Sədi Şirazi

Vikisitat saytından
Jump to navigation Jump to search
Sədi

Sədi Şirazi - İran şairi və mütəfəkkiri.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

  • Axmaq adam sussa yaxşıdır. Amma o, bunu bilsəydi, axmaq olmazdı.
  • Axmağa məsləhət verənin özünün məsləhətə ehtiyacı var.
  • Ağıl yer üzündən götürülsə də, heç kəs ağılsız olduğunu qəbul etməz.
  • Ağıldan kəmliyi iki şey müəyyən edir: susmaq lazım gələndə danışmaq, danışmaq lazım olanda susmaq.
  • Ağıllı adamın axmaq qarşısında susması təəccüblü deyil, çünki nağara səsitar səsinə, sarımsaq iyi ənbər qoxusuna həmişə üstün gəlir.[1]
  • Ağıllı dilini saxlar dünyada,

Şam dilindən yanar, sovrular bada.

  • Ağıllılar öz istədiklərini, ağılsızlar başqalarının istədiklərini öyrənir.
  • Ağlıma və zəkama görə başımın üstündə halə parladı.
  • Arif ol, söhbəti müxtəsər eylə,
    Uzun danışandan qaç, həzər eylə.
    Yüz əyri ox atsan olmaz dəyəri,
    Bir ox at, hədəfdən getməsin əyri.

B[redaktə]

  • Başqasının sözünü kəsib danışmaq öz qanmazlığını etiraf etmək deməkdir.
  • Başındakının dəyərini bilməyən, ona nankorluq edəndən xeyr gəlməz. Onun sözünə və andına inanmaq olmaz.
  • Bədbəxt insan başqalarının ağrı-acısı ilə rahatlıq tapan şəxsdir.
  • Bildiklərinə əməl etməyən adam əlində çıraq gəzdirən kora bənzər.
  • Biliksiz bir şəxs döyüş barabanına bənzər: səsi çox, içi boşdur.
  • Biliyinə görə davranmayan kimsə, üzərinə kitab yüklənmiş heyvanlardan başqa bir şey deyil.
  • Bilmədiyim şeyi soruşmaqdan utanmadım.
  • Bir adamdan soruşdular: - Barsız alim nəyə bənzər. Dedi: - Balsız arıya.
  • Bir cahil üçün ən yaxşı şey susmaqdır. Nə var ki, bunu bilsəydi, onsuz da cahil olmazdı.
  • Bir çiçəyə artıq su verərsən çürüyər, insana gərəyindən artıq dəyər verərsən qudurar.
  • Bir ox hədəfdən getməsin əyri.
  • Bir ömürdə ələ gələn dostu bir anda incidib əldən vermə.
  • Bir şəhəri əhatə etdiyin və rəhbərliyi keçirdiyin zaman xalqa əvvəlkindən daha yaxşı davran.
  • Bir yatmış başqa yatmışı necə oyada bilər?!
  • Bir yerə girməzdən əvvəl oradan necə çıxacağını düşün.
  • Birisi bəslərdi qurd balasını

Böyücək məhv etdi öz ağasını.

  • Böyük bir şəxsdən soruşdular: -Sağ əl çox cəhətdən sol əldən üstündür,buna baxmayaraq nə üçün üzüyü sol ələ taxırlar? Dedi: -Bilmirsən ki, fəzilətli həmişə məhrum olar.
  • Bülbüldən çox da vəfa ummayın, çünki hər dəm başqa bir gülün üzərində ötər.

C[redaktə]

  • Cahillə mübahisə etmək hədərdir.
  • Ciddiliyin həddən çox olması nifrət yaradır, mərhəmətin isə həddən çox olması nüfuzu aşağı salır.
  • Cinayətdən sonra tövbənin xeyri yoxdur.

Ç[redaktə]

  • Çiçək gah açıqdır, gah da pünhandır, Ağac gah geyimli, gah da üryandır.
  • Çörəyim artdıqca əksildim haman, Yoxsulluq yaxşıdır sail olmaqdan.

