Məzmuna keç

Mirzə Fətəli Axundov

Mirzə Fətəli Axundov
Tam adı Mirzə Fətəli Məhəmmədtağı oğlu Axundov
Doğum tarixi 12 iyul 1812
Doğum yeri Şəki
Vəfat tarixi 10 mart 1878 (65 yaşında)
Vəfat yeri Tiflis
Vikipediya məqaləsi

Mirzə Fətəli Axundov — Azərbaycan yazıçısı, maarifçisi, şairi, materialist filosofu, ictimai xadimi və dramaturqu.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Ağıl ata kürkü deyil ki, irslə övladına yetişə.
  • Bədii əsər gərək mükəmməl, nöqsansız və xoşagələn olsun. O, həm forma, həm də məzmununa görə gözəl olmalıdır.
  • Bəşər övladına səadət və qurtuluş o zaman nəsib olacaqdır ki, istər Asiyada və istərsə də Avropada insanın şüuru tamamilə əbədi həbsdən xilas olsun və bütün işlərdə də, təfəkkürdə də hadisələr deyil, insanın ağlı yeganə dəlil, sənəd və hakimi - mütləq olsun.
  • Bir ömür həqiqət axtardım, tapanda onun da yalan olduğunu gördüm...
  • …Bizim ruhanilərimizin ruhların bədəndən ayrıldıqdan sonra xüsusi yerlərdə öz-özlərinə zərfsiz və qəlibsiz yaşamaları haqqındakı təsəvvürləri, fikirləri və əqidələri heç bir tənqid qarşısında dayana bilməz.
  • Böyük bədbəxtlikdir ki, insan belə bir millətin içərisində yoxluq aləmindən varlıq aləminə qədəm qoysun və haqqı anlasın, ancaq öz nadan həmvətənlərinə onu anlada bilməsin və bu dünyadan qüssə və həsrətlə getsin.
  • Bu gün millət üçün faydalı və oxucuların zövqü üçün rəğbətli olan əsər yaratmaq lazımdır. Bunun üçün gözəl məzmun tapmaq yaradıcı təbin xüsusiyyətlərindəndir.
  • Canlılar aləmində insan daima tərəqqi tələb edən bir növdür və fikir azadlığı olmadan tərəqqi mümkün ola bilməz. Tərəqqinin nəticəsini zəmanəmizdə sivilizasyon adlandırırlar. Sivilizasyon elə bir ümumi sözdür ki, onun məzmununda bütün sənətlər, fəndlər, qüdrəti-dövlət, millətin asayişi və mədəniyyətin bu kimi şərtləri cəm olmuşdur. Əgər cəmiyyət öz fərdlərinə fikir azadlığı verməzsə onları ata-babanın və övliyaların qərar verdikləri şeylərlə kifayət etməyə və bunlardan kənara çıxmamağa və ağıllarını mədəniyyət işlərində işlətməyə məcbur edərsə, bu sürətdə fərdlər yer əkən, məhsul toplayan və hər bir işi düşünmədən və fikir etmədən görən avtomat olarlar; və ya onlar dəyirman atlarına bənzərlər ki, hər gün müəyyən dairədə dolanarlar və öz vaxtında da arpa-saman yeyib su içər və yatarlar, sonra yenə oyanıb haman dünənki dolanışı dünyanın axırına qədər təkrar edərlər. Və bu biçarə atların hərgiz xətri olmaz ki, dünyada çəmənlər, otlaqlar, çayırlıqlar, çiçəkliklər, meşələr, dağlar və dərələr vardır; əgər bağlı olmasaydılar, dünyada gəzərdilər və o könül açan yerləri görərdilər və dünya nemətlərindən tamamilə faydalanmış olardılar.
  • Cəmiyyət öz fərdlərinə fikir azadlığı verməzsə və onları ata-babasının və övladının qərar verdikləri şeylərlə kifayətlənməyə və bunlardan kənara çıxmamağa... məcbur edərsə, bu halda onlar dəyirman atlarına bənzərlər.
