Aşıq Ələsgər
Aşıq Ələsgər — ustad aşıq.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Ağılsız cahalı kirşan aldadar,
Günü keçmiş qarı qız olmaz, olmaz.
- Axund gərək əyri yola getməsin,
Haqqın kəlamına yalan qatmasın.
- Alçaqda dayan ki, çıxasan başa.
- Alimin elmiylə helmi yarıdı.
- Aşığın nisyəsi, namərd ilqarı,
Desələr, inanma, düz olmaz, olmaz.
- Aşıq olub diyar-diyar gəzənin,
Əzəl başdan pür-kamalı gərəkdi.
Oturub durmaqda ədəbin bilə,
Mərifət elmində dolu gərəkdi.
B[redaktə]
- Baxt yatanda qohum-qardaş yad olu.
- Bədəsildən hərgiz olmaz heç əsil.
- Bəylik, göylük, səylik olan məclisdə,
Qaç ki, orda xeyir-bərəkət olmaz.
- Bir adamsan, bir adama namə yaz,
Mahalı incidib, eldən danışma.
- Bir qul düz dolansa haqqın yolunda,
Qəza tapmaz, ona bəla yetişməz.
- Bir mərd ilə ağı yesən şirindi,
Yüz namərdlə şəkər yesən, dad olmaz.
- Bivəfadan yar olmaz,
Ömür üzsən yüzhayüz.
- Bivəfanın, müxənnəsin, nakəsin,
Doğru sözün, düz ilqarın görmədim.
- Bu dünyada üç şey başa bəladı,
Yaman oğul, yaman arvad, yaman at.
İstəyirsən qurtarasan əlindən,
Birin boşla, birin boşa, birin sat.
- Bülbül gül üstündə xarı görəndə,
Qan ağlar, ruxsarı yaşa dayanmaz.
- Bülbül gül yolunda keçər başından,
Əgər gül köysünə xarı çəkmiyə.
C[redaktə]
- “Can” deməklə candan can əysik olmaz,
Məhəbbət artırar, mehriban eylər.
- “Can” deyənə “can” deyinən mərdana,
Baş qoyanın, qoy yolunda başa baş.
- Can qurban eləsən, layiqdi layiq,
Bir yar ki, mətləbi tez qanan ola.
- Comərdin kisəsi, mərdlərin namı,
İnşallah, ölüncə az olmaz, olmaz.
Ç[redaktə]
- Çırağın ki, ilahdən a yana,
Ehtiyacın nədi a yağa, yağa.
- Çox gəzmişəm, az görmüşəm danəndə.
- Çox da havalanıb coşma dünyada.[1]
- Çox qazansan, az qazansan,
Beş arşın ağdı xələt.
Mal-dövlətə baş endirən,
Əfsana baş endirir.
- “Çor” deyənin nəfi nədi dünyada,
Abad könlü yıxar, pərişan eylər.
D[redaktə]
- Danışanda doğru danış,
Sözün çıxmasın qələt.
- Doğru yola əmək çəksən zay olmaz.
- Dosta xain baxan kor olacaqdı.
- Dost dostdan inciyər, qəlbində dönməz.
- Dostun məzəmməti adam öldürür.
- Dost odur ki, dosta yalan satmasın.
- Dost uzaq olmaqla könül yad olmaz.
- Dövlətdən qismətin beş arşın ağdı.
- Dövlətə güvənib gül tək açılma,
Çox sənin tək güllər soldu dünyada.
- Düşman günü düşmanınla düşmandı,
Yüz il keçsə, qohum sənlə yad olmaz.
E[redaktə]
- Eşit bu sözləri, saxla yadigar,
Gözəllərdə həya, iyidlərdə ar.
- Eşqin ataşına heç olmaz çara.
- Eşq oduna düşən aşkara yanmaz.
Ə[redaktə]
- Əbəs yerə bivəfaya can dedim,
Zəhmətin çox çəkdim, karın görmədim.
- Ədalət hakimin payi-turabı,
Kamil ustadlara qul kəmtər mənəm.
- Ələsgər, elmində olma nabələd,
Doğru söylə, sözün çıxmasın qələt.
- Əlin vurma gücün yetməyən daşa,
Götürə bilməzsən, zora düşərsən.
- Əndəlib qan ağlar, zəhri çak olar,
Görsə gül üstündə xar nişanası.
- Ərdən boşanmışdan bir az kənar dur.
- Əyləşəndə ağır əyləş,
Danışanda az danış.
G[redaktə]
- Gah baş olan, gah da düşər ayağa.
