Məzmuna keç

Vikisitat:Uyğunluq

(Vikisitat:UZUNLUQ səhifəsindən yönləndirilmişdir)
Qısayol:
VS:U

Uyğunluq hər hansı bir sitatın Vikisitata yerləşdirilib-yerləşdirilməməsini müəyyən edir. Müəyyən bir səhifə və ya xüsusi sitatın Vikisitata daxil edilməsi üçün mütləq bir sınaq mövcud olmasa da, onların hər ikisinin bu topluda bir yerə layiq olub-olmadığını müəyyən etmək üçün bir sıra amilləri nəzərə almaq lazımdır. Bəzi amillərin önəmi səhifənin mövzusunun şəxs və ya bədii personaj (a); kitab, film və ya başqa əsər (b); və ya müəyyən bir anlayış (c) olmasından asılı olaraq dəyişir.

Uyğunluq amillərinə daxildir:

  • Sitatin yoxlanıla bilən mənbəyi varmı?
  • Sitat aid olduğu iddia edilən şəxs və ya əsərə həqiqətən aiddirmi?
  • Sitatın mövzusu diqqətəlayiq bir mövzudurmu? O, insan təcrübəsinin sevgi, ədalət və ya yalnızlıq kimi geniş mövzularındadırmı? Yoxsa kirpilər, nahar əti və ya yeni avtomobil qoxusu kimi dar və ya adi bir mövzu haqqındadır? Əgər sitat dünyəvi bir mövzuya aiddirsə, sitatın müəllifinin bu mövzuda xüsusi bir təcrübəsi varmı? Sitat başqa bir şəxs haqqındadırsa, həmin şəxs olduqca diqqətəlayiq biridirmi?
  • Sitatın mənbəyi olan müəllif və ya əsər diqqətəlayiqdirmi? Əgər belədirsə, hansı dərəcədə diqqətəlayiqdir və sitatın mənbəyi kimi diqqətəlayiqdirmi?
  • Sitat xüsusi fərqlənən dərəcədə hazırcavab, lakonik, müdrik, təsirli və ya kədərlidirmi?
  • Sitat müstəqil olaraq yaxşı tanınırmı?

Əks halda, sitat gətirilən material müəllif hüququ, səhifə uzunluğu və Vikisitat:Sitatlar üçün məhdudiyyətlər bölməsində müzakirə edilən digər tələbləri ödəməyə bilər.

Təsdiqlənmə

[redaktə]
Qısayol:
VS:TƏSDİQ

Hər kəs müəyyən bir sitatın hər hansı bir görkəmli bir şəxsə aid olduğunu iddia edə bilər. Odur ki, bir şəxsin adının sitatla əlaqələndirilməsi bu əlaqənin real olduğunu sübut etməyə bəs etmir. Bu iddianı təsdiqləmək üçün müəllifin həmin sitatın yer aldığı işinə istinad edilə və ya sitatı həmin müəllifə aid edən nüfuzlu, müstəqil və qərəzsiz ikinci dərəcəli mənbə göstərilə bilər.

İddianı təsdiqləyə biləcək ikinci dərəcəli mənbələrə çağdaş qəzetlər və ya digər şahid hesabatlar daxildir. Sitatın hər hansı bir nəşr edilmiş sitatlar toplusunda mövcud olması onun məşhurluğunadözümlülüyünə dair güclü sübut təqdim edir. Bununla belə, bu cür toplular bəzən sitatları yanlış əlaqələndirdiyinə görə, onlar sitatın iddia edilən müəllifə aid olmasına dair kifayət qədər etibarlı sübut təqdim etmir. Yalnız sitatı və iddia edilən müəllifin adını ehtiva edən bir veb-saytda yer alan sitatlar toplusunda qeyd edilmiş sitatlar isə daha da etibarsızdır.

Təsdiqlənmə amilində "anonim" müəllifə aid edilən sitatlar istisna edilir. Bununla belə, bu cür sitatlar Vikisitatda yer almaq üçün məşhurluq və dözümlülük də daxil olmaqla digər tələblərə cavab verməlidir.

Təsdiqlənmiş sitat üçün aşağıdakı hallar mövcud ola bilər:

  • orijinal nitq, kitab, müsahibə, film və ya digər bir işdən qaynaqlanır.
  • orijinal bir işdən qaynaqlanmır, lakin etibarlı ikinci dərəcəli mənbədə tapılmışdır.
  • müəyyən bir müəllif və ya işlə geniş şəkildə əlaqələndirilsə də, başqa bir müəllif və ya işdən qaynaqlanır.