D[redaktə]

  • Darıxma iş görünsə bir qaranlıq quyuda, Çünki qaranlıqdadır o dirilik suyu da.
  • Dərin dəniz daş atmaqla bulanmaz.
  • Dərsini həvəssiz oxuyan uşaq qanadsız quş kimidir.
  • Dil – hünər sahiblərinin xəzinəsinin açarıdır.
  • Dinlə bir nəsihət söyləyirəm mən-
    Kim tikan əkibsə, dərməz yasəmən.
  • Dostlarına qarşı belə oyanıq olmalısan. O zaman düşmənindən də əmin ola bilərsən.
  • Dostunun qəlbini qırsan, düşmənini şad edərsən.
  • Döyüş meydanında can versə insan, Xoşdur, namərdliklə qoyub qaçmaqdan.
  • Düşmənin ölkəsini əhatə edib fəth etdiyin zaman asayiş və təhlükəsizlik işlərində oranın həbsxanalarındakı məhbusları vəzifələndir. Onların ürəkləri ağrılıdır. Zülmə keçid verməzlər.
  • Düşmənin yaxınlarından biri sənə dostluq əlini uzada bilər, bunu məmnunluqla qarşıla.
  • Düşmənin dostu düşməndir, unutma.
  • Düşünüb, sonra da sözü müxtəsər,

O qədər danışma, "bəsdir" desinlər.

  • Düzlüyü çox sevir taleyi yazan,

Görmədim düz yolda yolunu azan.

E[redaktə]

  • Elm dini qorumaq üçündür, yoxsa dünya nemətlərini udmaq üçün deyil.
  • Elm əqidəli olmaq üçündür, dünya malı yığmaq üçün yox.
  • Elmi bələkdən qəbrədək öyrənmək lazımdır.
  • Eşq çadırının qurulduğu yerdə məntiq axtarma.
  • Ey başqalarının iztirablarına görə narahat olmayan, sənə insan demək yaraşmaz.

Ə[redaktə]

  • Ədəb sayılsa da məclisdə susmaq,

Məsləhət zamanı danışmaq gərək.
İki şey ağıla nöqsan sayılır,
Yersiz susmaq ilə yersiz söz demək.

  • Əgər bu qaranlıq yerdən qorxursansa, ağlını başına topla, buraya işıqla gəl.
  • Əmrindəkiləri bağışlamağı bilməyənlər, bir gün bu insanların əfvinə möhtac olarlar.
  • Ərəblər deyirlər bağışla, lakin minnət qoyma, faydası özünə qayıdacaq.
  • Əsəri olmayan alim barsız ağacdır.
  • Əvvəlcə fikirləş, sonra danış. Sənə "sus" deyilməmiş özün sus.

G[redaktə]

  • Güclü vaxtında yaxşılıq edən gücsüz vaxtında çətinlik çəkməz.

H[redaktə]

  • Heç kimin dili həyatını xilas etməkdən əli üzülmüş adamın dili qədər uzun olmaz.
  • Həddən artıq zarafat etmək alim üçün qüsurludur.
  • Həddini aşan qəzəb adamlarda qorxu oyadır, ölçüsüz mehribanlıq və nəvaziş isə insanı gözdən salır. buna görə də orta həddi gözləmək lazımdır.
  • Hər kəs nəsihət eşitməsə danlaq eşitməlidir.
  • Hər kəsə özü camallı, övladı kamallı görünər.
  • Hər kəsin quldur ola biləcəyini düşünən kimsə, kisəsindəki incini asan asan oğurlatmaz.
  • Hər zaman sözünün bil məqamını, Boş sözlə məhv etmə ehtiramını.
  • Hirs atəşinin ilk odundan qəzəb sahibi yanar, alovun düşmənə çatıb-çatmaması isə sonraya qalar.
  • Hökmdarlara xidmət etmək dəniz səfəri kimidir, həm qorxusu var, həm faydası, ya xəzinə taparsan, ya dənizdə batarsan.

X[redaktə]

  • Xalqın eyblərini açıb tökməyə çalışsan, etibardan düşərsən.
  • Xalqın sevgi və etibarını qazansan düşməni həqiqətən məğlub etmisən deməkdir.
  • Xasiyyəti pis olan adam elə bir düşmənin əlinə keçmişdir ki, hara getsə də canını onun əlindən qurtara bilməyəcəkdir.
  • Xəsisin gümüşü onu basdıranda torpaqdan çıxar.

İ[redaktə]

  • İki adam öldü və dünyadan həsrət getdi: biri yığdı yemədi, digəri bildi eləmədi.
  • İki düşmən arasında elə söz danış ki, barışanda utanmayasan.
  • İki şey mümkün deyildir-qismətdən artıq yemək və əcəl çatmamış ölmək.
  • İnsanın qəlbini göstərməz paltar,

Yazan özü bilər kağızda nə var.

