Məzmuna keç

Azərbaycan atalar sözləri/E

D Azərbaycan atalar sözləri
Müəllif: Şifahi xalq ədəbiyyatı
Ə
Sister Projects. Həmçinin baxın: Haqqında •
  • Ehtiyac adamı oğru eləyər.
  • Ehtiyac igidi də sarsıdar.
  • Ehtiyat igidin yaraşığıdır.
  • Ehtiyat ehtiyacdan doğar.
  • Ehtiyat şərtdəndir.
  • Ehtiyatı əldən vermə.
  • Ehtiyatlı adamın anası ağlamaz.
  • Ehtiyatlı qoyunu qurd yeməz.
  • Ehtiyatlı oğulun anası ağlamaz.
  • Ehtiyatlılıq baş ağrısı gətirmir.
  • El ad başına yığılar.
  • El adamı igid deyə candan edər, comərd deyə maldan.
  • El ağzı — çuval ağzı.
  • El ağzı çuval ağzı deyil ki, bağlayasan.
  • El ağzı faldır.
  • El ağzı ilə quş tutulmaz.[1]
  • El ağzı ilə şorba içilməz.
  • El ağzı kəramətdir.
  • El ağzı torba deyil ki, büzəsən![2]
  • El ağzı — yel ağzı.[3]
  • El ağzına baxan, qarısını tez boşar.
  • El ağzına düşən xeyir görməz.
  • El ağzında bir sözün yüz rəngi var.
  • El ağzını bağlamaq olmaz.
  • El arasında it quyruğu kəsməzlər.
  • El arxası çəmən olar.
  • El atan daş dağdan aşar.
  • El atan daş uzağa gedər.
  • El atan daşa güc çatmaz.
  • El atan daşı qaldırmaq olmaz.
  • El atanı ər atar, el tutanı ər tutar.
  • El atanı haqq da atar.
  • El atdığı daş uzaq gedər.
  • El ayranı yanğını soyutmaz.
  • El baylı-yoxsullu olur.
  • El bərəkallahı qarın cırar.
  • El bir olsa, dağ oynadar yerindən, söz bir olsa, zərbi kərən sındırar.
  • El çalan zurnanın səsi uzağa gedər.
  • El dağlara dayanıb, çıraqlı indi oyanıb.
  • El dedikcə saxlamaq olmaz.
  • El dediyi mübarək olar.
  • El dəli olsa, mollaya gedər, molla dəli olsa kimə gedər.
  • El dəlisini çölə atmaz.
  • El dəlisini aldatmaz.
  • El dəlisiz olmaz.
  • El el ilə, dəyirman yel ilə.
  • El el ilə keçinmiş, qardaş qardaş ilə keçinməmiş.
  • El el üstə sığınar.
  • El el üstə sığışar, ev ev üstə sığışmaz.
  • El elə dayandı, qeyli-qal indi oyandı.
  • El elə sığışar, ev evə sığışmaz.
  • El elin aynası, batmanı, tərəzisi.
  • El elin aynasıdır.
  • El elin itkisini bayatı oxuya-oxuya axtarar.
  • El eybini sənə söyləyən sənin də eybini elə söylər.
  • El harda, sən də orda.
  • El gözü aydın görər.
  • El gözü sərrafdır.
  • El gözü tərəzidir.
  • El gözü uzağı görər.
  • El gözündən düşən boy atmaz.
  • El gözündən düşən gözsüz qalar.
  • El gözüylə dünya görünməz.
  • El gücü güclü olar.
  • El gücü, sel gücü.
  • El gücü, yel gücü, sel gücü.
  • El hara, sən də ora.
  • El hümmətlə, quş qanadla!
  • El içində — öl içində.
  • El igidi ilə tanınar.
  • El ilə bir ağla, el ilə bir gül.
  • El ilə duran yıxılmaz, əl ilə verən saxlamaz.
  • El ilə gələn qara gün toy-bayramdır.
  • El insanın şöhrətidir.
