Məzmuna keç

Tofiq Hüseynzadə

Tofiq Hüseynzadə
Doğum tarixi 20 sentyabr 1946
Doğum yeri Sarıyaqub
Vəfat tarixi 13 noyabr 2006
Vəfat yeri Bakı
Dəfn yeri Mehdiabad
Vikipediya məqaləsi

Tofiq Hüseynzadə (Hüseynzadə Tofiq Məhəmməd oğlu; d. 20 sentyabr 1946, Sarıyaqub, Basarkeçər rayonu, Ermənistan SSR, SSRİ – v. 13 noyabr 2006) — Azərbaycan alimi, filoloq, şair, jurnalist və publisist. SSRİ Jurnalistlər Birliyinin üzvü (1987).

Mənəvi dəyərlər, əxlaqi keyfiyyətlər haqqında

[redaktə]

1. Həqiqət olan yerdə heç nədən qorxmuram, ölümdə həqiqət varsa, ondan da…
2. Həqiqəti həmişə, hər yerdə demək olar. Yalanı tənhalıqda da demək çətindir.
3. Məhəbbətsiz həyat yoxdur.
4. İki gözəllik bir yerdə olmaz.
5. Tamah olmasa, fəlakət də olmaz.
6. Vay onda ki, əsl dostları, özünə yaxınları – düşmən, düşmənləri – özünə dost, yaxın biləsən.
7. Həyasızlıq da bir "istedaddır".
8. Yaltaqlıq insan gözəlliyinin eybəcərliyidir.
9. Çətinə düşəndə hamı qanunu tələb edir.
10. Adamlar özləri haqqında deyil, daha çox başqaları haqqında düşünürlər.
11. Ən bədbəxt hadisələr heç nədən doğur.
12. Axmaqlar olmasaydı, adamların ağıllı olmasını bilməzdik.
13. İşə ürəklə başlamaq hamısını görmək – onu qurtarmaq deməkdir.
14. Tərbiyə hamının həmişəlik (əbədi) sərvətidir.
15. Həyatın özü də sevgidir, məhəbbətdir.
16. Məhəbbətsiz ömür görmədim.
17. Məhəbbət – əbədi ehtiyacdır.
18. Məhəbbət – bu, getdikcə sonsuzlaşan bir ehtiyacdır.
19. Mədəniyyət olmayan yerdə insandan danışmaq olmaz.
20. Ən yüksək insan keyfiyyəti – mədəniyyətdir.
21. Yaşamağın mənası sevgidir.
22. Sevgi ən ülvi hissdir.
23. Adam var – sözlə, adam var – bizlə başa düşür.
24. Düşüncə həyatdan qabaqdadır.
25. Biz dövlətə və ya başqalarına ziyan vurmaqla, özümüzü nə qədər alçaltdığımızı hiss etməliyik.
26. Pisliyi həmişə etmək mümkündür, yaxşılıq etmək üçün isə gərək zəhmət çəkəsən.
27. Görülən bir iş ən azı iki xeyir vermisə, o, iş deyil.
28. Hamı bir şeyi bilir ki, öləcək; hamı bir şeyi bilmir ki, nə vaxt öləcək.
29. Ədalətli qanundan və insandan hamı qorxar.
30. Ağıldan güclü heç nə yoxdur.
31. Ağıllı adamlar heç zaman məğlub olmurlar.
32. Günahı olmayan heç nədən qorxmaz.
33. Həqiqətin qabağında yalan dağ da olsa, əyilməlidir.
34. Yaxşı adamlar arxada tərifləyər, üzə tənqid edər.
35. Cılız, uzunboylulardan ziyan gözləmə.
36. Balaca boylu adamlar ötkəm olarlar.
37. Hamı ağıllı olsaydı, ağıllı sözlər olmazdı.
38. İşin içində görülən iş qazancdır.
39. Zalım it zalım dostdan yaxşıdır.
40. Həyatda hər kəs qəlbinin payını yeyər.
41. Bütün müharibə və çəkişmələrin törədicisi tamahdır.
42. Tamah yıxmadığı evi Tanrı da yıxa bilməz.
43. Elmsiz adam qanqal kimi şeydir – nə qiyməti olar, nə keyfiyyəti.
44. Yaxşı adamlar da, pislər də unudulmur, birincisi hörmətlə, ikincisi nifrətlə yad edilir.
45. Nadir istedad insanla bir doğulur.
46. İlhamsız yazılmış şeir dadsız və iyrəncdir.
47. Yaxşı yazılmamış əsəri oxumaq, düşmənlə üz-üzə durmaq kimidir.
48. Həyatda öyrəniləsi hələ çox şey vardır.
49. Ağıllılar elmə, səfehlər ölümə gedirlər.
50. Hamını özün kimi düşünmə.
51. Sağlamlığın çox dərmanı gülüşdür.
52. Adam var, sözün yeri gələr deməz, özünü yandırar; adam var, yersiz danışması başqalarını yandırar.
53. " – İnsan həmişə düşünməlidir!
– Nəyi? Necə? Riyakarlığımı?
– Həyatı. Bütün mənası ilə.
– Məhəbbəti necə?
– Həmişə yox!" (20.05.1971, Qazax rayonu)

Elm və kitab haqqında

[redaktə]

54. Elm həmişə təzədir.
55. Kitablar oxumaq üçün deyil, öyrənmək üçündür.
56. Kitabı biri yazar, mini öyrənər.
57. Kitab yeganə bilik mənbəyidir ki, orada hər şey təzə və həlimdir.
58. Kitabsız elm yoxdur.
59. Kitab olan yerdə özünü tənha sanma.
60. Pis kitab yoxdur, pis müəllif vardır.
61. Cəmiyyət üçün gərəksiz olan kitab, kitab deyildir.