Əgər sitat müəyyən bir müəllifə və ya işə geniş şəkildə aid edilsə də, bu haqda istinad edilə biləcək orijinal iş və ya nüfuzlu ikinci dərəcəli mənbə yoxdursa, həmin sitat iddia edilən müəllifin səhifəsində qeyd edilməməlidir. Belə olduqda, ən yaxşı seçim həmin sitatın müəllifin səhifəsinin müzakirəsində qeyd edilməsidir.

Orijinallıq

[redaktə]
Qısayol:
VS:ORİJİNAL

Sitat onu ilk dəfə deyən şəxsə və ya sitatın ilk dəfə göründüyü işə aid edilməlidir. Bəzi ifadələr çox məşhurdur və birdən çox müəllif tərəfindən, birdən çox işdə istifadə edilmiş ola bilər. Buna baxmayaraq, həmin ifadə yalnız ilk dəfə istifadə edildiyi iş və ya müəllif üçün orijinal hesab edilir və daha sonra onu istifadə etmiş iş və ya müəlliflərə aid edilməməlidir. Belə olduğu halda həmin sitat müraciət etdiyi mövzu haqqındakı səhifəyə yerləşdirilə bilər, amma onu daha sonra istifadə etmiş müəlliflərin səhifəsinə yerləşdirilməməlidir.

Bu meyarın iki əsas istisnası var. Birincisi, belə bir ifadənin başqa bir əhəmiyyətli dialoqun hissəsi kimi meydana çıxmasıdır. Belə olduğu halda dialoqun bütün kontekstini təqdim etmək üçün həmin ifadənin daxil edilməsinə ehtiyac var. İkincisi isə, sitat bir şəxs və ya əsərlə o qədər geniş şəkildə əlaqələndirilir ki, onun əsl mənşəyinin başqa bir müəllif və ya iş olduğunu izah etmək məqsədi ilə sitatın səhifəyə daxil edilməsi əhəmiyyətli olur.

Mövzu

[redaktə]

Mövzunun diqqətəlayiqliyi

[redaktə]
Qısayol:
VS:MÖVZU

Sitatın diqqətəlayiq bir mövzuya aid olması onun Vikisitata uyğunluğunu artıra bilər. Sevgidoğum kimi bəzi mövzular hamı tərəfindən bilinir və tez-tez şərh olunan mövzulardır. Daha az diqqətəlayiq bir mövzuda olan sitatlar da uyğunluğu ödəyə bilsə də, belə sitatlar Vikisitata uyğun olduqlarını göstərmək üçün müəllifin diqqətəlayiqliyi və sitatın keyfiyyəti kimi amillərin ödənilməsinə ehtiyac duyurlar. Məsələn, Tısbağa ilə bağlı sitatlara baxın.

Şəxslər haqqında olan sitatlara gəldikdə, bir şəxsin sitat mövzusu kimi diqqətəlayiq olmasını dəyərləndirmək daha çətin ola bilər. Lakin aydındır ki, bir şəxs özü sitat gətirilə biləcək heç nə deməsə belə, başqası tətərfindən qeyd edilmiş hər hansı bir sitatın mövzusu kimi diqqətəlayiq ola bilər.

Digər şəxsləri tənqid edən sitatlar

[redaktə]
Qısayol:
VS:TƏNQİD

Bir şəxsin digərini tənqid etdiyi diqqətəlayiq sitatlar, şübhəsiz ki, mövcuddur. Lakin, bu cür sitatlar bu layihədən sui-istifadə potensialına malik olduğunu görə yüksək səviyyədə araşdırılır. Kritik sitatın daxil edilməsi üçün aşağıdakı şərtlər nəzərə alınmalıdır:

  • Sitatın müəllifi olan şəxs olduqca diqqətəlayiq bir şəxsdirmi?
  • Sitatın mövzusu olan şəxs olduqca diqqətəlayiq bir şəxsdirmi?
  • Sitat on ildən az bir müddətə aiddirmi?
  • Sitatın müəllifi və ya mövzusu olan şəxs vəfat edibmi?
  • Sitatın özü əhəmiyyətli dərəcədə yeni və orijinaldırmı?
  • Sitatın özü qeyri-adi dərəcədə hazırcavab, lakonik, müdrik, təsirli və ya üzücüdürmü?
  • Sitatın mənbəyi təsdiqlənə bilirmi?

