İstiqlal
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Azərbaycan dövrü-istiqlalına bolşeviklər "Müsavat dövrü" deyirlər. Fəqət, xalq bu dövrə Azərbaycan dövrü deyir... Xalqın düşüncəsində Azərbaycan məfhumu coğrafi bir mənadan ziyadə fikir və əməl şəklində təcəssüm ediyor. İstiqlal xaricində onun üçün bir Azərbaycan yoxdur. Məhəmməd Əmin Rəsulzadə
- Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, “İstiqlal bəyannaməsi”nin elan olunması böyük zəka, uzaqgörənlik, cəsarət, iradə, qəhrəmanlıq tələb edirdi. Bizim dəyərli siyasi xadimlərimiz o il, o ay, o gün bu tarixi addımı atdılar. Heydər Əliyev
- Azərbaycan istiqlal və cümhuriyyət fikrinin keçici bolşevik istilasının yakıcı qüvvələriylə qəhr olunacağını zənn edirsiniz. Bakının hərarətli torpağıda kök salmış müqəddəs Quzğun dənizinin (Xəzər dənizinin) dalğaları daimi olaraq söndürməyə aciz olduğu kimi, Azərbaycan türklərinin ağlına girən fikir və qəlbinə yerləşmiş istiqlal hissini öldürməyə bolşevik cəlladları o dərəcədə acizdirlər: bir quzey rüzgarının zərbəsiylə dalğalanan Xəzər, Bayıl burnundakı mavi atəşi söndürsə də rüzgar keçib, dəniz düzgün bir hal alanda, sadə bir qığılcım kifayətdir ki, bu müqəddəs atəş təkrar yansın, təkrar Bayıl burnunu aydınlatsın! Məhəmməd Əmin Rəsulzadə
- Azərbaycançılıq demək, istiqlalçılıq deməkdir. Bir istiqlalçılıq ki, tarixin ən böyük müəssəsi (qurucusu) olan milliyyətin dövlət olmaq üzrə müzəffər yürüşü deməkdir. Azərbaycançılıq demək, böyük türk irqinə mənsub bir millətin istiqlalını qazanmaq üzrə başlanmış şanlı bir mücadilədir. Azərbaycançılıq eyni zamanda bir hürriyyət və mədəniyyət hərəkatıdır ki, onun ən bariz sifəti xalqçılıq və milli hakimiyyət əsasına bağlılıqdır. Məhəmməd Əmin Rəsulzadə
- Azərbaycanlılar türkdürlər: türklər də Ergenekon tilsimində iki yüz il qaldılar. Nə qədər çalışdılarsa bir yerə çıxa bilmədilər. Geniş dünyaya həsrət qaldılar. Fəqət bir dəmirçinin yaxşılığı kifayət idi ki, türklər dəmir dağları əridib geniş dünyaya çıxsınlar. Əsrimizim Siyavuşu ölmüşsə də onun doğurduğu istiqlal fikri ölməmişdir. Bu fikrin tərəfdarları indiki halda dağlarda, vətənlərindən uzaq məmləkətlərdə, həbsxanaların qaranlıq və rütubətli guşələrində qaçaq, qaçqın, köməksiz bir halda yaşayırlar. İstiqlal və hürriyyətimizin kövrək əlaməti – o üç rəngli istiqlal bayrağı zahirən yoxsa da, qorxudan bolşeviklik ifadə edən gözlərin önündə olub, ürəklər onun eşqi ilə çırpınmaqdadır. Məhəmməd Əmin Rəsulzadə
B
[redaktə]- Bayraq əgər yalnız müxtəlif rəngli qumaşlardan ibarətsə, Azərbaycan istiqlal bayrağı enmiş, parlaman caddəsindəki məclisi-məbusan binasının üstündə mavi, al və yaşıl rəngli və hilal sitarəli bir qumaş yoxdur. Yox, əgər maddətən əlaladə bir qumaşdan başqa bir şey olmayan bayraqlar mənən bir millətin hürriyyət və istiqlalını səciyyələndirən bir timsal isə, o halda hal-hazırda Bakı binalarının üstündə çəkiclə oraq əlamətini göstərən qırmızı qumaş Rusiya əsarətini örtməkdən başqa bir şey deyildir. Məhəmməd Əmin Rəsulzadə
- Bəli, artıq Azərbaycan ideyası barədə firqələrimiz arasında fikir ixtilafı yoxdur. Azərbaycan fikri millətin şüurunda yerləşmişdir. Üçrəngli əziz bayrağımız hamımızı siyasətcə birləşdirir. Azərbaycan istiqlalını müdafiə etmək hamımız üçün ortaq bir proqramdır. Ona görə firqələr Azərbaycan ideyasını propaqanda etməklə deyil, mövcud faktın siyasətən, hüquqən və xaricən müdafiəsilə məşğul olmalıdırlar.[1] Məhəmməd Əmin Rəsulzadə