Ədəbiyyat və ədiblər haqqında

[redaktə]

62. "Bu, böyük sənətkarı (Səməd Vurğunu) bütünlüklə duya bilsəm, əsl sənətkar olacağıma şübhə etmirəm. Bundan sonra nə vaxt olursa-olsun, başqa dahilər kimi Vurğun sənətini də öyrənmək və vacibdir. O, ədəbiyyat aləminə böyük bir xəzinə bəxş etmiş, Azərbaycan şeriyyətini göylərədək yüksəltmişdir". (11.05.1971)
63. Bir əsrdə şərəflə yaşayanlar heç zaman ölmür. (13.09.1971)
64. Yaşayıb ölmək ayrı, ölüb yaşamaq ayrı… (13.09.1971)
65. "Mən xalqımın şifahi yaradıcılığını bütünlüklə duya bilsəm, böyük bir sənətkar olacağıma şübhə etmirəm. (15.07.1970)
66. Lətifələr – insanları təkcə əyləndirmir, onlar, hətta, bəzi məsələlər haqqında dərin bilik verir. Orada hazırcavablıq, fitri söz, tənqid, tənqidi gülüşlər böyük təsirə malikdir. Lətifələr də ədəbiyyatın bir növü, özü də, bəsit yox, fəal növüdür. Gözəl lətifələr də yaratmaq böyük istedad tələb
edir". (14.02.1972)
67. Xarici ədəbiyyatların çoxlarının ən kiçik əsərlərində belə, məna gözəlliyini görmək mümkündür. Bunları oxuduqca, insan bütün varlığı ilə misralara yapışır; fikri, zehni ancaq bir istiqamətə – hadisəyə doğru uçur. Xarici ədəbiyyatı bilmək böyük kamillikdir. (20.05.1971, Qazax rayonu)

Sağlamlıq haqqında

[redaktə]

68. Əbədi sağlamlıq gözəl qidalanmağın məhsuludur.
69. Sağlam olmayanlar ən bədbəxt adamlardır.
70. Xəstəliklərdən yaxa qurtarmaq üçün erkən sağlamlığın qeydinə qalınmalıdır.
71. Sağlam olmaq üçün bədən üzvlərinin daimi hərəkəti lazımdır.
72. İnsan xəstə olmayınca, sağlamlığın qədrini bilmir.
73. Çox yemək və hər şeyi yemək sağlamlıq deyil, əksinə, normal qida və xüsusi qidalar daha əhəmiyyətlidir.
74. Sağlamlığını qorumayanlar və uzun müddət xəstə olanlar bilməlidirlər ki, onlar gələcək nəsil üçün ən qorxulu mikrobdurlar. (26.02.1972)

Sərxoşluq haqqında

[redaktə]

75. Sərxoşu harada itirdilərsə də, ayıltma məntəqəsində tapdılar.
76. Qonşu "paxıl" olmasaydı, sərxoş sərxoşluqdan əl çəkməzdi.
77. Sərxoşun gözü həmişə araq şüşəsində olar.
78. Sərxoşla yoldaş olma, oldun, dalında gəzdirməlisən.
79. Günah şərabda idi, sərxoşun adı bədnam.
80. Sərxoşa ağıl öyrədənin ağlı başından çıxar.
81. Sərxoş andını, şərabı görəndə unudar.
82. Sərxoşa dedilər: kim səndən güclüdür? Dedi: məni arağa doyuran.
83. Nə pul verdi, nə aldı, içdi stulda qaldı.
84. Sərxoş salıb harayı, dolayı gəl, dolayı.
85. Sərxoş dedi: indi inandım ki, Yer kürəsi fırlanır.
86. Şərabın qədir-qiymətini sərxoşlar bilər.
87. Sərxoşun üzü şüşədən də betərdir.
88. Sərxoşun "qeyrəti" ayılana qədərdir.
89. Şərab sərxoşlara görə şərab sayılır.
90. Sərxoş həmişə badəni araq çəkənlərin sağlığına qaldırır.
91. Sərxoş yeddi dəfə ölçər, bir dəfə içər.
92. Kimin yanında istəyirsən otur, sərxoşun yanında oturma.
93. Sərxoşa görə, süfrəyə qoyulan şərab içilməsə, günahdır.
94. Sərxoş olan yerdə "toy-bayram"dır.
95. Sərxoş çağırılan yeri "ar" eyləyər, çağırılmayan yeri "dar" eyləyər.
96. Araqla dost olanlar, illərlə düşmən olar.
97. Ayıqlıqdan sərxoşluğa bir yol var: acizlik.
98. Sərxoşlar hər cürə təhqirə layiqdirlər.
99. Şərab yıxmadığını heç kəs yıxa bilməz.
100. Şərabın ömrü sərxoşluğun ömrü qədərdir.
101. Şərxoşlar olmayanda məclislər daha şən keçər.
102. Şərxoşun dəqiq ünvanı: ayıltma məntəqəsi.

İstinadlar

[redaktə]