayev | |||
Doğum tarixi | 26 aprel 1908 | ||
Doğum yeri | Əndəbil | ||
Vəfat tarixi | 28 sentyabr 1978 | ||
Vəfat yeri | Bakı | ||
|
Mir Cəlal Paşayev (26 aprel 1908, اردبیل – 28 sentyabr 1978, Bakı) — yazıçı, ədəbiyyatşünas, filologiya elmləri doktoru (1947), professor (1948), 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR əməkdar elm xadimi (1969), laureatı (1968).
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Azadlıq verilməz, alınar.
- Azadlığı qorumaq – onu fəth etmək qədər müqəddəsidir.
- Azərbaycanı şeirə Səməd Vurğun gətirdi. Səməd əlli yaşında dünyada tanınan şair oldu, bir zaman onu bəyənməyən, şeirlərinə dodaq büzüb, eh, nədir ki, mən ondan yaxşısını yazacağam, deyən lovğalar elə yerində saya-saya qaldılar.
B
[redaktə]- Balalarımızın tərbiyəsi, vətənimizin gələcəyi üçün, həqiqət, ədalət naminə hər vasitəyə əl atmaq gərəkdir.
- Bəzi ulduzlar kiçik olduqları üçün yox, yüksəkdə olduqları üçün görünmürlər.
- Bizim zəmanədə insan insanın cəlladıdır. Kimin ki, əlində ixtiyar var, nə desə doğrudur. Kim ki, məzlumdur, nə desə yalandır.
C
[redaktə]- Cəmiyyət, insan həyatınə qədər müxtəlif, zəngindirsə, onun bədii inikasını verməli olan sənətin də tarixi o qədər əlvan və zəngindir. Əsl ədəbiyyatın tarixində cəmiyyətin öz tarixini, maddi və mənəvi nemətlərini yaranma istifadəedilmə tarixini müşahidə etmək mümükündür.
Ç
[redaktə]- Çörək elə şeydir, tülkünü aslan edir, aslanı tülkü.
D
[redaktə]- Dildə sadəlik, xəlqilik, danışıq dilinin bütün gözəlliklərini ədəbi dilə gətirmək, novellanı şirin, rəngarəng, duzlu maneralarla yazmaq, hər bir obrazın özünə münasib qısa dialoq vermək, izahdan qaçmaq — ədiblərin bədii xüsusiyyətidir. Haqverdiyevin dialoqlarındakı təbiilik, hazırcavablıq, qısalıq, formaca müxtəliflik sovet nəsirləri üçün nümunədir.
- Diriykən ölmək kimə lazımdır, qardaş, bir dəfə öləcəyik də, ta sızıldamaq nə üçündür?
Ə
[redaktə]- Ədəbiyyatşünaslıq fikir söyləməkdir.
- Ən müdhiş fəlakətə düşəndə də ana qəlbi böyükdür!
- Əsilsiz it leş başında öz sahibini tutur, ona hücum eləyir. Əsilsiz adamlar da iş başına keçən kimi qudurur. Onu bu mərtəbəyə qaldıran xalqın qəniminə, başının bəlasına çevrilir. Belə adamları vəzifəyə qoymaq cinayətdir.
F
[redaktə]- Füzuli yalnız Azərbaycan xalqının, yalnız öz əsrinin deyil, bütün bəşəriyyətin, renesans dövrünün, böyük sənətin böyük oğludur. Əsrlərdir ki, mədəniyyət dünyasında şeir, sənət anlaşılan, sevilən hər bir ölkədə və cəmiyyətdə bu böyük dahinin adı iftixarla yad edilir və əbədi olaraq yad ediləcəkdir. Füzuli sənətinin qüdrətini, miqyasını, məziyyətlərini təhlil və təyin etmək bir nəfərin, bir elmi məktəbin, hətta bəlkə də bir elmi nəslin işi deyildir. Bu böyük və şərəfli vəzifə ədəbiyyat, sənət, dil, fəlsəfə elmlərinin qarşısında durmaqda və həllini gözləməkdədir.
G
[redaktə]- Gənclik həyat, yenilik, sağlam enerji deməkdir. Bu aləmdən kənarda qalmaq mənən ölmək deməkdir.
- Gövhəri qumdan ayırmağı bacarmaq lazımdır, arxivlərin əsiri olmaq yaramaz.