  • ...Daha уаxşı olar ki, ərəb əlifbasını ləğv edək. Аvropa yazı üsuluna keçək, yəni soldan sağa yazaq, nöqtələri işlətməyək. Latın yazısında olduğu kimi əlifbaya sait səslər üçün hərflər də daxil edək. Mənim belə təklifim İstanbul alimlərinin və vəzirlərinin xoşuna gəlmədi. Və mən öz məqsədimə nail olmayaraq, mükafat olaraq Məcidiyyə ordeni alıb geri qayıtdım.
    • İstanbuldaki apardığı müzakirə haqqında şərhi[1]
  • Dinin əsas məqsədi əxlaqdır.
  • Dünyada heç bir nemət həyatın əvəzi ola bilməz və onu hər cüzi şey üstündə və ədalət pərdəsi altında azad insanlardan almaq olmaz.
  • Dünyada insan üçün ən böyük ləzzət yaxşı ad qoyub getməkdir ki, belə bir adı da yaxşı əməllərin müqabilində əldə etmək olar.
  • Elm bəşəriyyəti asudəçilik və səadətə doğru aparır.
  • Əgər desəm ki, bir vücudun öz-özünə meydana gəlməsi mümkün deyildir və bu kainat gərək başqa bir vücudun iradəsi ilə yaranmış ola, o zaman haman vücudun özü də varlıq olduğu üçün, gərək başqa bir vücudun iradəsindən asılı ola və habelə o vücud da başqa bir vücudun istəyinə möhtac ola.
  • Əgər yaxşı dost axtarırsansa, özün yaxşı dost ol. Çünki dost axtaran kəs asanlıqla səni tapsın.
  • Ərəblər bizim minillik səltənətimizi yıxdılar, şan və şövkətimizi bərbad etdilər, vətənimizi elə xarabadan da xarab etdilər ki, bu günə qədər abad etmək mümkün olmayıbdır.[2]
  • Əsl yüksək əxlaqlı, xeyirxah adam yalnız o adam hesab edilə bilər ki, o, özünün bütün hərəkət və davranışlarını əsil vətənpərvərliklə uyğunlaşdırsın.[3]
  • Fəsahətli kəlam ondan ibarətdir ki, müxtəsər və aydın olsun.
  • Fikir azadlığı olmadan tərəqqi mümkün ola bilməz.
  • Gözə görünməyən, hiss edilməyən və duyulmayan şey mövcud da deyil.
  • Həqiqi ananın ən şərəfli bəzəyi ədəbli, tərbiyəli cocuqdur.
  • Hünər və ləyaqəti olmadan yüksək dərəcələrə çatmaq heç də şərafət deyil, bəlkə rəzalət və həqarətdir.
  • İnsan növünün tərəqqisi ağıl ilədir.
  • İnsan öz həmvətənləri ilə cəmiyyətdə müttəfiq yaşamalıdır.
  • İndi bizim müxtəlif elmlərə aid kitabımız yoxdursa, yaxın gələcəkdə bizdə dünyanın mədəni ölkələrinin malik olduğu bir çox kitabları, o cümlədən tibb, hikmət, hesab, coğrafiya, hərbi iş, dənizçilik, mühəndislik, tarix, inşa, idarə üsulu, məişət, əkinçilik, səyyahlıq, mədənşünaslıq, təbiət, astronomiya, heyət, kimya və bunlar kimi faydalı elmlərə aid kitabları əldə edəcəyik xalqların malik olduğu müxtəlif elmlərə və hünərlərə yiyələnəcəyik.