Yaxın dövrlərdə diqqətəlayiqliyi az olan bir yaşayan şəxs tərəfindən başqa bir diqqətəlayiqliyi az olan yaşayan şəxsə yönəldilmiş tənqidlər uyğunluğu ödəmir. Əgər səhifələrə yuxarıdakı meyarları ödəməyən bir tənqidi sitat daxil edilərsə, o, bu təlimatlara istinad edilərək silinə bilər.

Müəllifin və ya işin diqqətəlayiqliyi

[redaktə]

Sitatın müəllifin səhifəsində yerləşdirilməsi. Şəxs haqqındakı bir səhifə üçün diqqətəlayiqlik zəruri meyar olsa da, kifayət deyil. Bir şəxsin Vikipediyada ensiklopediklik tələblərinə cavab verməsi bu şəxsin Vikisitatda uyğunluq tələblərini ödəməsi demək deyil. Bir şəxs başqa səbəblərə görə olduqca diqqətəlayiq ola, lakin heç vaxt sitat gətirməyə dəyər bir şey söyləməyə bilər. Əgər şəxs sitat mənbəyi kimi də diqqəlayiq olarsa, onda fərdin diqqətəlayiqliyi Vikisitatda da önəm kəsb edir. Məsələn, məşhur bir şairin və ya ekspertin sitat müəllifi kimi diqqətəlayiq olması ehtimalı məşhur bir beysbolçudan daha çox yüksəkdir. Amma həmin beysbolçu yaddaqalan şərhləri ilə tanınan Yoqi Berra kimi biri də ola bilər.

Zəif tanınan bir şəxsə aid olan məşhur bir sitat həmin şəxs haqqında səhifənin mövcudluğuna haqq qazandıra bilər. Bununla belə, sitatın özünün buna səbəb olacaq qədər məşhur olub-olmaması ciddi şəkildə yoxlanılmalıdır.

Gündəlik reallıqları dərindən ifadə edən sitatlar (məsələn, "Yüz ölç, bir biç"; "Sonda gülən yaxşı gülür") zamanla atalar sözləri, məsəl və ya aforizmlərə çevrilə bilər. Ola bilər ki, bu sitatların da ensiklopedik müəllifləri olsun, lakin belə sitatlar əsasən hal-hazırda məlum olmayan mənbələrdən qaynaqlanır. Odur ki, bu cür sitatlar atalar sözləri və ya sitatda əks olunan mövzulara aid səhifələrə daxil edilə bilər.

Sitatın mövzu səhifəsində yerləşdirilməsi. Mövzu ilə bağlı səhifələrə hər hansı bir sitatın daxil edilməsi üçün onun müəllifinin ensiklopedik olması tələb olunmur. Bunun üçün sitatın özünün diqqətəlayiq olması yetərlidir. Beləliklə, müəllifinin kimliyi məlum olmasa belə, xüsusilə təsirli və ya hazırcavab sitatlar belə səhifələrə daxil edilə bilər. Bununla belə, bəzi hallarda maraqlı olmayan bir sitat sırf müəllifinin şəxsiyyətinə görə maraqlı olur. Məsələn, məhəllənizdəki tərəvəzçi (və ya tanınmış kino ulduzu olsa belə) "qolf, izləmək üçün ən darıxdırıcı idman növüdür, bilmirəm onu niyə televizora da qoyublar" deyirsə, bu rəy bir sitat kimi xüsusi əhəmiyyətə malik deyil. Bununla belə, eyni şərhi tez-tez televiziyada yayımlanan qolf oyunlarında görünən dünyaca məşhur qolfçu söyləsəydi, bu sitat birdən-birə fərqli bir əhəmiyyət kəsb edərdi.

Sitatın müəllif olmayan şəxsin səhifəsində yerləşdirilməsi. Hər hansı şəxs haqqında başqa biri tərəfindən qeyd edilmiş sitatın həmin şəxs haqqında səhifəyə daxil edilməsi üçün sitatın müəllifinin diqqətəlayiq olması tələb olunur. Yuxarıdakı "Mövzu" başlığına baxın.