- Gözəlliyi yalnız görkəmdə, donda, zahirdə axtarmaq olmaz. Zahir insanı aldada bilər. Çox təmtəraqlı libas altında çirkinliklər gizlənir. Çirkin görünən don, görkəmsiz zahir dalında da bəzən gözəl məna, ali fikirlər olur.
H
[redaktə]- Heyhat! Qoca dünya bəzən öz gərdişini sərt bir sükut, daş bir ürək, kor bir məntiq, daimi bir amansızlıqla keçirən qoca dünya kimsə ilə hesablaşmır.
- Həqiqi sənət xalqdan doğar, xalqa xidmət edər.
- Həmişə dostluqda belə möhkəm olun, çətinanlarda bir-birinizi qoruyun, bir-birinizə dayaq durun. Aranıza nifaq, təfriqə salmağa qoymayın. Birlik olmasa, Azərbaycan ziyalısı öz milli-bəşəri borcunu, vətəndaşlıq funksiyasını heç vaxt yerinə yetirə bilməyəcək. Səhvlərə yol verməyin. Bizim nəsil bunu bacarmadı. Ona görə də hələ də ağrısı kəsilməyən qanlı faciələrə düçar olduq.
- Həmişə, hər yerdə, hər kəsə ürəyindəkini deyə bilsən! Bax, bundan böyük xoşbəxtlik yoxdur.
- Həyat belədir! Yüksəlmək çətin və zəhmətli, ancaq səfalı, fərəhli olur, enmək isə ani və qüssəli olur.
- Həyat hadisələri ədəbiyyata bir hadisə, bir fakt kimi lazım deyil. Bu mənada faktlar, hadisələrlə elmi tədqiqat daha çox maraqlanır. Ədəbiyyatda, səntdə isə bu hadisələrin natural təsviri yox, necə deyərlər, onların şirəsi, poeziyası, yüksək poeziyası lazımdır.
İ
[redaktə]- İsmayıl bəy Qutqaşınlının 1835-ci ildə Varşavada çap olunan fransızca hekayəsi, bədii nəsr tariximizdə Avropa səpgisində yazılmış ilk hekayə sayıla bilər. Bu hekayədə diqqəti cəlb edən cəhət, Avropa romantik stili ilə Şərq nağıl və əfsanələrinə məxsus olan bakirliyin, spesifakanın, nəzakət qaydaları təsvirinin qəribə birliyidir. Tərənnüm olunan məhəbbətin təmizliyi, müqəddəsliyi ilə yanaşı, real zəminəsi, həqiqi imkanları, məişət ilə şərtlənməsi verilir.
- İtən hörməti qapı-qapı gəzib dilənmək olmaz!
K
[redaktə]- Kölgədə bitən ağacın kölgəsi olmaz.
Q
[redaktə]- Qadın qəlbi qapalı bir ağacdır, açarı da qadının özündədir. Bu açarı qəlbdə yanan sevgi fanarı ilə arayıb tapmalı.
- Qarıncadan yazanda da sənətkar olmaq hünərdir. Gül, bülbül onsuz da gözəldir. Əsl sənət qarıncanın gözəlliyini kəşf etməlidir.
- Qəlb — bütün böyük, ülvi hisslərin yatağı olan təmiz qəlb məhəbbətin də beşiyidir. Elə bir böyük və ya kiçik ədəbiyyat olmamışdır ki, orda qəlbin həyatı bu və ya başqa dərəcədə əks edilməsin.
- Qoca üçün də, cavan üçün də el qabağında dayanıb cavab verməkədn çətin bir iş olmasın gərək.
M
[redaktə]- Mehdi ədəbiyyatın qeyrətini çəkəndir. Mehdinin əsərləri hələ otuzuncu illərdən yayılmağa, diqqəti cəlb etməyə başlamışdı. Onun bir sıra həcmcə xırda, mövzu etibarilə əhəmiyyətli, məzmunca zəngin hekayələrindən istedadlı gənc bir qələm sahibinin səsi gəlirdi. Mən deyərdim ki, bu üslub hər kəsdən əvvəl Mehdinin öz orijinal üslubudur. Həm zəngin klassik ənənələrimizin, həm sürətlə inkişaf edən indiki ədəbiyyatımızın, həm də inqilabi mübarizə ilə zəngin müasir, canlı həyatımızın üzvi vəhdəti zəminəsində yaranan, özünəməxsus keyfiyyətlərlə seçilən bir üslubdur.