  • El ipilə quyuya düşən quyuda qalar.
  • El keçən körpüdən qorxma, sən də keç.
  • El köçdü, oba qaldı.
  • El köçdü, sən də köç.
  • El köçər, adət köçməz.
  • El qabağı, yel qabağı.
  • El qalxdı, sən də qalx.
  • El qapısı — həkim qapısı.
  • El qapısı həm gec, həm güc açılar.
  • El qarğıyan ağac bar verməz.
  • El qazanı ilə aş qaynamaz.
  • El qədrini el bilər.
  • El qızına inanmaq olmaz.
  • El mahnısı — yallı səsi.
  • El malı ilə dost qazanılmaz.
  • El malına göz dikən gözsüz qalar.
  • El malına göz tikmə, özün qazan, özün ye.
  • El malına kəm baxan, malsız-davarsız qalar.
  • El malına kəm baxanın gözlərindən qan damar.
  • El malını qoru, öz malın kimi.
  • El namusu elə düşər.
  • El nəğməsini eldən öyrənərlər.
  • El od başına yığılar.
  • El oğlu yumurtaya qulp qoyar.
  • El oğrusuz, çöl qurdsuz olmaz.
  • El öz dəlisini yaxşı tanıyar.
  • El salan körpüdən hamı keçər.
  • El sevəni aləm sevər.
  • El sevməyənin ağacı quruyar.
  • El səsi — haqq səsi.
  • El sözü — ata nəsihətidir.
  • El sözü — atalar sözüdür.
  • El sözünə uyan qarısını tez boşar.
  • El şamı daim yanar.
  • El tikəni aləm yıxa bilməz.
  • El tikəni yel yıxa bilməz.
  • El tutanı ər tutar, Ər atanı el atar.
  • El üçün ağlayan iki gözdən olar.
  • El üfürdü, sel köpürdü.
  • El üzünə namaz qılanın arxası Allahadı.
  • El yaxşı, biz yaman, el buğda, biz saman.
  • El yaxşılığını unutma.
  • El yandıran şamı söndürmək olmaz.
  • El yıxanı heç kəs tikə bilməz.
  • El yumruğun görməyən öz yumruğun batman sanar.
  • Elçi çox olar, qismət bir.
  • Elçisi Gülüm olanın başına külüm olar.
  • Elçiyə zaval yoxdur.
  • Eldə xəbər çox olar.
  • Eldə olan bəydə olmaz.
  • Eldən ayrılan itkin düşər.
  • Eldən dərs alan Loğman olar.
  • Eldən — elə, dildən — dilə, kim gülə, kim gülməyə.
  • Elə alaram, eşşəkdən palan alan kimi!
  • Elə arxalanan igidin, arxası yerə dəyməz.
  • Elə atadan belə oğul?!
  • Elə bağın belə də meyvəsi olar.
  • Elə bağla ki, aça biləsən.
  • Elə bil balıq ağzıdır.
  • Elə bil buz baltasıdır.
  • Elə bil dalınca atlı salıblar.
  • Elə bil daşdan talaşa qopub.
  • Elə bil dədəsini mən öldürmüşəm.
  • Elə bil dənizdə üzən gəmidir.
  • Elə bil kilsəyə bir daş atdım.
  • Elə bil qurbağa gölünə daş atdılar.
  • Elə bil malakan xəncər bağışlayıb.
  • Elə bil odun üstünə su töküblər.
  • Elə bil ölü qəbirdən xortdayıb.
  • Elə bil tükün oda tutdular.
  • Elə bil üstümdən dağ götürüldü.
  • Elə bil yumurta üstə oturub.
  • Elə bilir yuxa arasında halvadır.
  • Elə bilirsən qara gözünə aşiq olub?
  • Elə çalmağın belə də oynamağı olar.
  • Elə don geymək gərək ki, yamağı evdə tapıla.
  • Elə düyün sal ki, açanda dişini sındırmayasan.
  • Elə edən, sənə də edər.
