Əli

Vikisitat saytından

Əli (tam adı: Əli ibn Əbu Talib. ərəb. علي بن أﺑﻲ طالب‎‎‎‎;) - Məhəmmədin əmisi oğlu, səhabəsi, Əhli-beytinin üzvü, kürəkəni. 4-cü Raşidi xəlifə. Əbu Talibin oğlu. İslamı qəbul edən ilk kişi. Sünnilikdə Ərəb Xilafətinin və Raşidi xəlifələrin dördüncü xəlifəsi. Şiəlikdə canişini, I imam və xəlifə, II məsum.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

  • Abırlı olmağın ən ucası insanın özü-özündən utanmasıdır.
  • Adam yanında birinə nəsihət etmək - onu danlamaqdır.
  • Axmaqla yaxın dost olma. Öz etdiyini sənə gözəl göstərər, səni də özünə bənzətmək istər.
  • Ağıldan faydalı dövlət, özünü bəyənməkdən qorxunc yalnızlıq, tədbir kimi ağıl, təqva kimi kərəm, gözəl xasiyyət kimi yaxın dost, ədəb kimi miras, qabiliyyət kimi başçı, yaxşı işlər görmək kimi alış-veriş, savab kimi iş, şübhəli şeylərdə durub çəkinmək kimi saqınmaq, haramdan özünü gözləmək kimi zahidlik, düşünmək kimi bilgi, vacibatı yerinə yetirmək kimi ibadət, utanmaq və səbr etmək kimi iman, könül mütiliyi kimi əsil-nəcabət, bilgi kimi ucalıq, helm kimi üstünlük, danışmaq kimi arxa yoxdur.
  • Ağıllı insanlar mallarını canlarına sipər edərlər, ağılsızlar canlarını mallarına.
  • Ağıllı könlünə danışar, doğru bildiyini söylər, axmaq dilinə gələni söylər, düşünməz ki, bu nə məna daşıyır.
  • Ağıllının zənni cahilin yəqinindən daha doğrudur.
  • Ağıllı kimsənin dili ürəyinin dalında olar. Yəni ağıllı adam qabaqca sözünün yaxşı və pisini fikirləşib sonra danışar.
  • Axmaq kimsənin qəlbi dilinin dalında olur. Yəni axmaq adam qabaqca danışıb, sonra fikirləşir.
  • Alim məclisləri cənnət bağçalarıdır.
  • Alimin xətası dəryada sınıq gəmiyə bənzər, həm özü qərq olar, həm də gəmıidəkilər.
  • Allah o kişiyə rəhmət etsin ki, hökmü eşidər, eşidib seçər, doğru yola çağırılarsa, yaxınlaşar, bir başçının kəmərindən yapışıb canını qurtarar və Rəbbinin əmrini gözlər, Ona qarşı günah işlətməkdən qorxar, özü doğru və yaxşı işlərə qurşanar, aza qane olub gərəksiz şeylərdən çəkinər. Oxu atıb hədəfi vurar, əvəzini əldə edər. Öz arzusuna qarşı durmağı bacarar; səbr edər; çəkinməyi ölüm günü üçün hazırlar; açıq və bəlli yola at sürər; açıq-aydın dəlilə inanar; fürsəti qənimət bilər; əcələ hazırlanar; qulluğunu özü üçün az hesab edər.
  • Allah sizi azad yaradıb, heç kimin köləsi olmayın.
  • Allahın elə bəndələri vardır ki, Allah onları bəndələrin faydalarına xidmət etməklə nemətləndirmişdir. Onların əllərinə nemətlər vermişdir. Onlar da o nemətləri bəndələrə ehsan edərlər. Lakin ehsan etməsələr, o nemətləri onlardan alıb başqalarına verər.
  • Allahın sənə verdiyi nemətləri itirmə; Onun verdiyi nemətlərin əsəri səndə görünməlidir.
  • Ataların övladları üçün qoyduqları ən yaxşı miras ədəbdir. [1]
  • Ayaqlar baş olanda, başlar ayaq altında qalar. [2]
  • Az elmi olub bildiyinə əməl edən, çox elmi olub əməl etməyəndən xeyirlidir.

B[redaktə]