  • İnsanların yeddi vəzifəsi vardır. Əgər insan bütün bu vəzifələri yerinə yetirərsə, bu halda kamil insan sayılır, əgər o bunların bir hissəsini yerinə yetirərsə, natamam insan sayılır; əgər o bu yeddi vəzifənin heç birinə əməl etmirsə, deməli insan qismindən çıxır və heyvan qisminə daxil olur. Birinci vəzifə bundan ibarətdir ki, insan pis əməllərdən uzaq olsun. İkinci vəzifə xeyir işlər görməkdir. Üçüncü vəzifə zülmə qarşı mübarizə aparmaqdır. Dördüncü vəzifə cəmiyyətdə öz yoldaşları ilə ittifaqda yaşamaqdır. Beşinci vəzifə elm yolu ilə getməkdir. Altıncı vəzifə elmi hər yanda yaymağa çalışmaqdır. Yeddinci vəzifə ondan ibarətdir ki, insan öz qüvvəsi, imkanı daxilində onunla ittifaqda olan cəmiyyətdə, öz həmvətənləri və həmfikirləri arasında qanuni hüquqlarının müdafiəsi üçün mübarizə aparsın.
  • İstedadsız, qabiliyyətsiz və paxıl adamlara qulaq asmaq lazım deyil. İstedadsız olduqlarına görə, onlar başqalarında nöqsan axtarırlar ki, bununla öz qüsurlarını ört-basdır etsinlər.
  • Qəzəblənmək həmişə acıqdan olmur, süstlükdən və qayda-qanunsuzluqdan dəxi əmələ gəlir.
  • Mən mədəniyyəti sevən hər kəsin tərəfdarıyam. Mən bəşəriyyəti sevən hər kəsin nökəriyəm. Mənim insan düşmənini görən gözüm yoxdur, mən sivilizasiyanın yolunu kəsən, ona mane olan hər kəsə nifrət edirəm. Mən belələrindən uzaq dolanıram. Onlar mənə iyrənc görünürlər.
  • Mənim əlifbam yüz ildən sonra Şərq ədəbiyyatında fəxri yer tutacaq və o əlifbada yeni-yeni əsərlər meydana çıxmaqla yanaşı, köhnə əlifba ilə olan bir çox köhnə kitablar da həmin əlifbaya köçürüləcəkdir. Əlbəttə, belə olduqda mənim məqsədim yerinə çatacaq və o xoşbəxt günlərə qədər yaşamasam da, əvvəlcədən bu xüsusda asudə ola bilərəm.
  • Mənim xalqımı rəzil edən o bayquşları (mollaları) tabutum üstündə ulaşmağa qoymayın!
  • Mənim xalqımın fitri istedadı Avropa xalqlarının fitri istedadından qat-qat artıqdır.
  • Mənim məqsədim... Cəhaləti aradan qaldırmaq, elmləri, sənətləri inkişaf etdirmək, xalqımızın azadlığı, rifahı və sərvətinin artması üçün, vətənin abadlaşdırılması üçün... ədalətə rəvac verməkdir.
  • Mənim məqsədim islam xalqlarını sarsıdan cəhaləti ortadan qaldırmaq, elmləri, sənətləri inkişaf etdirmək, xalqımızın azadlığı, rifahi və sərvətinin artması üçün, vətənin abadlaşdırılması üçün və islamiyyətdən əvvəl babalarımızın malik olduğu şən və şövkətin bərpa edilməsi üçün ədalətə rəvac verməkdir.
  • Millət özü bəsirət və elm sahibi olmalı, ittifaq və yekdillik əsaslarını əldə etməli, sonra zalıma müraciət edərək deməlidir: səltənət və hökümət büsatından əl çək!
  • Mirzə Şəfi bütün mətalibi ürfaliyyəti mənə təlğin etdi və gözümün qabağından qəflət pərdəsini qaldırdı. Bu hadisədən sonra ruhanilikdən nifrət etdim və öz fikrimi dəyişdirdim.
  • ...Müsəlman xalqların mədəniləşməsi və yeni əlifbanın yolunda duran əsas maneə islam dini və fanatizmidir. Bu dinin əsasını sarsıtmaq, fanatizmi aradan qaldırmaq, Asiya xalqlarını qəflət və nadanlıq yuxusundan oyatmaq və islam dinində protestantizmin lüzumunu sübut etmək üçün "Kəmallüddövlə"ni yazmağa başladım.[4]
  • Nə qədər ki sağam, İstambul nazirlərinə qarşı qələmimlə vuruşacağam. Mən və mənim yavərim siz, öldükdən sonra bizim müasirlərimizin nə dərəcədə şüursuz olduğunu görən gələcək nəsil minlərcə dəfə halımıza heyfslənəcək, bizim fikirimizi həyata keçirəcək və qəbrimizin üzərində heykəllər qoyacaqlar...