Məna

[redaktə]

Keyfiyyət

[redaktə]

Bəzən bir sitatın Vikisitat üçün "uyğun" olduğunu, digərinin isə olmadığını söyləmək olduqca çətin və subyektiv bir qərar ola bilər.

Semuel Teylor Kolricin məşhur sözündə olduğu kimi:

Nəsr ən yaxşı ardıcıllıqla düzülmüş sözlərdir;
Şeir ən yaxşı ardıcıllıqla düzülmüş ən yaxşı sözlərdir.

Əgər müəllif yüksək dərəcədə diqqətəlayiq biridirsə, həmin müəllifin daha az mənalı ifadələrinin səhifəyə daxil edilməsi əsaslandırıla bilər. Müəllifin az diqqətəlayiq olduğu halda isə biz hazırcavab, lakonik, müdrik, təsirli və kədərli ifadələr axtarırıq. Sitat üçün bu amilin dəyərləndirilməsi çox subyektiv bir qərardır və bu, cəmiyyətin konsensusu ilə müəyyən edilə bilər.

Şeirdən və ya digər ədəbiyyatlardan sitat gətirilməsi üçün əsas amil oradakı kankret sözlərin diqqətəlayiq olub-olmamasıdır. Bununla belə, hər hansı bir alimin ədəbiyyatından sitat gətirərkən alimin işlətdiyi kankret sözlər ayrı-ayrılıqda ümumişlək və yaxşı bilinən olmaya bilər. Bu zaman əsas amil sitatın ümumi mənasının nəzərə çarpmasıdır. Məsələn, İsaak Nyutonun Nyuton qanunları və ya Albert Eynşteynin Nisbilik nəzəriyyəsinin müzakirəsi.

Uzunluq

[redaktə]
Qısayol:
VS:UZUNLUQ

Sitat hər hansı bir məlumat və ya əhval-ruhiyyəni çatdırmağa kifayət edəcək qədər uzun olmalı, lakin oxucunu narahat edəcək qədər uzun olmamalıdır. Tipik olaraq, uyğunluğu ən çox ödəyən sitatlar bir sətirdən və ya iki qısa sətirdən ibarət olur. Nadir hallarda sadəcə bir neçə söz yaddaqalan bir sitat kimi ölümsüzləşə bilər: "Cogito ergo sum"; "Veni, vidi, vici"; "E=Mc2"; "Et tu, Brute?". Qısa sitatlar uyğunluğu ödəməyə kifayət edəcək qədər məlumat və məna çatdırmır və bu cür sitatların əksəriyyəti xüsusi mədəni və ya tarixi əhəmiyyətə malik olduğu göstərilmədiyi halda silinəcək.

Xüsusi bir hal olmadığı müddətdə sitatlar 250 sözdən çox olmamalıdır. Bu, məqsəd deyil, məhdudiyyətdir. Odur ki, çox uzun olan sitatları diqqətlə yoxlayaraq bu qədər materialın hamısına həqiqətən ehtiyac olduğundan əmin olun.

Dialoqların uzunluğu

[redaktə]

Filmlərdən və ya televiziya şoularından sitat gətirilmiş bütün bir səhnə və ya böyük bir dialoq parçası nadir hallarda sitat gətirilməsi üçün uyğunluğu ödəyə bilir. Bu cür dialoqlar "həyəcan verici" və ya "oxunaqlı" görünsələr də, yenə də sitat gətirilməsinə uyğun deyil. Çox vaxt filmdəki bir dialoqda iştirak edən personajın müəyyən bir ifadəsi təkbaşına uyğunluğu ödəyə bilir. Əgər belə olarsa, bütün bir dialoq və ya dialoq parçası deyil, həmin ifadə təkbaşına dialoqdan ayrılaraq səhifəyə yerləşdirilməlidir. Bunun pop-mədəniyyət nümunəsi “Küləklə sovrulanlar” filmindəndir:

Skarlett: Yox! Mən ancaq onu bilirəm ki, səni sevirəm.
Rett: Bu sənin talesiziyindir.
Skarlett: Oh, Rett! Rett! Rett, Rett! Rett, Rett... Rett, əgər sən getsən, mən haraya gedəcəyəm? Nə edəcəyəm?
Rett: Açığı, əzizim, heç vecimə də deyil.