- Gədadan bəy olmaz, dəlidən darğa.
- Gədadan bəy olmaz, nakəsdən iyid.
- Görürsən ki, baxtın yatdı, sən də yat.
- Göz gözə baxanda halın soruşa,
Aləm düşman olsa, görüşmək olar.
- Göz gözə baxmasa mehriban olmaz.
- Gül olma dünya malına,
Qalacaqdı dünyada.
- Günhkardı nə ki yoldan azan var.
- Günü-gündən işi düşər müşgülə,
Hər kəs namus, qeyrət, arı çəkmiyə.
- Güzəran xoş olub, gün xoş keçəndə,
Ağ otaqdan tövləxana yaxşıdı.
H[redaktə]
- Haqdan yanan çıraq bad ilə sönməz.
- Haqq ilə nahaqqı axtaran hakim,
Tapar qulaq ilə göz arasında.
- Haqq, meyi islama haram buyurub,
Dərd tüğyan eləsə, mey içmək olar.
- Haqq-nahaqq seçilər haqq divanında.
- Haqq sözə gərəkdi düz qiymət olsun.
- Haqq verməsə, qonşu payı pay olmaz.
- Hər ağacdan sandal, hər yarpaqdan gül,
Hər torpağın tamı duz olmaz, olmaz.
- Hər ağac kökündən bitər,
Hər meyvə gözlər zatın.
- Hərca dilin salar bəlaya səni,
Çox da bilsən danış az, şair Nağı!
- Hərcayıdan, müxənnəsdən, nadandan,
Nə söz qaldı sənətkara dəyməmiş.
- Hərcayı sözüylə incimə dostdan.
- Hərcayınan aşna olma,
Namərdə bel bağlama.
- Hər kim ki, sidq ilə dilək diləsə,
Əlbəttə, mətləbin ha bular, bular.
- Hər könül özünə bir padişahdı.
X[redaktə]
- Xalqa həqiqətdə mətləb qandıra,
Şeytanı öldürə, nəfsin yandıra.
El içində pak otura, pak dura,
Dalısınca xoş sədalı gərəkdi.
- Xeyir çəkməz ustad ilə dəyinən.
İ[redaktə]
- İbadət eləyən mömin sayılı,
Səxavətin ondan çoxdu savabı.
- İkiarvadlılıq mardan acı olu,
Bez geydirsən bir canana, yaxşıdı.
- İki könül bir-birini tutmasa,
Alan da yazıqdı, gələn də yazıq.
- İlqarın dalınca bir baş getməsin,
Onu bir qarpıza dəyişmək olar.
- İncidənlər, incidəcək,
İncidibsən hər kəsi.
- İnşallah, heç yerdə qalmaz avara,
Bir qula ki, Şahi-Mərdan yar olsun.
- İyid cavanlıqda dəli gərəkdi,
Qocaldıqca mərfət tapa, hal bilə.
- İyidlər məğrur olmasın,
Fəthi-nüsrət xudadandı.
- İyid sarsıyarmı baxtı yatmasa.
K[redaktə]
- Kərəm olmaz müxənnəsdə, xəsisdə.
- Kəsb elə özünə halaldan maya.
- Kibrdən qəlbində bərkitmə barı,
Top dəyər, dağılar bürcü, hasarı.
- Kimi gördün ki, qəzadan
Qurtardı, qaçdı dünyada?!
- Kişi gərək dediyindən dönməsin.
- Kişi gərək zəhmət çəksin, tər salsın,
Süfra açsın, ad qazansın, dər salsın.
- Könlümün şüşəsi saqın ki, sınar,
Toxunarsa ayna daşa, dayanmaz.
- Könül, doğru yoldan gəl olma kənar,
Əyri yola gedən haqdan utanar.
Q[redaktə]
- Qabiliyyətsiz, mərifətsiz qızların,
Yüzü bir dərdimənd dul ola bilməz.
- Qarı düşmən bir də gəlib dost olmaz.
- Qarşı gəlsə həsrət çəkən yar yara,
Ağlı çaşar, səri ay eylər qıj-qıj.
- Qaytarmazlar pirə gələn qurbanı.
- Qədər sənlə gəzəcəkdi,
İstər gir dəryaya gəz.
- Qəlbi düz olanın evi hac olu.
- Qonşuya kəc baxan özü ac olu.
L[redaktə]
- “Lənət şeytana!” – de, şər işdən əl çək,
Şeytan səni salar ayaq-ayağa.