  • Oxumuşların sayı çox olan ölkələrdə təfəkkür sahiblərinin sayı da çox olur. Təfəkkür sahiblərinin çox olduğu ölkədə isə həyatın bütün sahələrində xalq gündən-günə tərəqqi edə bilər.
  • Pis və çirkin adətləri insanın qəlbindən tənqid, istehza və məsxərədən başqa heç bir şey qoparıb çıxara bilməz.
  • Politika - səltənəti və məmləkəti idarə etməklə bağlı olan, səltənətin və məmləkətin mənafeyini və səlahiyyətlərini nəzərə alan işlərdir, bir də bunlar barədə elmdir.
  • Sağlığında xalqın sevimlisi və öldükdən sonra adı tarixin bəzəyi olmaq dünyada ən böyük səadətdir.
  • Sərxoşluq əxlaqi cəhətdən pozulmağın ən eybəcər əlamətidir.
  • Sizin qəzetinizin əsas məziyyətlərindən biri ifadənin gözəlliyi, ibarələrin zərifliyi və aydınlığı, imlanın düzgünlüyü olmalıdır.[5]
  • Ümmətin rahnuması tərbiyədir,
    Millətin pişvası tərbiyədir.
  • Yaxın gələcəkdə vətənimiz yadların ardınca gedənlərin mənhus vücudundan təmizlənəcəkdir! Yurdumuz yenidən gülüstana çevriləcəkdir.
  • Yazıçılar bəşəriyyətin ən şərəfli nümayəndələridir.
  • Yeni əlifba о qədər mükəmməldir ki, indiyə qədər öyrənilməsi illər tələb ədən müsəlman yazısını bu əlifbanın köməyi ilə bir ayda öyrənmək olar. Deməli, mən cəsarətli bir addım atmışam. Lakin bilmirəm, müsəlman ölkələrində mənim əlifbamı istifadə üçün qəbul edəcəklərmi? Onlar istəyirlərmi ki, nəticədə indiyə qədər mövcud olan milyonlarla kitabın lüzumsuzluğuna səbəb olan müsəlman əlifbasında belə bir çevrilişə yol versinlər?
    • 1857-ci ildə Qafqaz canişini dəftərxanasının direktoruna yazdığı məruzəsində hazırladıgı yeni əlifbası haqqında[6]

Haqqında sitatlar

[redaktə]
  • M.F.Axundovun yaradıcılıq yolunu səciyyələndirən tarix səhifələrini vərəqləyərkən biz böyük iftixar hissi keçiririk ki, xalqımız ağır zamanlarda, gerilik, dini fanatizm şəraitində belə görkəmli şəxsiyyət, öz dövrünü qabaqlayaraq gözəl əsərlər yaradan bir insan yetişdirmişdir...
  • Mirzə Fətəli Axundzadə bütün həyatı boyu doğma vətəninin və xalqının tərəqqisi yolunda yorulmadan çalışaraq yeni dövrün irəli sürdüyü mühüm elmi, mədəni və ictimai-siyasi məsələlərə daim fəal münasibət ifadə edən və zamanın qabaqcıl ideyalarından bəhrələnməyə çağıran yaradıcılığı ilə Azərbaycan mədəniyyətinin inkişafı tarixində parlaq səhifə açmışdır.
  • M.F.Axundov ümumi Şərq xalqlarını, xüsusən azərbaycanlıları maarifləndirmək, yeni mədəniyyət aləminə daxil etmək, feodalizm, despotizm və din əsarətindən xilas etmək uğrunda mübarizə apararkən, ictimai ünsiyyətin əvəzsiz vasitəsi - mədəniyyətin forması və ən kəskin silahı olan dili nəzərdən qaçırmamış, hətta dil və onun təzahur forması olan yazı (yəni özünün qəbul etdiyi kimi – “Qrafik dil”) məsələsi ilə xüsusi məşğul olmuşdur. O, dil və dilçilik məsələləri ilə həm nəzəri, həm də əməli surətdə məşğul olmuş, əməli əhəmiyyəti olan ən mühüm sahələrə əl atmış və ən xəstə cəhətləri sağaltmağa cidd-cəhd ilə çalışmışdır.