  • Batilə yardım edən, haqqa zülm edər.
  • Bəsirət gözü kor olanda gözlə görməyin faydası yoxdur.
  • Bilik heç bir sərvətlə satın alınmaz. Buna görə cahil nə qədər zəngin olur olsun, ən kasıb alimlə belə müqayisəyə gəlməz.
  • Bilin ki, Allah xeyir işlər görmək istəyənləri, əmrinə uyub xeyirə yönələnləri seçmişdir; onlar haqqın dayaqlarıdır, itaəti, bəndəliyi qoruyanlardır. Sizin üçün də hər qulluqda Allahdan bir yardım var, onu dillərə söylədər, könüllərə ilham edər; kifayət sayanlara bu yetər; şəfa axtaranlara şəfa verər.
  • Bilin ki, Allahın elmini qoruyan bəndələr vardır ki, onu mühafizə edərlər; qaynaqlarını axıdarlar. Bir-birləriylə uyğunlaşıb görüşərlər, bir-birlərini sevib qovuşarlar. Bir-birlərinə elm və hikmət piyaləsini verərlər, onu içib vəfa və nəsihətdən sirab olarlar. Onların saf könlünü şübhə bulandırmaz, qeybət onlara yol tapmaz. Yaradılışları, təbiətləri belədir: bu təbiətlə sevişərlər, bu təbiətlə bir-birlərinə uyğunlaşarlar. Onlar əkin üçün ayrılmış ən gözəl toxumlardır; pisləri ayaqlanıb atılmışdır; yaxşıları seçilib götürülmüşdür. Mahiyyətlərinin doğruluğu onları seçmişdir; sınaqlar onları yoxlamışdır.
  • Bilməməklə bərabər, bilmədiyini də bilməyib özünü alim sayanlardan həzər.
  • Bir xeyir görərkən yardım edin, bir şər görərkən qoyub gedin. Çünki Rəsulullah (s) buyurmuşdur: Ey Adəm oğlu, xeyir iş gör, şəri burax; o zaman səxavətli olar, orta yolu taparsan.
  • Bir insanda gözəl bir xasiyyət varsa, ondan başqa gözəl xasiyyətlər də gözləyin.
  • Bir para adamlar Allaha savab üçün ibadət edər: Bu ibadət tacirlərin ibadətidir. Bir bölük də Allaha qorxudan ibadət edər. Bu da kölələrin ibadətidir. Bir bölük isə Allaha şükr edərək ibadət edər. Bax, azad insanların ibadəti budur.
  • Bir şey istənilən şəxs vəd verənə qədər azaddır.
  • Bizə inamda çox irəli getməkdən çəkinin; biz bəndəyik, məxluquq; buna inanın, sonra bizim haqqımızda, üstünlüyümüz barədə dilədiyimiz inancı güdün. (“Qürarul-Hikəm”dən)
  • Bu iki növ insanı əsla unutmayın: ehtiyac vaxtında səninlə olanı və çətin anlarda səni tək qoyanı.
  • Bu ümmətin ən yaxşı şəxsi üçün belə Allahın əzabından əmin-amanlıq hiss etmə. Çünki Allah-Taala buyurub: Allahın məkr və tədbirindən, xəsarətə uğrayanlardan başqası əmin-amanlıq hissi keçirməz.[3] Bu ümmətin ən pis şəxsi üçün belə Allahın rəhmət və mərhəmətindən ümidsiz olma, çünki Allah-Taala buyurur: Həqiqətən Allahın rəhmətindən fasiqlərdən başqası ümidsiz olmaz.[4][5]

C[redaktə]

  • Cahil bir axmaqla mübahisə etməyə başladığın an, artıq uduzmuşsan.
  • Cahil dostundan çox ağıllı düşməninə güvən.
  • Cahillər çoxalan zaman ariflər qərib olur.
  • Camaatla elə rəftar edin ki, ölsəniz sizin üçün ağlasınlar, Sağ qalsanız (vı ya olmasanız) sizinlə görüşməyə can atsınlar.
  • Cəmiyyətlə elə davranın ki, sağlığınızda şövq ilə sizə tərəf gəlsinlər, öldükdən sonra isə sizin üçün ağlasınlar.
  • Cənnət comərdlərin, cəhənnəm isə cahillərin yeridir.
  • Cəsarət on hissəlidir, biri qorxmamaq, doqquzu diqqət və ehtiyatdır.

Ç[redaktə]

  • Çox gülənin heybəti azalır.
  • Çox müharibə var ki, faydası sülhdən daha çoxdur.
  • Çox zarafat edən adam nifrət qazanar və ya hörmətsiz olar.

D[redaktə]

  • Danışıq dilinin susduğu və əməl dilinin tövsiyə etdiyi nəsihət heç bir qulaq tərəfindən rədd edilməz və heç bir fayda onun faydasına bərabər olmaz.
  • Deyənə baxma, deyilənə bax.
  • Dərd və qəm qocalığın yarısıdır.
  • Dil çox iti bir qılıncdır. Qan tökmədən canı ağrıdar.
  • Dil insanı ölçmək üçün vasitədir. Danışın ki, tanınasınız. Çünki insan öz dilinin altında gizlənmişdir.
  • Doğrudan da, dünya ağıllılar yanında kölgəyə bənzər: bir də baxırsan, uzanır deyərkən, qısalmağa başlar. Bir də görürsən, uzanır deyərkən yoxa çıxar.
  • Doğrudan da var-dövlət və övlad dünya əkinidir, dünya qazancıdır. Yaxşı əməllər isə axirət əkini, axirət qazancıdır. Allah bəzi insanlara hər ikisini verir.
  • Dostlar müxtəlif bədənlırdı bir ruhdurlar.
  • Dünya elə bir yurddur ki, xaraba qalması, yox olması, əhlinin isə onu atıb getməsi, köçüb itməsi labüddür. Çox şirindir, təravətlidir, amma istəyəndən tez qaçıb gedər. Bəsirət gözüylə ona baxan varlığından şübhəyə düşər. Ən gözəl, ən xeyirli bir azuqəylə köçüb gedin oradan. Kifayət edəcək şeydən artığını istəməyin, sizi aparacaq şeydən artığını diləməyin ondan.
  • Dünya sənin kölgənə bənzər: sən dayansan, o da dayanar, əgər dalınca getsən, səndən uzaqlaşar.
  • Düşünmə və sevinmə! Zamanın sənə nə qazandırıacağını bilmək olmaz.

