Azərbaycan atalar sözləri/Söz, söhbət və danışıq
Görünüş
Azərbaycan atalar sözləri Müəllif: Şifahi xalq ədəbiyyatı |
Həmçinin baxın: Haqqında • |
- Abır istəsən çox demə, sağlıq istəsən çox yemə.
- Adam var gözdən qızar, Adam var sözdən qızar.
- Adam odur ilqarından dönməyə.
- Adam yıxıldığı yerdən qalxar.
- Adın nədir? - Rəşid! Birin de, birin eşit!
- Adamın üzünə baxarlar, halını xəbər alarlar.
- Ara sözü ev yıxar.
- Başa dil gətirəni, el gətirə bilməz!
- Bildiyindən danış, bilmədiyin səni güdaza verər.
- Bir qəlbi ki, tikə bilmirsən, niyə yıxırsan?
- Bir dəli quyuya bir daş atdı, on ağıllı gəldi, çıxara bilmədi.
- Bir doğru ki, yalana oxşadı, onu deməzlər.
- Bir misqal dilini qoyub, bir batman başı ilə danışır.
- Bol çörəyin yoxdur, şirin dilin olsun barı.
- Qorxu adama yalan dedirdər.
- Damara bax, qan al.
- Danışana macal vermir.
- Danışıq, dananı qurda verər.
- Danışığını yeyəsən.
- Danışmaq gümüş, danışmamaq qızıldır.
- Danışıram - pis olur, Danışmıram - his olur.
- Dedim bir ağız ağla, demədim eli güldür bizə.
- Dedim eşidəsən, demədim öyrənəsən!
- Deyə-deyə dilimdə tük bitdi.
- Deyən ağılsız olsa, dinləyən ağıllı gərək.
- Dilim-dilim olasan, dilim!
- Dilini saxlayan salamat olar.
- Dil yalançı olunca, lal olsa yaxşıdır.
- Dil ürəyin açarıdır.
- Dil yanılar, doğrusunu deyər.
- Dil yarası qılınc yarasından yamandır.
- Dinəndə pis olur, dinməyəndə dərd kəsir.
- Doğru danışanın papağı yirtıq olar.
- Doğru elə bilər ki, hamı doğrudur.
- Doğru yalanı qovar.
- Doğruya zaval yoxdur, çəksələr min divana.
- Doğruluqla dost qapısın dolan gəl öz evin kimi.
- Doğru söz acı olar.
- Doğru sözdən xəta gəlməz.
- Doğru söz dəmiri dələr.
- Düzlük xoşbəxtliyin açarıdır.
- Düzlük uzanar, qırılmaz.
- Düz sözə boynum qıldan nazikdir.
- Əvvəl danış, sonra gül.
- Əvvəl düşün, sonra danış.
- İnsan ölər, söz qalar.
- Yağmasan da gurulda.
- Yalan ayaq tutar, yeriməz.
- Yalan danışan hamını qanmaz bilər.
- Yaman dil başa bəladır.
- Yalan ilə dünyanı gəzmək olar, qayıtmaq olmaz.
- Yaman yeyənin olsun, yaman deyənin olmasın.
- Yalan ki var, doğrunun quludur.
- Yalan söz üz qızardar.
- Yalançını mənzilənədək qov!
- Yalançının evinə od düşdü, heç kəs inanmadı.
- Yalançının üzü qara olar.
- Yalançının hafizəsi olmaz.
- Yalançı tamahkarı aldadar.
- Kələk ilə gələn, külək ilə gedər.
- Kişinin sözü bir olar.
- Nə dil bilsin, nə dodaq.
- Sözü söz kəsər.
- Söz bir olsa, dağ oynayar yerindən.
- Söz var el içində, söz var ev içində.
- Söz vaxtına çəkər.
- Söz verər, bez verməz.
- Söz qılıncdan kəsərlidir.
- Söz danışıqdan keçər.
- Sözdən söz götürür.
- Sözdən söz çıxar.
- Söz doğar.
- Söz insanın vuran əlidir.
- Söz ki var, dəmirdir, vurduqca uzanar.
- Söz götürənin, yer oturanındır.
- Sözlə plov olmaz, yağ ilə düyü gərək.
- Sözü məqamında deyərlər.
- Söz odur ki, haqqa vara.
- Söz sözün dayağıdır.
- Söz sözü çəkər, arşın bezi.
- Sözü ağzında bişir, sonra çıxart.
- Sözü asta, ürəyi tasvasda.
- Sözü at, yiyəsi götürər.
- Sözü yaxşı anla,
Sonra qızıb banla. - Sözün başı axırından bilinər.
- Sözün damarı olar, çəkdikcə uzanar.
- Sözün də qanadı var.
- Sözün doğrusun de, min atını çap.
- Sözün doğrusunu zarafatla deyərlər.
- Sözün zahiri zərif, batini lətif olmalıdır.
- Sözün ilə işin bir olsun.
- Sözün yalanı olmaz, yanlışı olar.
- Sözün yaxşısı baldan şirin olar.
- Sözünü bilməyənə aşağı başda da yer yoxdur.
- Sözü sözdən alarlar.
- Söz həyatın bəzəyidir.
- Söz çeynəyən çox, söz deyən az.
- Söyləyəndən dinləyən arif gərək.
- Söyləyən olma, dinləyən ol.
- Söhbət ki var, bulaqdır, kəsilməsə axacaq.
- Hərzəkar ağız başa yumruq vurdurar.
- Çox bilirsən, az danış.
- Çox bilib az danışmaq igidin ləngəridir.
- Çox bilən quş, dimdiyindən cələyə düşər.
- Şirin dil ilanı yuvadan çıxardar.