  • Elə elə ki, bir də bazara şorsatan gəlsin.
  • Elə elə ki, nə şiş yansın, nə də kabab.
  • Elə elə ki, şorçu bir də bazara gəlsin.
  • Elə eləmə ki, körpü qala çayın o tayında.
  • Elə gedən əliboş qayıtmaz.
  • Elə gül ki, biz də gülək.
  • Elə iş tut ki, içindən qəmbərqulu çıxmasın.
  • Elə iynə sancmaq istəyən əvvəlcə özünə sancar.
  • Elə keçəl deyil ki, qartmağı yerə düşə.
  • Elə kor deyən özü badam gözlüdür?!
  • Elə köç, köçünə dana-buzov qarışmasın.
  • Elə qazana belə çuğundur gərək.
  • Elə qazanın belə də aşı olar.
  • Elə qırmızıdır ki, toxum xoruzuna oxşayır.
  • Elə musurman oldun ki, atovun xaçını da unutdun?
  • Elə söz deyir ki, bişmiş toyuğun gülməyi gəlir.
  • Elə ye ki, həmişə yeyəsən.
  • Elə yeməyin belə də qusmağı var.
  • Elə yerdə ev salmışam ki, yıxılanda vay deyim.
  • Elə zılxın belə də qazanı olar.
  • Eli dağlamaq olmaz, Ağzın bağlamaq olmaz.
  • Eli olmayanın dili də olmaz.
  • Elimə qalsın, günümə qalmasın.
  • Elin ağzı fal olar.
  • Elin ağzına baxan ac qalar.
  • Elin atdığı daş uzağa gedər.
  • Elin eybini saxlamayan, sənin də eybini saxlamaz.
  • Elin gözü daş əridər.
  • Elin gözü sərraf olar.
  • Elin gücü bir olsa, düşməni dara çəkər.
  • Elin gücü — tufan gücü.
  • Elin gücü, yelin gücü, selin gücü — güclü olar.
  • Elin oğlu yumurtaya qulp taxar.
  • Elin səsi — haqq səsidi.
  • Elin sözü əvvəl-axır düz olar.
  • Elin sözü — sözün düzü.
  • Elin sözünə baxan ac qalmaz.
  • Elin tərəzisi yoxdur.
  • Elin tutduğu quşun quyruğu qısa olar.
  • Elindən ayrılanı qurd yeyər.
  • Elini hürküt, axsağından yapış.
  • Ellər bizə, biz ellərə.
  • Ellər köçər, dağlar qalar.
  • Ellərə gülən canım — indi olub el gülüncü.
  • Elm adamın eybini örtər.
  • Elm ağılın çırağıdır.
  • Elm zəhmət ilə ələ gəlir.
  • Elm insana böyük mirasdır.
  • Elm mərtəbəsi uca olar.
  • Elm para ilə yox, çalışmaq ilə ələ gələr.
  • Elm sahibinə böyük zinətdir.
  • Elmin gücü, yıxar bürcü.
  • Elmli qazıya şahid lazım deyil.
  • Elmsiz adam meyvəsiz ağac kimidir.[4]
  • Elsiz dağ viranədir.
  • Enişdən yenə də yoxuş yaxşıdır.
  • Erkək atın yəhəri yırtıq olar.
  • Erkək eşşək, yanı qoduqlu?!
  • Erkək quşun yuvası olmaz.
  • Ermənidən bəy olmaz.
  • Erməninin qocalanı köpəyə, müsəlmanın qocalanı ipəyə dönər.
  • Ertəyə qalan bəladan qorxma.
  • Eşidibdi papağı qırxırlar, bilmir harasın qırxırlar.
  • Eşqin tərsi, avandı olmaz.
  • Eşşək aldım, qatır çıxdı.
  • Eşşək anqıranda itin başı ağrıyar.
  • Eşşək batdağa bir dəfə batar.
  • Eşşək eşşəyə uzunqulaq deyər.
  • Eşşək eşşəyi borc qaşıyar.