E[redaktə]

  • Ehtiyac bacarıqlı adamı da öz əqidəsindən döndərər və heç kəs onun sözlərinə inanmaz.
  • Elm dünyanın ən zəngin xəzinələrindən qiymətli olduğu halda, havayi satılır və havayı alınır.
  • Elm insanı pislikdən qoruyar.
  • Elm məclisi cənnət bağçasıdır.
  • Elm tükənməyən bir xəzinədir; ağıl əksilməyən, köhnəlməyən bir libas. [6]
  • Elmlə dirilən ölməz.
  • Elmli gənc nadan ağsaqqaldan xeyirlidir.
  • Etdiyin günahla öyünmək o günahı etməkdən daha pisdir.
  • Ey dünyanı pisləyən, qınayan, sonra da onun aldanışlarına qapılan, baş tutmayacaq işlərinə aldanan, sonra yenə də onu qınamağa başlayan! Dünyaya aldanan sən deyilmisən ki, indi onu yamanlayırsan? Dünyada günah işləyən sənsən, yoxsa odur? Dünya nə vaxt sənin yolunu azdırdı, nə vaxt səni aldatdı? Bədənləri çürüyüb dağılmış ata-babalarınlamı aldatdı səni, yoxsa torpaq altında yatan analarının məzarlarıylamı tovlatdı səni? Onlar xəstələnəndə nə qədər xidmət etdin onlara, sağalmaları üçün nə qədər çalışdın, şəfa tapmalarına arzu etdin, həkim çağırdın, çarə dilədin. Amma bu zəhmətlərin heç birinə fayda vermədi, arzuların baş tutmadı, gücünlə, qüvvətinlə onları ölümün əlindən ala bilmədin. Getdilər. Dünya onların halıyla örnək göstərdi sənə, məzarlarıyla məzarını xatırlatdı sənə.
  • Ey insan, sənin üçün dünən geridə qalıb. Bir daha geri qayıtmaz. Sabahsa qeyri-müəyyəndir. Yaşadığın anı doğru qiymətləndir.
  • Ey insanlar! Adəmdən nə bir qul törənib, nə də bir kəniz. Bütün insanlar azaddır.
  • Ey Kumeyl, könüllər qablara bənzər; ən xeyirli qab isə içindəkini ən yaxşı qoruyandır. Məndən eşitdiyin sözü yadında saxla. Insanlar üç qismdir: Rəbbə mənsub olan alim, qurtuluş yolunda elm axtaran və adəti pislik olanlar; hər çağıran şəxsə bilmədən uyanlar, hər yelə qapılıb gedən kişilərdir. Onlar nə elm işığıyla işıqlanmışlar, nə də qüvvətli bir müdafiəyə söykənmişlər.
  • Ey Kumeyl, elm maldan xeyirlidir; elm səni qoruyar, sən isə malı qoruyursan. Mal verməklə azalar, elm isə öyrətməklə çoxalar.
  • Ey mömin! Sənin canının qiymət və dəyəri bu elm və ədəbdir. Odur ki, bu iki şeyi əldə etməyə çalış! Çünki elm və ədəbin hər nə qədər artsa qədir-qiymətin də bir o qədər artar. [7]
  • Ey Ziyad oğlu Kumeyl, bilik əldə etməyin yolu adətən dindir ki, Allaha onunla yol tapmaq olar. Insan taəti onunla əldə edər; ölümündən sonra da xeyir və yaxşılıqda yad olunar. Elm hakimdir, mal isə hökm altında olandır, məğlubdur.
  • Ey oğul, axmaqlarla yoldaşlıq etməkdən çəkin, çünki axmaq sənə yaxşılıq etmək istəsə də, sənə ondan ancaq zərər yetişər.