  • İnsan ruhunu iki şey qaraldar: susulacaq yerdə danışmaq və danışılacaq yerdə susmaq.
  • İstəyi olmadan öyrənən şagird qanadsız quşdur.

K[redaktə]

  • Kəmərə qızıl taxıb qul kimi durmaqdansa, yavan çörək yeyib öz evində ağa kimi oturmaq yaxşıdır.
  • Kiçik ikən hər uşaq edilməzsə tərbiyyət,

Böyüyəndə görünməz onda ədəb, nəzakət.
Yaş çubuğu istəsən hər şəkilə salarsan,
Od qurqdub düzəldər o çubuğu nəhayət.

  • Kim ki, qılınc çəkib etsə yamanlıq, Əlini dişləyib çəkər peşmanlıq.
  • Kim müsibət günü istər ona bir yar olsun, De ki, xoş gündə özü xalqa havadar olsun.
  • Kim özündən çox bilənlə mübahisə etsə ki biliyi meydana çıxsın, biliksizliyi ortaya çıxar.
  • Kim səndən qorxursa, qıl ondan həzər. Olsan da yüz elə şəxsə bərabər.
  • kişilik hirslənib vurub-yıxmaqda deyil, öz qəzəbinə hakim olub ədalətlə davranmaqdadır.
  • Köhnə paltar geymək təzəsini dilənməkdən yaxşıdır.
  • Könlünün dərdli olmasını istəmirsənsə, dərdli könülləri dərddən qurtar.

Q[redaktə]

  • Qənaət etməyi bacarsaydıq, dünyadakı qayğılar daha asan həll olunardı.
  • Qəzəblənəndə özünü saxlaya bilən adam başqalarının da günahını bağışlaya bilər.
  • Qəzəbin atəşi əvvəlcə sahibini yandırar;qığılcımı düşmənə ya çatar, ya da çatmaz.
  • Qızılın nə olduğunu məhək daşı, xəsisin kim olduğunu isə dilənçi bilir.
  • Qüsur edənin qüsurunu ona söyləməsələr, bilməzliklə eybini hünər sanar.

M[redaktə]

  • Mal-dövlət yaşamaq üçündür, yaşamaq mal-dövlət yığmaq üçün deyildir.
  • Meyvələri yetişmiş ağaclar başlarını yerə əydiyi kimi, ağıllı və seçilmiş insanlar da təvazökar olurlar.
  • Məlumatına görə davranmayan kimsə, üzərinə kitab yüklənmiş heyvanlardan başqa bir şey deyil.
  • Müəllimdən işgəncə görməyən həyatda zülm çəkər.
  • Mühəmməd Qəzzalidən soruşdular: - Elmdə bu dərəcəyə necə çatdın? Dedi: - Bilmədiyim şeyi soruşmaqdan utanmadım.
  • Müşk odur ki, ətir versin, nəinki əttar desin.

N[redaktə]

  • Nadan üçün susmaqdan yaxşısı yoxdur, lakin əgər o bunu bilsəydi nadan olmazdı.
  • Nadanın ağıllıya nifrəti daha çoxdur, nəinki ağıllının nadana.
  • Naməlum dərmanı həkimsiz içmək, nabələd yolu karvansız getmək ağıllı adamın işi deyildir.
  • Nəsihətdən dəm vuran adamın özü başqalarının öyüdünə möhtacdır.

O[redaktə]

  • O qədər çox yemə ağırlıq etsin, O qədər ac qalma, can əldən getsin.
  • O şeyi ki, arxayınsan sənə deyəcəklər soruşmağa tələsmə, çünki hörmətə zərəri var.
  • Odu söndürüb közü saxlamaq, gürzəni öldürüb balasını buraxmaq ağıllı insanların işi deyil.
  • Oxuduğuna əməl etməyən alim məşəl gəzdirən kora bənzər.
  • On dərviş bir kilimdə yatarkən iki padşah bir dünyaya sığmaz.

Ö[redaktə]

  • Ölçülməmiş suala, biçilməmiş cavab verərlər.
  • Ölkənin idarə olunmasını yan-yörədəkilərin öhdəsinə buraxan hökmdan tez taxtdan düşər.
  • Özünü böyük görürsən? Yaxşı, düz demişlər: çəpgöz biri iki görür.
  • Özünü elə apar ki, dost gizli düşmənə çevrilməsin.
  • Övladlarımızı quzu kimi böyütməyək ki, gələcəkdə onları qoyun kimi otarmasınlar.