- Mirzə Cəlil kimi o zaman xalqa yaxın olan ədib tapmaq çətindir, amma onun qədər asan, sadə, təbii yazan da yox idi. Bəs bu cavanlar niyə ədəbiyyatımızı, mədəniyyətimizi pis öyrənirlər, görüb-götürmürlər? Bəzi cavan alimlərin də əsərini oxuyanda, ya da özünə qulaq asanda, görürsən, sözündən bu çıxır ki, elə hər şey məndən başlayır. A bala bəs səndən əvvəl yazb-pozanlar harda qaldı?
N
[redaktə]- Nəriman Nərimanov, dövrünün yorulmaq bilməyən, xalqına, vətəninə sədaqət və səmimiyyətlə xidmət edən fədəkarmücahidi idi. Onun əsərləri XX əsr realist demokrat ədəbiyyatımızın yaxşı nümunələri kimi həmişə yaşayacaqdır.
O
[redaktə]- O, keçən əsrin ortalarında feodal-patriarxal, müstəmləkə Azərbaycanının zülmətli üfüqlərində öz ölməz əsərləri və zəngin fikirlərilə bir günəş kimi parladı. Axundov, Azərbaycan xalqının və bütün məzlum Şərqin ingilis-amerikan imperializmi əsarətindən, qurtarması, müsəlman fanatizmindən, Şərq ətalətindən xilas olub mədəniyyət, nicat və inkişaf yoluna düşməsi üçün böyük rus xalqının, qabaqcıl rus mədəniyyətinin həlledici rolunu hələ o zaman görüb göstərmişdir.
S
[redaktə]- Sevgi — insan təbiətinin ən zəruri, ən gözəl və müqəddəs keyfiyyətlərindən olan sevgi hər zaman, hər yerdə sənətin xüsusən şeirin mərkəzi mövzularından olmuşdur. Bu qanuni və təbiidir. Normal insanın qəlbi sevgidən xalis ola bilməz.
- Seyid Hüseyn də, Süleyman Sani də, Nəriman Nərimanov da müəllim-ədib, yaxud ədib-müəllim olmuşlar. Xüsusilə, məktəbi, tərbiyə, təlim işini çox sevirmiş, ömürlərinin mühüm hissəsini buna sərf etmiş, bədii əsərlərində də bu aləmi məhəbbət, məharətlə təsvir etmişlər.
- Səməd Vurğun sağlığında Azərbaycan şeirini bütün dünyada yayan canlı tribuna olmuşdur. O, sözün əsl mənasında vətəninin, elinin, üstündə boya-başa çatdığı torpağın vurğunu idi. İndiyədək ədəbiyyatımız tarixində onun böyük ustalıqla vətənimizin poetik xəritəsini çəkən, canlı, əlvan, rəngarəng boyalarla bəzədilmiş ölməz sənət tablosunu xatırladan "Azərbaycan" şeiri səviyyəsində ikinci bir şeir yazılmayıb və bəlkə gələcəkdə də yazılmayacaq. Adamların Azərbaycan vətənimdir sözlərini deməkdən çəkindiyi bir vaxtda "El bilir ki, sən mənimsən, yurdum, yuvam, məskənimsən" hökmünü ancaq S. Vurğun kimi böyük vətənpərvər, mərd, mübariz bir şəxsiyyət verə bilərdi. Səməd Vurğun heç vaxt kağız korlamayıb. Onun şeirləri qələmindən çıxan kimi dərhal bütün ölkəyə yayılırdı, dillərdə əzbərə çevrilirdi.
- Subaylıq – sonsuzluqdur.
- Süleyman Sani xalqımızı, həyat və məişətimizi çox gözəl bilirdi. Yalnız ictimai hadisələrdə deyil, təbiət səhnələrində də tarixi görür, xalqdan, məişətdən bir əlamət duyurdu. Süleyman Sani yaradıcılığında hiss, həyəcan üstündür, yəni ədibin çırpınan ürəyini, hadisə boyunca kədərini, sevincini, nifrətini və ya qəzəbini görürük. O, yalnız əli ilə deyil, həm də çırpınan qəlbilə yazırdı. Azərbaycan teatr tarixində, sovet ədəbiyyatı və mədəniyyətitarixində mühüm bir hadisəolan və Süleyman Saninin şəxsi iştirakı ilə yaranan və inqilabi təbliğat yolunda çox faydalı, tərbiyəvi iş görən "Tənqid və təbliğ" teatrı ədib üçün böyük yaradıcılıq tələbləri qoydu və imkanlar açdı.