Ə[redaktə]

  • Ədəb insanın kamalıdır.» [8]
  • Ədavət qəlb üçün böyük yükdür. Yəni düşmənçilik ürəyi bütün işlərdən geri qoyar.
  • Əxlaqın əxlaqsızların əlində oyuncaq olduğu bir toplumdan yaxşılıq gözləməyin.
  • Əxlaqını gözəlləşdir ki, Allah hesabını yüngülləşdirsin.
  • Əxlaqsız adamın şərəfi olmaz.
  • Əgər elm ümidlə olsaydı, dünyadakı bütün insanlar alim olardı.
  • Əgər namaz qılan şəxs ona nə qədər ilahi rəhmət nazil olduğunu bilsəydi, şübhəsiz ki, başını səcdədən qaldırmazdı.
  • Əldən getməyincə dəyərini anlaya bilməyəcəyimiz iki şey var: sağlamlıq və gənclik.
  • Ən aciz şəxs insanlar arasında dostu olmayandır; onlardan daha acizi isə dostu olub onu itirənlərdir.
  • Ən axmaq insan özünü hamıdan ağıllı biləndir.
  • Ən böyük eyib özündə olan eyiblə başqasını mühakimə etməkdir.
  • Ən gözəl ədəb - əxlaq, ən şiddətli yoxsulluq - axmaqhq, ən vəhşi vəhşət - özünü bəyənmək, ən zəngin dövlət isə - elm və ağıldır.
  • Ən xoşbəxt insan ötəri ləzzətləri əbədi ləzzətlərə görə tərk edəndir.
  • Ən nadan insan odur ki, bir yaltaq ona gözəl təriflər söyləyərək pisi yaxşı və xeyirxah düşmən kimi qələmə verən zaman onun sözlərinə aldana.
  • Ən pis yoxsulluq axmaqlıqdır. [9]
  • Ən üstün iş Allah naminə görülən işdir.
  • Əsil-nəcabətin ölçüsü ədəbdir.
  • Əyri ox doğru səmt almaz.

F[redaktə]

  • Fədakar insan pis cavab almaqdan çəkinir. İnsanların davranışlarını müşahidə edərək onlarla uyğunlaşan şəxs şəxsiyyətini də qoruyur.
  • Fürsət qarışqa sürəti ilə gəlir, şimşək sürəti ilə gedir.

G[redaktə]

  • Gəncliyin və sağlamlığın dəyəri itiriləndən sonra bilinər.
  • Gözəl bir xarakter gözəl bir üzdən daha uzunömürlüdür.
  • Gözəl görmək bir şeyi eşitməkdən irəlidir.

H[redaktə]

  • Haqsızlığa dözənlər ondan gələcək hər pisliyə dözməlidirlər.
  • Heç bir ağrı cəhalətdən çox zəhmət verməz.
  • Heç bir işdə həddən artıq tələsmə. Tədbirli olanlar özlərini çətin vəziyyətə düşməkdən qoruyarlar.
  • Heç kim heç kimin qulu deyil.
  • Heç kimin səhvini üzünə vurmayın. O səhvi başqa adamdan nümunə gətirərək bildirin.
  • Həqiqət fikir ziddiyyətlərindən yaranır.
  • Həqiqi zəngin savadı çox olan insandır.
  • Hər bir adam öz dilinin arxasında gizlənmişdir.
  • Hər bir insanın qiyməti onun etdiyi yaxşılıqlarla ölçülür.
  • Hər bir kimsənin tərbiyə üsulu yumşaq olsa, onun övlad və törəmələri tərbiyəsiz olar.
  • Hər insanın qiyməti əxlaqının gözəlliyi qədərdir.
  • Hər kəs ki, öz iradəsini cilovlaya bilməsə, əcəl onu öz tərəfinə çəkər.
  • Hər kəs öz zəmanəsinin övladıdır.[10]
  • Hər qab içinə bir şey qoyulduqda daralır, ancaq elm qabı istisnadır, o, elm qoyulduqca genişlənir. [11]
  • Hər qətrə suda qəm-qüssə, hər tikə çörəkdə dərd-kədər yatır.
  • Həya bütün yaxşılıqların açarıdır.
  • Həyanın zirvəsi insanın öz-özündən həya etməsidir.
  • Həyat insan fitnəsi ilə mübarizədir.
  • Həyat təcrübələri mənə doğru qərarı verməyi öyrətdi. Məni məhv etmək istəyənlərin özləri məhv oldu.

X[redaktə]

  • Xeyirli işləri sabaha saxlama. Sabah olar, sən olmazsan.
  • Xəsis insan dünyada fəqirlər kimi yaşayar, axirətdə isə varlılar kimi sorğu-suala çəkilər.
  • Xilafət mənim gözümdə bu çarıqdan da dəyərsizdir. Mən xilafəti ona görə qəbul etdim ki, onun vasitəsilə məzlumların haqqını zalımlardan alım.
  • Xoş rəftar ağlın yarısıdır.