- Bu gün İranı keçirməkdə olduğu bu ən fəalakətli günlərdən “xilas” etmək üçün əlindəki istiqlal kölgəsindən də məhrum edib, başqa mütərəqqi bir millətin idarə və təmsili altına versəniz ehtimal ki, ənzəli bir neçə ilin zərfində Bakıya meydan oxuyacaq qədər tərəqqi edər. Və bəndər bu şəhər də Bombeydən heç də geri qalmaz. Fəqət bu səri (sürətli) tərəqqinin müqabilində əmin olunuz ki, İran bir daha nə Firdovsi yetirər, nə Sədi, nə Hafiz.Məhəmməd Əmin Rəsulzadə
- Bundan sonra müstəqil və milli Azərbaycanın müqəddaratını sövqi tarixlə idarəyə məmur olacaq firqənin adı Müsavat olmaya bilər, fəqət o firqənin müsavatçı olması zəruridir. Çünki, müsavatçılıq – millətçilik, türkçülük, vətənçilik, azərbaycançılıq, milli dövlətçilik, istiqlalçılıq, cümhuriyyətçilik, deməkdir.Məhəmməd Əmin Rəsulzadə
C
[redaktə]- Cəmaət istiqlala o qədər munis olmuş, hürriyyət və istiqlal fikri o qədər xalqın canına sinmiş ruhuna işləmişdir ki, indi artıq istiqlal bir firqənin, bir kütlənin arzusu deyil, bütün cəmaət vətəni istiqlalsız və dövləti hürriyyətsiz təsəvvür edəmiyor.[2] Məhəmməd Əmin Rəsulzadə
E
[redaktə]- *Eşqi istiqlal ilə yanan və həsrəti hürriyyətlə saxlayan Azəri gəncliyinin ürəyi yarılsa, bu bayrağın (Azərbaycan bayrağının) orada həkk edildiyi görünər. Bəli, heç bir zaman Azərbaycan xalqı bu qədər həzin bir həsrət duymamışdı. Hansı kəndlini, hansı fəhləni, hansı münəvvər (ziyalı) və əsnafı (dükançı, sənətkar) dinləsəniz “Azərbaycan”dan yana-yaxıla bəhs edər. İstiqlal xaricində onun üçün bir Azərbaycan yoxdur! Məhəmməd Əmin Rəsulzadə
Ə
[redaktə]- Əziz və müqəddəs yurdumuz Azərbaycanın ilk dəfə milli istiqlal və milli hürriyyət bayrağını yüksəldən, ona müstəqil milli dövlət həyatı yaşadan, onu milli və mədəni bir varlıq olaraq cahan millətlərinə tanıdan və Azərbaycan məsələsini millətlərarası məsələlər sırasına daxil edən “Müsavat” firqəsi olmuşdur. Məhəmməd Əmin Rəsulzadə
F
[redaktə]- Fikri, milli və siyasi istiqlalın kökü iqtisadi istiqlaldadır. Məhəmməd Əmin Rəsulzadə
H
[redaktə]- Hər şey millət uğruna – bax, həqiqi vətənsevərlərin yeganə şüarı bu olmalıdır. Millətin birliyini və bütünlüyünü qorumaq, milli əxlaqın başlıca ümdəsidir. Türklük və milli istiqlal prinsiplərinə mütləq sədaqət, milli əxlaqın ikinci böyük ümdəsidir. Bu ümdənin qəti və zəruri icabı olaraq düşmən və müstəvli (işğalçı) hər hankı bir qüvvətlə milli istiqlal bəhsində açıq və ya qapalı heç bir bazarlıq edilə bilməz. Verilən sözə və yapılan sərbəst anlaşmalara riayət milli əxlaqın üçüncü ümdəsidir. Haqqı, hürriyyəti, sülhü və demokratiyanı qoruma və savunma, zülmə və təcavüzə qarşı sərih (aydın) bir cəbhə alma milli əxlaqın dördüncü ümdəsidir. Milli səviyyəni daim yüksək tutma, gerilik və cəhalətdən savunma milli əxlaqın beşinci ümdəsidir. Məhəmməd Əmin Rəsulzadə
İ
[redaktə]- İstiqlal xanların, bəylərin, ağaların degil; Azərbaycan xəlqinin, bütün millətin amalı, ən müqəddəs idealıdır.[3] Məhəmməd Əmin Rəsulzadə
- İstiqlal və hürriyyət yolunun qəhrəmanları, hər dürlü təhlükəni gözə alaraq, mücadilələrinə davam edəcək, kəndilərinə ilham qaynağı olan böyük ideal tam bir zəfərə ərmədikcə müqəddəs savaşdan əsla vaz keçmiyəcəklərdir. Məhəmməd Əmin Rəsulzadə