    • Ə.Dəmirçizadə, professor
  • “Vəziri-xani-Lənkəran” pyesinin müəllifi M.F.Axundovdur. Onun komediyaları xarici dillərə də tərcümə olunmuşdur. Bir zamanlar o, rus yazıçılarının da diqqətini cəlb etmişdir. Sənəti çox gözəl bilən, istedadlı tənqidçi Apollon Qriqoryev onu Molyerlə müqayisə etmişdir. Mən etiraf etməliyəm ki, bizim pyeslərimizdə rast gəlinən və bizdə təəssüf doğuran mənasız gülüş, boş sözlər bu pyesdə yoxdur.
    • A.Sereteli, gürcü şairi
  • Mirzə Fətəli Axundovun komediyalarının türk səhnəsində görsənməsi əgər bir böyük tarixdirsə, buna iki şey bais olubdur: biri budur ki, Mirzənin komediyaları ümumiyyətlə xeyli dəyərli əsərlərdir; elə bir əsərlərdir ki, onlarla nəinki bizim yox mənziləsində olan səhnəmiz fəxr edə bilərdi, bəlkə bir belə pyeslər sair mütəmməddin millətlərin səhnələrini zinətləndirməyə qabil ola bilərdilər. Biri də budur ki, Mirzə Fətəlinin komediyalarında Şərq qadını ilk dəfə səhnəyə çıxıbdır, orada danışıbdır, gülübdür, ağlayıbdır və o orada birinci dəfə kişilər içində izhari-vücud eləyibdir.
  • M.F.Axundov elə bir adamdır ki, onun xidmətləri çox böyükdür. O, yalnız bizim zəmanəmizdə öz layiqi qiymətini almışdır. Filosof, dramaturq və ictimai xadim olan M.F.Axundov öz ölkəsinin mədəniyyəti ilə rus mədəniyyəti arasında canlı əlaqənin timsalıdır.
  • Mirzə Fətəli bir ədib və bir şair olmaqdan daha artıq bir cəmiyyətçi, bir əməlpərvərdir. Onu yazıçılığa təhrik edən və bədii zövqündən daha artıq ictimai məfkurəli idi. O, yazılarını bir sənət adına deyil, bəlkə ictimai məfkurəsi adına yazır və öz əsərlərindən sadə bədii bir zövq deyil, həyat və cəmiyyət üçün bir nəticə gözləyirdi. O, ədəbiyyatı öz duyğularının, öz məfkurələrinin bir tərcümanı kimi tanıyır, ...öz məfkurələrini həyata keçirmək və yaymaq üçün bir vasitə bilirdi... Lakin bunların hamısına baxmayaraq, biz Mirzə Fətəlini hər şeydən artıq yenə də bir ədib kimi tanımaq istərdik. Nə qədər ədəbiyyat onun fikirlərini yayacaq bir vasitə olmaq üzrə götürülmüş isə də, hər halda burada Mirzə Fətəli o qədər böyük məharət, bir istedad göstərmişdir ki, hər şeyi geridə buraxıb, ədəbi bir sima kimi ortada qalmışdır.
  • Axundovla yanaşı bu gün Türkiyədə türk xalqı üçün “Molla Nəsrəddin” döyüşür... ...bizim mütərrəqi bir yazıçımız var: Əziz Nesin İstanbulda bir məcmuə çap etdirir. Həmin sayıda “Molla Nəsrəddin”in vaxtilə yapdığı bir rəsmə bənzər təsvir var... sonra burda Əziz Nesinin bir hekayəsi verilib. Hekayə bir kəndlinin dilindən Kennediyə məktubdur. Bu məktub doğrudan-doğruya Mirzə Fətəli Axundovun, “Molla Nəsrəddin”in və Sabirin ənənəsini davam etdirir.