İ[redaktə]

  • İbrət alınacaq şeylər çox, ibrət alanlar isə az.
  • İçinizdə həmişə insanlara qarşı sevgi və xeyirxahlıq olsun. Onlarla pis rəftar etməyin və onları danlamayın.
  • İki şeyin əldən getmədən qiymətini dəyərləndirmək çətindir: biri sağlamlıq, biri də gənclikdir.
  • İkiüzlü insanlardan uzaq olmaq çox çətindir. Saxta sevgilərini göstərirlər və içlərindəki pisliyi gizlədirlər. Onları qane etdiyin müddətcə səni sevirlər və səndən yararlandıqları müddətcə xoşbəxt olurlar.
  • İman əhlinin hər gün üç işi vardır: Bir zaman Rəbbi ilə razü niyaz edər, Ona qulluq göstərər; bir zaman dolanışığı üçün çalışar; bir zamanı da var ki, halal və gözəl ləzzətlərlə zövqlənər. Ağıllı adam üç şey üçün səfər edər: Güzəranını qaydaya salmaq, axirətini əldə etmək, yaxud da haram olmayan zövq və ləzzət əldə etmək.
  • İman əhlinin üzündə təbəssüm, qəlbində hüzn vardır. Onun könlü hər şeydən geniş, nəfsi hər şeydən azdır. Təkəbbürə nifrət edər, şöhrətə düşməndir, qəm-qüssəsi çox, düşüncəsi isə dərindir. Çox zaman susar; vaxtı yoxdur. Çox şükr edər, çox səbrlidir. Daim düşüncəlidir; ehtiyacı olanı görərkən öz ehtiyacını belə unudar. Xasiyyəti gözəl, rəftarı xoş və yumşaqdır. Şərəf və din baxımından sərtdir, xasiyyət baxımından qul kimidir.
  • İnsanı vaxtından əvvəl qocaldan bir şey varsa, o da tənbəllikdir.
  • İnsanın fikir və düşüncəsi onun təcrübəsi qədərdir.
  • İnsanlar bilmədikləri şeylərə düşməndir.
  • İnsanlar iki bölükdür: bir bölüyü şəriətə uyar, o biri bölüyü bidətə sapar. Bu ikinci bölüyün, nöqsan sifətlərdən münəzzəh olan Allahdan nə bir dəlili var, nə bir işığı. Nöqsan sifətlərdən münəzzəh olan Allah heç kimə Qurana bənzər başqa bir şeylə öyüd verməz; çünki Quran *Allahın möhkəm ipidir, əmin səbəbidir; ürəklərin baharı ondadır; biliklərin qaynaqları ondadır; könülə ondan başqa bir şey cila verməz; ondan başqa bir şey könlü parlada bilməz. Bununla bərabər, yenə də ondan öyüd alanlar ona uyub yol tutanlardır; unudanlar, qəflətə qapılanlar yollarda qalanlardır.
  • İnsanlara faydası olmayanları ölülərdən sayın.
  • İnsanların çəkdiyi hər nəfəs əcələ doğru atdığı addımdır.
  • İnsanların öz ata-babalarından zəmanələrinə daha artıq oxşarlıqları var.[12]
  • İnsanlarla yaxşı davranın ki, bir vaxt dünyadan köç etsəniz, yaxşı sifətlərinizi yada salıb sizin üçün ağlasınlar.
  • İnsanlarla elə rəftar edin ki, düşməniniz belə ölümünüzə ağlasın.
  • İnsanpərvərlik odur ki, insan özündən həya etsin.

K[redaktə]

  • Kasıblar bəzən çox çətin vəziyyətlərdə olurlar. Dedikləri nə qədər doğru olsa da, onları dinləyənlər sözlərinə qulaq asmırlar.
  • Kasıblar vətənlərində də qəribdirlər. [13]
  • Kim camaatda olan eyib barəsində danışsa, camaat onda olmayan eybi ona aid edər.
  • Kim bir işdə xalqa rəhbər olmaq istəyirsə, başqasına tərbiyə verməyə başlamazdan əvvəl özünü tərbiyə etməlidir. Tərbiyə yalnız dil ilə öyüd verməkdən deyil, hərəkətləri ilə nümunə göstərməkdən də ibarət olmalıdır. Nəfsinə müəllim olub özünü tərbiyə edən şəxs insanlara müəllimlik edib onları tərbiyə edəndən daha çox tərifə layiqdir. Kim bir işdə xalqa rəhbər olmaq istəyirsə, başqasına tərbiyə verməyə başlamazdan əvvəl özünü tərbiyə etməlidir. Tərbiyə yalnız dil ilə öyüd verməkdən deyil, hərəkətləri ilə nümunə göstərməkdən də ibarət olmalıdır. Nəfsinə müəllim olub özünü tərbiyə edən şəxs insanlara müəllimlik edib onları tərbiyə edəndən daha çox tərifə layiqdir.
  • Kimə ox atmağı öyrətdimsə ilk məni nişan aldı.

Q[redaktə]

  • Qeybət etmək aciz insanların işidir.
  • Qəlb kor olduqdan sonra gözün görməsindən nə fayda?..
  • Qəlbini öyüdlə dirilt, hikmətlə işıqlandır.
  • Qənaətə riayət edən yoxsulluğa düşməz.
  • Qəzəb pis dostdur. Qüsurları və çirkinlikləri üzə çıxarır, insanları pisliyə yaxınlaşdırır, yaxşılıqdan uzaqlaşdırır.
  • Qısqanc adam hər zaman xəstə olar.
  • Qısqanc insanlar heç vaxt rahatlıq və dinclik üzü görməzlər.
  • Qısqanc olan, qeyrət sahibi kimi tanınan qətiyyən zina etməz.
  • Qısqanclıq ən pis xəstəlikdir.
  • Qısqanclıq insanın ürəyinə və sinirlərinə pis təsir edir və insanı xəstələndirir.
  • Qısqanclıq ruhun həbsidir.
  • Qocalıq yeni başlayan sabah, gənclik isə itib gedən ay kimidir.
  • Qoynunda yaşadığın şəhər sənə ən layiq olan şəhərdir. Şəhərlərin xeyirlisi güzəranını keçirə bildiyin yerdir.