  • Eşşək hələ o eşşəkdi, palanı dəyişsə də.
  • Eşşək qazanar, at yeyər.
  • Eşşək qocalmaqla tövləbaşı olmaz.
  • Eşşək Məkkəyə getməklə Hacı olmaz.[5]
  • Eşşək nə bilir ki, zəfəran nədir?
  • Eşşək olasan, çulun məxmər?
  • Eşşək olasan, tükün bu narınlığında!
  • Eşşək tozda ağnayanda həvəsi gələr.
  • Eşşək üstə qəmə bağlayana gülərlər.
  • Eşşəkdən adınalıq umur.
  • Eşşəkdən soruşurlar: "Niyə bərk qaçırsan?", deyib "Bizləyəndən soruş".
  • Eşşəklə getdilər, qatırla döndülər.
  • Eşşəyə dedilər: mərifətini göstər, yatdı, ağanadı.
  • Eşşəyə güçü çatmaz, palanı çırpar.
  • Eşşəyə qantarğa keçirməklə at olmaz.
  • Eşşəyə qızıl çatmaqla qiyməti artmaz.
  • Eşşəyə məxmərdən çul tikməklə eşşəkliyini itirməz.
  • Eşşəyə minmək bir ayıb, qayıdıb düşmək iki ayıb.
  • Eşşəyi minərlər, ata çatınca.
  • Eşşəyi yüklədikcə tünd gedər.
  • Eşşəyim bozdur, dəyirmana getməyir.
  • Eşşəyim, ölmə, yaz gələr yonca bitər.
  • Eşşəyin anqırtısı özünə xoş gələr.
  • Eşşəyin arpası artıq düşəndə yiyəsinə şıllaq atar.
  • Eşşəyin canı yananda atdan yeyin qaçar.
  • Eşşəyin yükü yüngül olanda oynamağı gələr.
  • Ev alma, qonşu al.
  • Ev almıram, qonşu alıram.
  • Ev ayranı acı olar.
  • Ev bağda, bağ dağda.
  • Ev bizə qaldı desənə, halva bişibdir yesənə.
  • Ev bizim, sirr bizim.
  • Ev böyüksüz olmasın.
  • Ev buzovundan öküz olmaz.
  • Ev dağılsa tiri qalar, kalafa uçsa — yeri.
  • Ev xoruzudur.
  • Ev oğrusunu tutmaq olmaz.
  • Ev pəhləvanıdır.
  • Ev satmıram, qonşu satıram.
  • Ev sözsüz olmaz, meşə çaqqalsız.
  • Ev süpürərəm, yer salaram, kimin qızından geri qalaram?
  • Ev şamdan işıqlanar, baş — bilikdən.
  • Ev təzə, divar təzə, ələyim, səni hardan asım?
  • Ev tikən balta çöldə qalar.
  • Evdə bişməyib, qonşudan gəlməyib.
  • Evdə div olur, çöldə divanə.
  • Evdə gəlinim olsun, bayırda yeznəm.
  • Evdə xoruz, çöldə fərə.
  • Evdə xoruz olur, bayırda toyuq.
  • Evdə qonaq olanda uşağa acıqlanmazlar.
  • Evdə öz başını bağlaya bilmir, toyda gəlin başı bağlayır.
  • Evdəki hesab bayıra çıxmaz.
  • Evdən qabaq qonşu axtar.
  • Evdir, aşağısı da olar, yuxarısı da.
  • Evə girirəm qarı döyür, bayıra çıxıram — tanrı.
  • Evi abad al, bağı — bərbad.
  • Evi abad edən arvaddır.
  • Evi odlanan mən, əli kösövlü sən.
  • Evi yoxdur, qonşu axtarır.
  • Evimizə gəldi qonaq, vay dədəm vay, dədəm vay, olaydı yumurta, bişirəydim qayğanaq, vay tava dərdi, yağ da yoxdur!
  • Evin bərəkəti ocağındadır.