  • Görkəmli yazıçı və filosof-materialist Mirzə Fətəli Axundovun banisi olduğu XIX əsr maarifçi demokratların irsi kimi gözəl, tərəqqipərvər bir irs Azərbaycan sovet ədəbiyyatının ənənələrinə daxildir.
    • A.Fadeyev, rus yazıçısı
  • Mən bu gün məmnuniyyətlə qeyd edirəm ki, Orta Asiya xalqlarının, o cümlədən tacik xalqının intibahı üçün inqilabdan əvvəlki Azərbaycan ədəbiyyatının böyük əhəmiyyəti olmuşdur. Mirzə Fətəli Axundovun A.S.Puşkinin ölümünə yazdığı “Şərq poeması” demək olar ki, dərhal Buxarada yayılmış və əmirliyin tərəqqipərvər xadimlərinin zəkasına yol tapmışdır.
    • Mirzo Tursunzadə, tacik şairi
  • Mirzə Fətəli Axundov Azərbaycan ziyalılarının ən parlaq nümayəndələrindən biridir. Həyatımızın ən qaranlıq bir dövründə, o, nadanlıq və qaranlıq dünyasına cəsarətlə hücum çəkmişdir... Müsəlmanlar bu mübariz filosofla fəxr etməlidir. Məgər onu unutmaq olarmı?.. Yubiley bayramı mütləq keçirmək lazımdır, hər necə olur - olsun, keçirmək lazımdır. Bu, müsəlman həyatının hadisələrini dərk etmək və qiymətləndirməkdə bizim yetkinliyimizi nümayiş etdirən bir imtahan olmalıdır.
    • Hüseyn Minasazov, publisist, tənqidçi
  • Bu böyük humanist şəxsiyyətin bəhs etmədiyi heç bir böyük və ya kiçik məsələ olmamışdır. O, drama, hekayə və şeirdən başlamış fəlsəfə, din, etika, moral, kritika, dil, dövlət, məktəb, tədris və s. bu kimi müxtəlif məsələlərdən bəhs etmiş və hər məsələyə öz dövrünə görə konkret və aydın cavab verə bilmişdir. M.F.Axundov ictimai-siyasi məsələlərlə maraqlanır, ictimai həyatın dəyişməsi üçün çarələr axtarırdı. O, Rusiya və Qərbi Yevropa kulturası ilə tanış olur... Böyük rus xalqının dilini, kulturasını dərindən öyrənmişdi. Azərbaycan ictimai fikri inkişafında qüvvətli dönüş yaratmışdır. M.F.Axundov Spinozanı, XVIII əsr fransız materialistlərini, Volteri, Boklı, Çernışevskini və s. böyük mütəfəkkirlərin əsərlərini dərindən tədqiq edib öyrənmişdi.
    • Heydər Hüseynov, filosof
  • Hər millətin arasında elə şəxslər zühur edir ki, istiqlali-milləti və zərurəti zəmanı fəhm və dərk edib millətə ruhi-nicat göstərir və bu təriq ilə milləti tərəqqi və təaliyə sövq edir. Millət belə yeganəyi - əsrin əfkari-aliyəsini düşünüb də, onun göstərdiyi yol ilə gedir və şəni-milləti ucaldır.
    • Süleyman bəy Əbdürrəhmanov, publisist

İstinadlar

[redaktə]
  1. Pərvin Məmmədova. "Atatürkün Dil Siyasəti", "AzAtaM", 2003. s. 38
  2. Babək kimdir- peyğəmbər, hökmdar, kommunist, yoxsa…
  3. Ziyəddin Məhərrəmov. "Bir bahar küləyi", Bakı, "Nurlan", 2012.
  4. Pərvin Məmmədova. "Atatürkün Dil Siyasəti", "AzAtaM", 2003. s. 41
  5. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh. 310
  6. Pərvin Məmmədova. "Atatürkün Dil Siyasəti", "AzAtaM", 2003. s. 37-38