P[redaktə]

  • Peşman olmamaq üçün danışmazdan öncə fikirləş.
  • Pisə yaxşılıqla, yaxşıya pislik. Mənaca bir şeydir, düşünsən əgər.
  • Pislə oturan yaxşılıq qazana bilməz.[2]
  • Pislərlə oturub duran yaxşılıq üzünə həsrət qalar.

R[redaktə]

  • Ruzi yalnız elmlə əldə edilsəydi, cahildən çətin yaşayan olmazdı.

S[redaktə]

  • Sağlam olmaq istəyirsinizsə, heç vaxt doyunca yeməyin.
  • Sağlamlığın əsl dəyəri xəstəlik zamanı bilinər.
  • Sevgin yoxdursa, dost axtarma.
  • Sevmədiyimiz insanla da elə danışmalıyıq ki, sabah onunla dost olanda dediyimiz sözlərə görə xəcalət çəkməyək.
  • Sən yağ-bal içində üzərkən qardaşlıqdan, dostluqdan dəm vuranlar çox da inanma, əsl dost o adamdır ki, sənin ağır vaxtlarında, ehtiyac məqamlarında kömək əlini uzatsın.
  • Sənə dedim: Saqın, dəryaya çıxma, indi ki, çıxmısan ürəyini tufanlara tapşır.
  • Sözünü təsir edəcəyini bildiyin zaman söylə.

Ş[redaktə]

  • Şamını gündüz yandıran gecə qaranlıqda qalar.
  • Şeytanlıq eyləyib kim ara vursa,

Bəxti üz döndərər, o görər cəza.

T[redaktə]

  • Tabeliyindəkilərin təqsirindən keçmək istəməyən şəxs gec-tez özü onların əfvinə möhtac olacaq.
  • Tac və taxt keçicidir. Keçmişlərin yaxşılıqlarını an ki, sənin də adını gələcəkdə ansınlar.
  • Tamahkara dünyanı da versən, doymaz.
  • Tədbirləri baş tutmayanda düşmən dostluq fikrinə düşər və dostluqla elə işlər görər ki, onu heç bir düşmən bacarmaz.
  • Tərbiyəsiz istedada heyf.
  • Tutaq ki, var səndə şir kimi pəncə, Davadan sülh daha yaxşıdır, məncə.

Y[redaktə]

  • Yaxşı da, yaman da, keçər dünyada, Çalış yaxşılıqla düşəsən yada.
  • Yaxşı ol, qoy “pisdir” desinlər sənə, Nə ki, pis olasan, “yaxşı” desinlər.
  • Yalnız öz hayına qalan qardaş nə qardaşdır, nə yoldaş.
  • Yarasa sevmirsə nurlu günəşi, Günəşin əskilməz bundan atəşi.
  • Yer üzündə heç bir Hüma quşu qalmasa da, kimsə bayquşun kölgəsinə sığınmaz.
  • Yersiz danışmaq axmaqlıq olduğu kimi, yeri gələndə danışmamaq da axmaqlıqdır.
  • Yersiz sərtlik dəhşət yaradar, yersiz mülayimlik hörmət azaldar. Nə elə qaba ol ki,səndən qaçsınlar, nə də elə yumşaq ol ki, sənə qabarsınlar.
  • yetkin bir adamı özünüzə dost etmək istəsəniz, tənqid edin; bəsit bir adamı özünüzə dost etmək istəsəniz, mədh edin.

V[redaktə]

  • Var-dövlət sərvətə deyil, qənaətə söykənir.
  • Vəhşi heyvan tələ ilə, insan oğlu yaxşılıqla ovlanar.

Z[redaktə]

  • zalımları əfv etmək məzlumlara zülmdür.
  • Zehni əmək hər cür kədəri uzaqlaşdırmağa qadirdir.
  • Zəif düşmənin zərər verəcəyini düşünməmək qığılcımın yanğın törətməyəcəyini düşünmək kimidir.

Mənbə[redaktə]

Aforizmlər və hikmətli sözlər. Bakı,2005

  • Gülüstan. Sədi Şirazi, Bakı,2006

İstinadlar[redaktə]

Vikianbarda Sədi Şirazi ilə əlaqəli mediafayllar var.

  1. Aforizmlər və hikmətli sözlər. Bakı, 2005, səh.35
  2. Ziyəddin Məhərrəmov. "Bir bahar küləyi", Bakı, "Nurlan", 2012.