  • Evin bəzəyi ocaqdır.
  • Evin böyüyü buyruqda, kiçiyi — qulluqda.
  • Evin iti ol, kiçiyi olma.
  • Evin minarə dibində olsa da, qulağın səs eşitməz.
  • Evin olsun divardan, od düşsün gilavardan!
  • Evin yaraşığı gəlindir.
  • Evin yaraşığı uşaqdır, süfrənin yaraşığı — qonaq.
  • Evin yıxılsın Müşküllü Məmməd, ayının böyüyünü burda qoyub gedib meşədə axtarır.
  • Evin zibilini küçəyə atmazlar.
  • Evində dəlik, belində yara, yar sirrini ellərdə ara.
  • Evində tapmaz bir çürük darı, bardaş qurub oturar hamıdan yuxarı.
  • Evində yatır, yuxuda həzrəti Süleymanı görür.
  • Evinə görə ye, cibinə görə xərclə.
  • Evli evində yatar, qərib harda axşamlar?
  • Evlənən evdar olar.
  • Evlənən göz-qulaqda olar.
  • Evlənənlə ev tikənin köməkçisi çox olar.
  • Evlənmək bir qurtum su deyil ki, içəsən.
  • Evlənmək su içmək deyil.
  • Evlər ayrı, qayğılar ayrı.
  • Evlər damı isti sacdır, davam gətirən oturar.
  • Evlərə gedən qızın başı qovğalı olar.
  • Evlərə gedən qızın dili altında qənd gərək.
  • Evlərə gedən qızın: qulaqları kar, dili lal, gözləri kor gərək.
  • Evli evində gərək.
  • Evsizə qız verməzlər.
  • Ey cüt yatan bəxtəvər, demirsən bir tək də var?!
  • Ey əmmamə, gör qayış nə çəkir?
  • Ey fələk, batmanı eylədin çərək. Hamıya verdin qovun, qarpız, mənə verdin yelpənək.
  • Ey özü-özünü bəyənmiş, qoy səni el bəyənsin.
  • Ey yar, gəl bağrımı yar, gör içində nələr var.
  • Ey zər, allah deyilsən, amma eyiblərə pərdə çəkənsən.
  • Eybini bilən, özgəyə eyib eyləməz.
  • Eyib eyləmə eybəcərin eybinə, eyib edirsən öz eybinə eybi yox.
  • Eyib tapır özgəyə, bir baxmayır güzgüyə.
  • Eyibi eylər eybəcər, soğanı yeyər dərdəcər.
  • Eyibli eybini bilsə, başına palaz bürüyər.
  • Eyibli öz eybini bilsə, başına kilim örtər.
  • Eyibli söz danışma.
  • Eyibsiz dost axtaran, dostsuz qalar.
  • Eyibsiz dost axtaran tənha qalar.
  • Eyibsiz gözəl olmaz, ay üzündə də ləkə var.
  • Eyibsiz yar axtaran yarsız qalar.
  • Eyməçiyə (qatıqçıya) doşab göstərməzlər.

Mənbə

[redaktə]
  • Atalar sözü, Bakı,2004

İstinadlar

[redaktə]
  1. Atalar sözü. (İkinci nəşri). Toplayanı, tərtib edəni və nəşrə hazırlayanı Əbülqasım Hüseynzadə. Bakı: Yazıçı, 1982, səh. 14
  2. Atalar sözü. (İkinci nəşri). Toplayanı, tərtib edəni və nəşrə hazırlayanı Əbülqasım Hüseynzadə. Bakı: Yazıçı, 1982, səh. 14
  3. Atalar sözü. (İkinci nəşri). Toplayanı, tərtib edəni və nəşrə hazırlayanı Əbülqasım Hüseynzadə. Bakı: Yazıçı, 1982, səh. 14
  4. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014, səh.119
  5. Atalar sözü və məsəllər:/B. Tahirbəyovun redaktəsi ilə. Bakı: Azərnəşr, 1971,151.səh.100.