- Ləzzət verər bal qatanda qaymağa,
Qaymaqdan da ləziz olar narın üz.
- Loğmadan kəc olan, nüftədən əyri,
Yüz dərs olsa, pür kamala yetişməz.
M[redaktə]
- Məğrurluq eləyən namurad olu.
- Məğrurluq eləyib ustadan demə,
Vaxt olar bir yerdə dara düşərsən.
- Mən aşığam, yasaq yoxdu dilimə.
- Mənim sözüm yoldan çıxan mollanı,
İnşallah, qaytarar müsəlman eylər.
- Mən istərəm alim, mömin yüz ola,
Meyli haqqa doğru, yolu düz ola.
Diliylə zəbanı üzbəüz ola,
Ələsgər yolunda can qurban eylər.
- Mərd iyidə ölüm haqdı dünyada,
Yoxsul olub ahu-zarı çəkmiyə.
- Mömindən törəyən xoş idrak olar.
- Mövladan dərs alan heç düşməz ləngə.
- Mövla məhəbbətin kəsməz sağ ərdən.
- Müxənnəs ilə nakəsin,
Əlinə fürsət keçməsin.
Halalı harama qatır,
Şeytana sovqat aparır.
- Müxənnət qatar aşına
Ağı, gözlə, gözlə sən.
N[redaktə]
- Nakəs, müxənnətdən mətləb diləmə.
- Namərddə qaydadı, kəsər basdığın.
- Namərdin dünyada çox çəkdim bəhsin,
Namusun, qeyrətin, arın görmədim.
- Namus qədri bilib nanı gözləyən,
İnşallah, heç yerdə xəcalət olmaz.
- Nütfədən qarışan şeyitbaz olar.
- Nütfədən pak olan, loğmadan halal,
Mərifət elminə nabələd olmaz.
- Nütfədən pak olan özü pak olar.
- Nütfəsindən əyri olan,
Tez göstərər isbatın.
O[redaktə]
- Ov keçdi bərədən, ata bilməzsən.
Ö[redaktə]
- Öldürərsən zənburu, əl çəkmə şandan.
S[redaktə]
- Sayğısız iyidi düşmən aldadar.
- Sərraf yüz bəzəsə səngi-siyahı,
Əsli mütəlladı, ləl ola bilməz.
- Sidqini bağlayan Şahi-Heydara,
İnşallah, heç yerdə qalmaz avara.
Ş[redaktə]
- Şairin sinəsi haqq bazarıdı,
Satdığı kəlmələr ləl, mirvarıdı.
- Şəryətdə halaldı qisasa qisas.
- Şərü-böhtan doğru yola sığışmaz.
T[redaktə]
- Tərəqqidən təvəllüddü tənəzzül.
- Tər gəzən dünyada gedər tərsinə.
- Təzə aşnalıqla köhnə dostluğun,
Fərqi var qış ilə yaz arasında.
- Torpaq soyuq, bədən üryan, kəfən yaş,
Tək qalarsan tək məzarın içində.
U[redaktə]
- Unutma ilqarı, itirmə iman,
İman durar düz ilqarın içində.
- Uzaq vilayətdən qız sevən oğlan,
Yaxın qonşusundan soruş halını.
V[redaktə]
- Varlıqda dost olma, yoxluqda kənar,
İyidəm deyəndə, bu adət olmaz.
Y[redaktə]
- Ya dost olma, ya zəhmətdən incimə,
Dost yolunda boran, qar olacaqdı.
- Yadın oğlu yağlı aşa mehmandı,
Dar günündə görərsən ki, usandı.
- Yaxşı can yetişsə yaxşı canana,
Həmi gün xoş keçər, həm ay-il eylə.
- Yaxşı yara qismət olmaz yaxşı yar.
- Yalan deyib qeybət etmə,
Rəhmin gəlsin canına.
Z[redaktə]
- Zikirsiz mömini şeytan aldadar.
- Zinakar, haramxor yetişməz baya.
- Zülmətdə işıq var, acıda şirin.
- Zülm ilə, sələm ilə,
Yığıb ziyarata gedən.
Ziyarata getmək deyil,
Urusa sursat aparır.
Xarici keçidlər[redaktə]
- "Azərbaycan Aşıqlar Birliyi: Ozan dünyası. №4(7)" (PDF) (azərb.). "Ozan dünyası" jurnalı. 2011. 2017-05-18 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2017-05-18.
İstinadlar[redaktə]
- ↑ Ağıla və qəlbə işıq saçan sözlər. Bakı,2014. səh. 416