M[redaktə]

  • Mal sərxoşluğu, içki sərxoşluğundan daha şiddətlidir..
  • Malı az olan kimsə öz vilayətində qəribdir, heç kəs onu tanımaz.
  • Mən Allah peyğəmbərinin mehriban yoldaş və yardımçısıyam, Mənəm İslamda öncül bütləri sındıran, kafirlərlə vuruşan və Din düşmənlərini məhv edən.
  • Mən elə doğulduğum gün öldüm.
  • Мəпə bir hərf öyrədənin köləsiyəm.
  • Mənim bilmədiklərimi ayağımın altına yığsalar başım ərşə dayanar.
  • Məsləhət və məşvərət etmək (doğru) yol tapmağın gözüdür. Öz rəyi və fikri ilə kifayətlənən şəxs özünü təhlükəyə atmışdır.
  • Möhkəm dağları yerindən qoparmaq bir-birinə nifrət edən qəlbləri bir-birinə bağlamaqdan daha asandır.[14]
  • Möminin şükrü əməlində görünər. Münafiqin şükrü isə dilindədir.

N[redaktə]

  • Nadan adamın xoşbəxtliyi zibillikdə olan bağ-bağça kimidir.
  • Nadan zahirən diri də olsa, ölüdür.
  • Nadanlıqdan betər dərd yoxdur.
  • Nadanlığın zirvəsi insanın öz nadanlığı ilə fəxr etməsidir.
  • Namus gözəlliyin sədəqəsidir.
  • Nikbin olmayan şəxs hamıdan qaçar və tənha qalar.

O[redaktə]

  • Oğlu Həsənə buyurmuşdur:
Əziz oğlum, məndən dörd şey öyrən, işlədiyin zaman sənə zərər verməyəcək dörd şeyi də ağlında tut: Zənginliyin ən üstünü ağıldır; yoxsulluğun ən böyüyü axmaqlıqdır. Qorxulu şeylərin ən qorxulusu özünü bəyənməkdir; nəslin-kökün ən ucası gözəl xasiyyətdir. Əziz oğlum, axmaqla dost olmaqdan çəkin; o sənə fayda vermək istərkən zərər yetirər. Xəsislə dost olmaqdan çəkin; ona ən çox möhtac olduğun zaman köməyinə gəlməz. Pislik edənlə dost olmaqdan çəkin; o səni çox ucuz bir şeyə satar. Yalançı ilə dost olmaqdan çəkin; çünki o, ilğıma bənzər; sənə uzağı yaxın göstərər, yaxını isə səndən uzaqlaşdırar.
  • Orucu, gecələr etdiyi ibadəti Allah tərəfindən qəbul olunmuş şəxs üçün bayramdır. Hansı gün Allaha üsyan edilməzsə, o gün bayram sayılır.

Ö[redaktə]

  • Övladlarınızı dövrünüz üçün deyil, onların dövrü üçün yetişdirin.
  • Öz qədrini bilən hər bir kimsəyə ölüm qorxulu deyil.
  • Öz övladını ədəbləndirdiyin kimi yetimi də ədəbləndir. Övladına təhsil verdiyin kimi yetimə də təhsil ver.
  • Öz rəyinlə hərəkət etmə; öz rəyinə uyan məhv olar.
  • Özünü bəyənən və özündən razı olan biri çox kədər və ağrı çəkər.
  • Özünü tanımayan başqasını necə tanıyar?
  • Özünü tanımayan hər kəs qurtuluş yolundan uzaqlaşar və cahillik və azğınlıq yoluna girər.

P[redaktə]

  • Paxıl adamın rahatlığı olmaz.
  • Paxıl adamla dostluq etməkdən uzaq ol. Çünki paxıl şəxs möhtac olduğun şeyi səndən əsirgəyər.
  • Paxıllıq ruhun zindanıdır.
  • Pis əməl sahibi təriflənəndə ərş titrəyər və Allah qəzəblənər.
  • Pis və günahkar insanlarla dostluqdan çəkinin, çünki pislik pisliyə qarışır.