- 28 May 1918-ci il – Milli Azərbaycan hərəkatının ən böyük günüdür. Bundan 34 il əvvəl Milli Şura tərəfindən Azərbaycanın istiqlalı elan olunmuşdu; bu tarixdə türk və müsəlman aləmində ilk dəfə milli xalq hakimiyyətinə dayanan bir cümhuriyyət qurulmuşdur. Məhəmməd Əmin Rəsulzadə
K
[redaktə]- Kommunizm təhlükəsi deyilən şey, dünya üçün hər zaman təhlükə təşkil etmiş olan qaba və təcavüzçü Rus imperializminin yeni həmləsindən başqa bir şey deyildir. Bu təhlükə yalnız bolşevik istibdadı və qızıl süngüsünə dayanan Sovet hakimiyyətinin çökdüyü və oradakı millətlərin, uğrunda vuruşduqları istiqlallarına ərişdikləri gündür ki, ortadan qalxar. Məhəmməd Əmin Rəsulzadə
M
[redaktə]- Məncə, mədəniyyəti-bəşəriyyə millətlərin zəhmətlərindən hasil olan bir yekundur. Hər millət öz iqtidar və öz istiqlalı sayəsində, yəni öz diriliyi ilə özünə xüsusi, xüsusi olduğu qədər də qiymətli bəzi şeylər əlavə ediyor ki, bir millətin ölməsi və yaxud ölgün fikirlərlə yaşaması yalqız özünün bədbəxtliyi deyil, bəşəriyyətin də böyük bir nöqsanını təşkil ediyor. Məhəmməd Əmin Rəsulzadə
- Milli Azərbaycan bayrağı – işdə bizim çöhrəmiz! Milli hakimiyyət uğrunda çarpışan, çalınmış istiqlalını geriyə almaq üçün çalışan bir millət çöhrəsi! Məhəmməd Əmin Rəsulzadə
- Milli Azərbaycan istiqlal davasının səsi! - Budur bizə həyəcan verən bir nida. Məhəmməd Əmin Rəsulzadə
- Milli Azərbaycan Respublikasının yaşadığı istiqlal dövrü Azərbaycan tarixinin ən parlaq bir dövrüdür. Əski və yeni mühacirətin ilham qaynağı 1918-ci ildə elan olunan İstiqlal Bəyannaməsindəki demokratik əsaslardır. Əldə edilmiş milli istiqlalı yenidən qazanmaq əvvəlki kimi, yeni nəslin də idealıdır: lakin bir şərtlə: yenidən qurulacaq Azərbaycanda əski ictimai uyğunsuzluğa, siyasi haqsızlıqlara meydan verilməyəcək, sosial həmrəyli və ədalətin təmininə xüsusi əhəmiyyət veriləcəkdir. Məhəmməd Əmin Rəsulzadə
O
[redaktə]- Odlu Yurd! Bu iki söz türkcə kəlmənin – Azərbaycanın müqabil olduğunu söylərsək, məsələ yarı-yarıya anlaşılmaz olur. Yarı-yarıya deyirik, çünki hal-hazırda bir deyil, iki Azərbaycan vardır. Rus istiqlalına pərdəlik rolunu oynayan “qızıl Azərbaycan” ilə qəlbində hürriyyət və istiqlalın sönməz adını daşıyan milli Azərbaycan! Məhəmməd Əmin Rəsulzadə
S
[redaktə]- Səadət və hürriyyət istiqlaldır. İştə bunun üçün, əfəndilər, müstəqil Azərbaycanı təmsil edən o üç boyalı bayrağı Şurayi-Milli qaldırmış, türk hürriyyəti, islam mədəniyyəti və müasir Avropa iqtidarı - əhraranəsini (azad adamlar iqtidarını) təmsil edən bu üç boyalı bayraq daima başlarımızın üstündə ehtizaz edəcəkdir (dalğalanacaqdır). Bir daha qaldırılmış bayraq bir daha enməyəcəkdir! Məhəmməd Əmin Rəsulzadə
- Sözlərində səmimi olub dediklərinə həqiqətən inansaydılar, dəmir pərdəni qaldırar, cümhuriyyətin qapılarını açar, sizləri azad dünya ilə əlaqə və münasibətə gətirərlərdi. Fəqət bunu edə bilməzlər, çünki, o zaman yalanları üzə çıxar: qaraya ağ, zülmə ədalət, yoxsulluğa varlıq, əsirliyə azadlıq, istilaya istiqlal dedikləri aşikar olar!.. Onlar, bu cəsarəti göstərə bilməz, inadlarında davam edərlər. Fəqət, bu inad onları qurtara bilməz: həqq ilə batilin, doğru ilə yalanın dünya ölçüsündə gedən mücadiləsində nihai qələbə həqqin və doğrunundur. Bu zəfər günəşi əlbəttə ki, bir gün Azərbaycanda da parıldayacaqdır! Məhəmməd Əmin Rəsulzadə
İstinadlar
[redaktə]- ↑ Nəsiman Yaqublu "Müsavat Partiyasının tarixi" Bakı, 1997. Səhifə 85
- ↑ Məhəmməd Əmin Rəsulzadə - Məqalələr
- ↑ Həşəmətli bir gün - M.Ə. Rəsulzadə