Bu səhnəyə daha çox dialoqlar daxil edilə bilsə də, onun pop-mədəniyyət leksikonuna həqiqətən daxil olmuş yeganə parçası “Açığı, əzizim, heç vecimə də deyil” ifadəsidir. Dialoq yalnız o zaman uyğunluğu ödəyir ki, o, öz-özlüyündə uyğun, yığcam və lakonik (həmçinin başa düşülən) olsun:

Nümunə üçün, Matrisdən:
Neo: Niyə gözlərim ağrıyır?
Morfeus: Onları daha əvvəl heç vaxt istifadə etməmisən.

Bu dialoq mənalı, dəqiq və başa düşüləndir və hətta müəyyən qədər “fəlsəfi” məna kəsb edir. Buradakı mənanın çatdırılması üçün ayrı-ayrı ifadələrin deyil, dialoqun istifadəsi zəruridir.

Əgər tərkibindəki sözlər özləri bilavasitə kontekstdən kənar bir məna kəsb etmirsə, belə süjet açıqlamaları və hekayəyə bağlı ifadələr, adətən, Vikisitat auditoriyası üçün sitat gətirilməyə uyğun deyil. Bununla belə, filmdəki bəzi xüsusi dialoq parçaları mahiyyətcə məşhur ola, beləliklə, normalda məna kəsb etməyən ifadə və sözlər sitat gətirilə bilməsə də, yenə də əhəmiyyətli ola bilərlər. Belə dialoq parçaları mediada tez-tez istifadə edilməsi, digər mənbələrdəki istinadlar və ya hətta tez-tez parodiya edilməsi səbəbi ilə yarana bilər. Buna misal olaraq "Ulduz yolu II:Xanın qəzəbi" filmindəki Kirk obrazının “XXXXaaaaaaaan!!!” nidasını göstərmək olar. Bu ifadə heç bir ənənəvi standartlara görə sitat gətirilə bilməsə də, nida pop-mədəniyyət leksikonuna tez-tez istinad edilən və tez-tez parodiya edilən “sitat” kimi daxil olmuşdur.

Sitatın diqqətəlayiqliyi

[redaktə]

Məşhurluq

[redaktə]
Qısayol:
VS:MƏŞHUR

Vikisitatda yalnız ikinci və üçüncü dərəcəli mənbələrdə geniş şəkildə təkrarlanmış sitatlar yer almalıdır. Bəzi görkəmli insanlar dil qabiliyyətinə malikdir və çox sayda yüksək keyfiyyətli ifadə və ibarələrin müəllifi ola bilərlər. Ancaq bu, həmin sitatların Vikisitata daxil olmasının təmin etmək üçün kifayət deyil.

Dözümlülük

[redaktə]
Qısayol:
VS:DÖZÜMLÜ

Sitat nə qədər olarsa, onun bir çox nəsil boyu ictimai şüurda həmin sitatın aktuallığını qoruyub saxlayan xüsusiyyətlərə malik olması ehtimalı da bir o qədər yüksəkdir. Bir sitatın Vikisitata uyğunluğunu qiymətləndirərkən, onun on, yüz, bəlkə də min il sonra yaşayan insanlar üçün maraqlı olacağına inanmaq üçün yaxşı bir səbəb mövcud olmalıdır.

Buna görə də, sitatın yaranma tarixi nə qədər yenidirsə, onun uyğunluğu ödəməsi ehtimalı da bir o qədər azdır. Bu təlimata əsasən, son on il ərzində yaranmış hər hansı bir sitat mahiyyətcə uyğunluğu ödəməyə biləcəyi ehtimalı ilə yoxlanılacaqdır. Bu zaman əgər bu səhifədə qeyd olunan digər amillər uyğunluğun lehinə olarsa, bu ehtimal təkzib edilə bilər. Məsələn, əgər sitatın müəllifi çox diqqətəlayiq biridirsə və ondan tez-tez sitatlar gətirilirsə; və ya həmin sitat geniş şəkildə işıqlandırılıbsa və ya digər diqqətəlayiq şəxslər tərəfindən qəbul edilib və təkrarlanıbsa.

Bunun əksinə olaraq, yüz ildən çox vaxt keçdikdən sonra hələ də qeyd edilməyə və ya təkrarlanmağa davam edən bir sitatın Vikisitat üçün uyğun olduğu hesab ediləcək.

Həmçinin bax

[redaktə]