S[redaktə]

  • Sağlamlıq nemətlərin ən yaxşısıdır.
  • Sanki ölüm bizim üçün yox, başqaları üçün yazılmışdır. Sanki gördüyümüz bu ölülər elə bir yerə gedirlər ki, tezliklə dönüb qayıdacaqlar. Onları qəbirlərə qoyuruq; miraslarını yeyirik. Bütün öyüdləri unutmuşuq, hər bir bəlanı arxaya atmışıq. Bizi kökümüzdən qoparacaq bəlalara göz yummuşuq. Xoş o şəxsin halına ki, təkəbbürdən uzaqdır, qazancını tər-təmiz bir hala gətirmişdir, xasiyyətini gözəlləşdirmişdir, var-dövlətinin artığını yoxsullara paylamışdır, bihudə sözlər danışmaqdan uzaqdır, şərini insanlardan uzaqlaşdırır; sünnət ona ağır gəlmir, bidətə mənsub deyildir.
  • Savaşda birisini savaşmağa çağırma; fəqət səni çağıran olsa get; çünki savaşa çağıran asidir, asininsə ölməsi gərəkdir. Üzün suyu (abır) donmuş vəziyyətdədir. Ancaq bir şey istəyən kimi əriyər və damla-damla süzülər. Üzünün suyunu kimə tökdüyünə diqqət et.
  • Səbr iki hissədən ibarətdir; çətinliklərə səbr etmək gözəldir. Bundan gözəli isə haramlara qarşı səbrdir.
  • Səxavət-istənilmədən ehsan etməkdir. Istəniləndən sonra edilən ehsan isə utanqaclıqdandır və çox pisdir.
  • Sənə qəzəblənərkən pislik istəməyən insanla dost ol. Çünki qəzəb insanın əxlaqını ortaya qoyur.
  • Sənə pislik edən bir düşməni bağışla. Lakin vətənə və millətə zərər verəni əsla bağışlama.
  • Sənə pislik edənə özünü ona sevdirməyin qədər böyük bir cəza verə bilməzsən.
  • Sənət tükənməyən xəzinədir.
  • Simic dövlətli, səxavətli dilənçidən də yoxsuldur.
  • Sirr saxlamaq iradə imtahanıdır. imtahandan keçməyən həyatda heç bir imtahandan keçə bilməz.
  • Simicliklə ehsan bir yerə sığmaz. Yəni paxıl kimsə ehsan edə bilməz.
  • Sizə beş şeyi vəsiyyət edirəm: Heç biriniz Rəbbinizdən başqa bir kimsədən şey ummasın; Günahınızdan başqa bir şeydən qorxmayın, “bilmirəm” deməkdən utanmayın; bilmədiyiniz bir şeyi öyrənməkdən çəkinməyin. Səbr edin, çünki səbr imanla müqayisədə bədəndəki baş kimidir. Başı olmayan bədəndə xeyir yoxdur. Səbr tükəndikdə isə imandan xeyir gəlməz.
  • Sizi İslama elə bir nisbətlə mənsub sayıram ki, məndən əvvəl heç kəs belə nisbəti söyləməmişdir: İslam təslim olmaqdır; təslim olmaq yəqinlikdir; yəqin gerçəkləməkdir; gerçəkləmək iqrar etmək əmrə tabe olmaqdır; əmrə tabe olmaq o əmrləri yerinə yetirməkdir.
  • Söyləyənə baxma, söylədiyinə bax.
  • Söz ağzında olduğu müddətdə sənin əsirindir, ağzından çıxdıqda isə sən onun əsirisən.
  • Söz dərman kimidir, azı xeyirli, çoxu zərərlidir.
  • Sözlərin ən pisi yalandır.
  • Sözlərinin əməlləri kimi sayıldığını bilən insan az danışar və yalnız onu maraqlandıran şeyləri söyləyər. [15]
  • Sözün gözəlliyi qısalığındadır.
  • Susmaq ləyaqətlilik əlamətidir.
  • Susmaq sənə ləyaqətli bir paltar geyindirir və sonda üzr istəməkdən qoruyur.
  • Sükut təfəkkürün bağı, fərasətin əlaməti və ağlın meyvəsidir.
  • Sükut yalan danışmaq və başqalarını mühakimə etməkdən daha yaxşıdır.

Ş[redaktə]

  • Şəxsinizə edilən pisliyi əfv edin, millətinizə ediləni əsla.
  • Şəxsiyyətin ən yaxşı cəhəti əxlaqdır.
  • Şərafət elm və ədəbdədir, əsl-nəcabətlə deyil.
  • Şərəf ən böyük sərvətdir. Onlara sahib olanlar həmişə həyatlarından məmnun qalarlar.
  • Şərəfli və vacib bir vəzifəyə sahib olmaq üçün elmlə məşğul olun.
  • Şiddətli istək xoşbəxtliyin ən böyük düşmənidir.
  • Şişirdilmiş təriflərdən özünüzü qoruyun. çünki onlar ürəkləri çirkləndirir və pis bir qoxu yayırlar.
  • Şöhrətpərəstlik və xəsislik yorğunluğun və çətinliklərin açarıdır.
  • Şübhədən çəkinin. Çünki şübhə fitnə və yoldan azdırmaq məqsədilə ortaya atılmışdır.
  • Şüurun dəstəmazı biliklə, qəlbin dəstəmazı məhəbbətlə alınır.