T
[redaktə]- Tolstoyun sənətkar dühasının parlaq məhsulu və eləcə də bütün sənət xəzinəsinin ən gözəl əsərlərindən biri məşhur xalq epopeyası "Hərb və sülh" romanıdır. İndiyə qədər ədəbiyyatda misli görünməmiş bu romanda dahi ədib öz nəzəri görüşlərinə zidd gedərək bədii lövhələrlə göstərir ki, tarixi "seçilmişlər" yox, məhz xalq yaradır.
U
[redaktə]- Uşaq nə görür onu götürür, nə eşidir onu yadında saxlayır. Biz balalarımızı öz əlimizlə bədbəxt edirik, kor qoyuruq. Bununla təkcə özümüzə yox, cəmiyyətə, ölkəmizin gələcəyinə zərbə endiririk. Təhsil, tərbiyə xüsusi diqqət, qayğı tələb edən, böyük strateji əhəmiyyəti olan spesifik bir sahədir. Ona laqeyd yanaşmaq xalqa, millətə xəyanətdir.
V
[redaktə]- Vallah, bu vəfat eləyən bəzi yazıçıları o qədər tərifləyirlər, adam lap peşman olur ki, niyə mən indiyəcən sağ qalmışam.
Y
[redaktə]- Yaxşı analıq çətin, lakin çox şərəfli, çox müqəddəs işdir. Ana qəlbi insanın ilk məktəbidir. Məhəbbətin, səmimiyyətin, sədaqətin pozulmaz kitabıdır.
- Yaradıcılıqda realist olmaq istəyənlər heç bir zaman axtarış və tədqiqatdan yorulmamalıdırlar. Yalnız istedad ilə kifayətlənənlər, öyünənlər yanılırlar. Həyat həqiqətinin dürüst inikası ancaq uzun, inadlı zəhmətin, bir məktəbli kimi ehtiraslı öyrənmə prosesinin nəticəsində əldə edilir.
- Yarım əsrlik kəskin mübarizədən sonra realizm – həyat üslubu qalib gəldi. Axundovun başladığı şərəfli işi davam və inkişaf etdirən böyük ədiblər yarandı. Bunların içində Ə. Haqverdiyev və Mirzə Cəlilin (Molla Nəsrəddinin) mövqeyini xüsusi qeyd etmək lazımdır. Bizim yeni nəsrimizdə realizm üslubu çox haqlı olaraq, bu iki demokratik ədibin adı ilə adlandırılır.
- Yazı ürəkdən gələn bir səsdir. Ürək isə müqəddəs hisslərin beşiyidir.
Z
[redaktə]- Zəncirləri qırmaq üçün əql gücü də, əl gücü də işlətmək lazımdır.
Haqqında sitatlar
[redaktə]- Bizim ədəbiyyatımızın xalqımıza etdiyi ən böyük xidmət ondan ibarətdir ki, şairlərimiz, yazıçılarımız öz əsərləri ilə Azərbaycanımızda, xalqımızda, millətimizdə daim milli hissiyyatları oyatmağa çalışmışlar. Milli özünüdərk, milli oyanış, dirçəliş prosesi xalqımıza birinci növbədə ədəbiyyatımızdan keçir. Bəzi əsərlər var ki, onlar açıqaçığına xalqımıza milli dirçəliş, oyanış hissiyyatlarını çatdırıbdır: Bəxtiyar Vahabzadənin, Xəlil Rzanın və başqalarının əsərləri. Amma digər əsərlər isə dolayısı ilə, ayrı-ayrı fikirlərlə millətimizə vətəni sevmək, vətənə sadiq olmaq, Azərbaycanı sevmək, azərbaycanlı olmaq hissiyyatlarını yaradıbdır. Bu, bizim şairlərimizin, yazıçılarımızın əsərlərinin hamısından keçibdir. Klassik adlandırdığımız Səməd Vurğunun, Rəsul Rzanın, Süleyman Rüstəmin, Məmməd Rahimin, Osman Sarıvəllinin, Süleyman Rəhimovun, Mehdi Hüseynin, Əbülhəsənin, Əli Vəliyevin, Mir Cəlalın, İlyas Əfəndiyevin, Mirvarid Dilbazinin də əsərlərindən yan keçməyibdir…
- Heydər Əliyev, Azərbaycan xalqının ümummilli lideri
- XX əsir milli ədəbi-bədii fikir tarixinin görkəmli nümayəndəsi, yazıçı Mir Cəlal Paşayevin Azərbaycan ədəbiyyatının inkişafı və onun məzmunca zənginləşməsində mühüm rol oynamışdır. Xalq yaradıcılığı ilə klassik bədii irsin qabaqcıl ənənələrinin vəhdətini yeni formada yaşadan və ədəbiyyata həyat gətirmiş yazıçı kimi tanınan Mir Cəlal Paşayev eyni zamanda görkəmli tədqiqatçı alim olmuşdur.
- İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti
- Mİr Cəlal yaradıcılığının ən üstün cəhətlərindən biri də onun təmiz, şaqraq və büllur dili idi. Onun dili, xalq danışıq tərzinə uyğun, son dərəcə canlı, təbii ifadələrlə zəngin və bədii dildir.
- Bəxtiyar Vahabzadə, Xalq şairi
- Mir Cəlalın qəhrəmanları olduqca təbii, inandırıcı, koloritli bir şəkildə danışırlar… Mir Cəlal peyzajı da canlı və təbii verir. peyzaj əsərdəki hadisələrlə o dərəcədə bağlıdır ki, o, əsərin ayrıl-maz, üzvi bir parçasına çevrilir.
- Məmməd Arif, akademik
- Oxucunun etimadını, xalqın hörmətini qazanmaq o qədər də asan iş deyil. Xalq işində yüksək məsuliyyət hissi, düzlük, doğruluq, çörəyi halal, əməyə bağlılıq, sənətin mücahidi ola bilmək, böyüyə hörmət, kiçiyəmərhəmət, ailəyə sədaqətli olmaq kimi yüksək insani keyfiyyətlərlə zəngin olan gənc qələm sahibi Mir Cəlal, illər keçdikcə sözünə, nəsihətinə ehtiyac duyulan ağsaqqala çevrildi.
- Mirvarid Dilbazi, Xalq şairi
- Elmi ədəbiyyata bələd olduqca Mir Cəlal müəllimin bir alim kimi dərin zəkasına, analatik təfəkkürünə, erudisyasına, zəhmətkeş-liyinə heyran olurdum. O, təkcə istedadlı müəllim, yazıçı deyilmiş, həm də mütəfəkkir ədəbiyyatşünas-alim imiş. Bunu mən onun ədəbi məktəblər haqqında yazdığı monumental tədqiqat əsərini, Məhəmməd Füzuli irsi, Cəlil Məmmədquluzadə realizmi, Nəriman Nərimanovun bədii yaradıcılığı və s. elmi araşdırmalarını oxuduqca, sanki kəşf etdim.
- Teymur Əhmədov, filologiya elmləri doktoru, professor
- Mir Cəlal təbiət etibarilə necə sadə idisə, danışığı da eimi və bədii təhkiyyəsi də eləcə idi və əsas məsələ burasındadır ki, onun həm şəxsiyyətində, həm də yaradıcılığındakı o sadəlik qətiyyən primitvlik yox, müdrikliyin nəticəsi idi.
- Elçin, Xalq yazıçısı,
- Müasir Azərbaycan ədəbiyyatının görkəmli təməlçilərindən olan Mir Cəlalın zəngin irsi məhz böyük həqiqətlərin sonsuz səmimiyyətlə bədii təcəssümünə əsaslanır. Təxminən əlli illik bədii yaradıcılığında Mir Cəlal öz oxucuları ilə həmişə səmimi və obyektiv söhbət aparmışdər; həyat materialını hər cür "kosmetik əməliyyatlardan" uzaq, bütün həqiqətləri ilə, gözəllik və faciələri ilə, gülməli və ağlamalı tərəfləri ilə canlandırmağı bacarmışdır. Buna görə də sovet dövründə yazılmış əsərləri bu gün də eyni maraq və məhəbbətlə qarşılanır, köhnəlmir və yəqin ki, heç vaxt da köhnəlməyəcək. Onların hər biri yazıldığı zamanın siyasi-ictimai və psixoloji-mənəvi səciyyəviliklərini dəqiqliklə, müfəssəlliklə təcəssüm etdirdiyindən, öz tarixinin bədii abidəsi, yadigarı kimi əbədiyaşardır.
- Nərgiz Paşayeva, Akademik