T[redaktə]

  • Tamah səni qul etməsin. Allah səni azad yaradıb.
  • Tamah olan başda ağıl olmaz.
  • Tamahkarlıq əbədi köləlikdir. [16]
  • Tamahkar adam haramdan əl çəkməz.
  • Tamahkar adam yaramaz olar.
  • Təkəbbürlü adamı heç kəs tərif etməz.
  • Tərbiyə ağacı yumşaq olanın övlad və təbbəələri tərbiyəsiz olar.
  • Təvazökarlıq kimi şərəf yoxdur.
  • Töhmətlənəcək yerə gedən şəxs, onun barəsində pis zənnə düşənləri qınamasın.

U[redaktə]

  • Unudansansa iki şeyi unut: kiməsə etdiyin yaxşılığı, kiminsə sənə etdiyi pisliyi.

Ü[redaktə]

  • Ürəkləriniz bir olmadıqdan sonra çox olmağın mənası yoxdur.

Y[redaktə]

  • Yaxşılıqla əmr etmək insanların ən fəzilətli əməlidir.
  • Yaxşılığı əmr et, pisliyi məhv elə.
  • Yalan olan yerdə məhəbbət olmaz.
  • Yalançı şəxsin rəhm və mürvəti olmaz.
  • Yalançıların əsas xüsusiyyətləri bunlardır: əvvəlcə sənə dil tökürlər, çox şey vəd edirlər, sonra səndən imtina edirlər və daha sonra arxanca danışırlar.
  • Yeni elmi şeylər öyrənərək ürəyinizdəki yorğunluğu və narahatlığı aradan qaldırın, çünki ürəyiniz də bədəniniz kimi yorulur.
  • Yeni əmlak əldə etməzdən əvvəl yığdığınızı istifadə edin.
  • Yeniyetmənin qəlbi, səpilən hər bir şeyi qəbul edən boş yer kimidir. Buna görə də mən sənin qəlbin bərkiməmiş və zehnin (başqa şeylərlə) məşğul olmamış səni tərbiyə etməyə başladım.[17]
  • Yəqin ilə yatmaq, şübhə ilə namaz qılmaqdan xeyirlidir.
  • Yoxsulların ehtiyacı varlıların israfı qədərdir.
  • Yumşaq danış, sevilərsən.
  • Yumşaq əxlaq nəciblik və böyüklükdür. Heç kimə əzab vermə, gördüyün işlərin nəticələrini görərsən.

Z[redaktə]

  • Zalım şəxsin üç əlaməti vardır; günaha batıb özündən üstünə zülm edər; özü hakim olduqda özündən aşağıya zülm edər; zülmkara kömək göstərərək zülm edər.
  • Zalıma gələn ədalət günü məzlumun çəkdiyi əzabdan çətindir. Şiddət son səviyyəyə çatdıqdan sonra rahatlıq gəlir. Bəla halqaları daralanda genişlik üzə çıxır.
  • Zaman mənə qarşı maska taxdı, məni tanımadı, o günə hörmət etdiyimi, ən qorxunc bədbəxtliklərini belə asan bir şey kimi qarşıladığımı bilmədi.
  • Zamanının bir hissəsi keçmişə qaldı. Qalan günlərin sayı da bəlli deyil, fürsət düşdükcə çalış.
  • Zəifləri ziyarət etmək təvazökarlıqdır.
  • Zənginlik qürbətdə vətəndir, yoxsulluq vətəndə qürbət. Dostları itirmək qürbətə düşməkdir.

Mənbə[redaktə]

  • Xəzinə. Bakı,1997.

Vikipediyada Əli haqqında məqalə var.

İstinadlar[redaktə]

  1. Ğurərul-Hikəm, hədis 5036
  2. Səlahəddin Xəlilov. Aforizmlər: seçilmişlərdən seçilmişlər. Bakı,2012,
  3. Əraf surəsi, 99
  4. Yusif surəsi, 87
  5. Şeyx Razi, "Nəhcül Bəlağə, hikmət 377
  6. Kamal Camalov. Həzrəti Əlinin elm və tərbiyə haqqında fikirləri. Bakı,2009
  7. Mişkatul-ənvar, səh. 135
  8. Ğurərul-Hikəm, hədis 998
  9. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı,2014
  10. Fərrux Rüstəmov. Azərbaycan pedaqogikaşünaslığı. Bakı: Elm və təhsil, 2016. - səh. 169.
  11. Aforizmlər. Bakı. 2013. səh.42.
  12. Xəzinə.Bakı,1997. səh.150
  13. M.Kərimov. Müdrikliyə, ədalətə, uğura 40 çağırış. Bakı,2017, səh.193
  14. Əllamə Məclisi, "Biharul Ənvar", c. 78, səh. 11, hədis 70
  15. [1]Hz. Əlinin ən gözəl kəlamları
  16. Aforizmlər. Bakı, 2021
  17. İbn Əbil Hədid, "Şərhi NəhcülBəlağə", c. 16, səh. 66