Məzmuna keç

Hökmdar (Makiavelli)

Hökmdar (it. Il Principe) — İtaliyalı diplomat və siyasi nəzəriyyəçi Nikkolo Makiavelli tərəfindən yeni şahzadələr və kral ailələri üçün təlimat kimi yazılmış XVI əsrə aid siyasi traktat.

Əsərdən sitatlar

[redaktə]

A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Ağıllı insan böyük şəxsiyyətlərin yolu ilə getməli və ən ləyaqətli olanları təqlid etməlidir ki, onların dərəcəsinə yüksəlməsələr də, heç olmasa, bir az onlara oxşasınlar. Təcrübəli oxçular da belə edərlər: vurmaq istədikləri hədəfin çox uzaqda olduğunu gördükdə yaylarının gücünü bildikləri üçün hədəfdən daha yuxarını nişan alırlar: oxlarının o qədər yüksəkliyə çatması üçün deyil, sadəcə yuxarını nişan almaq vasitəsi ilə əsl hədəfi vurmaq üçün.
  • Başqasını qüdrətləndirən özünü məhv edər.
  • Bəlkə də işlərimizin ancaq yarısı taleyin hökmü altındadır, digər yarısı isə, yaxud buna yaxın bir qismi isə bizim öz ixtiyarımıza buraxılmışdır.
  • Bir hökmdarın ağlı haqqında fikir söyləmək istədikdə ilk öncə onun ətrafındakı adamlara baxmaqla qərar verilir.
  • Bu, vərəmli xəstənin halına bənzər: həkimlər deyir ki, başlanğıcda bu xəstəliyi müəyyən etmək çətin, müalicə etmək asandır; amma xəstəlik irəliləmişsə, onu müəyyən etmək asan, müalicə etmək çətin olur. Dövlət işlərində də vəziyyət belədir: qarşıdakı çətinliklər vaxtında aşkar edilərsə, – ki bu da müdrik hökmdarlara nəsib olur, – onlardan qurtulmaq da asan olur; amma bu çətinliklər hər kəsin görə biləcəyi qədər böyüyərsə, artıq heç bir çarə kömək etməz.
  • Hökmdarlar insanları yaxşı tanımadıqları və tədbirli olmadıqları təqdirdə özlərini bir xətadan çox çətinliklə qoruya bilirlər. Mən yaltaqları nəzərdə tuturam: saraylar daim onlarla dolu olur. Zira, insanlar o qədər şöhrətpərəstdirlər və özlərini o qədər bəyənirlər ki, bu vəbadan çətinliklə qoruna bilirlər.
  • Xalqın yeganə istəyi zülm altında yaşamamaqdır.
  • İbrət olsun deyə, bir neçə dəfə ağır cəzalar vermiş bir hökmdar, ifrat mərhəməti ilə iğtişaşlara yol açmış bir hökmdardan daha çox mərhəmətlidir. Zira, qarət və qətllərə səbəb olan iğtişaşlardan bütün əhali əziyyət çəkir, amma hökmdarın verdiyi cəzalar yalnız ayrı-ayrı şəxslərə zərər verir.
  • İmperator Maksimilianın etibarlı adamı olan rahib Luka hökmdarın əzəmətindən danışarkən onun heç kimdən məsləhət almadığını, bununla belə öz fikri ilə də hərəkət etmədiyini söyləmişdi. Zira, imperator qapalı adamdır, niyyətini heç kəsə açmaz və heç kimin fikrini soruşmaz. Lakin həyata keçirildikcə niyyətinin nə olduğu üzə çıxar və onun ətrafındakılar etiraz etməyə başlayarlar, o da yumşaq adam olduğu üçün öz niyyətindən əl çəkər.
  • İnsanlar atalarının ölümünü mallarının itkisindən daha tez unudurlar.
  • İnsanlar keçmişlə deyil, bugünlə daha çox maraqlanırlar və əgər bugün rifah içində yaşayırlarsa, bundan zövq alıb başqa şey axtarmazlar.
  • İnsanlar qorxduqları şəxsə deyil, sevdikləri şəxsə zərər verməkdən daha az çəkinirlər; çünki sevgi minnətdarlıq bağı ilə möhkəmlənir, insanlar isə təbiətən pis olduqları üçün öz mənfəətləri naminə bu bağı qopara bilərlər; amma qorxunun dayağı cəza təhdididir, buna isə əhəmiyyət verməmək mümkün deyil.
  • İnsanlar öz mülahizələrinə görə hökmdarı sevirlər, amma hökmdardan onun davranışlarına görə qorxurlar. Buna görə də yaxşı olar ki, ağıllı hökmdar başqalarından asılı olana deyil, özündən asılı olana güvənsin; yalnız bu vacibdir ki, heç bir halda xalqın nifrətini öz üzərinə çəkməsin.
  • İnsanlar pislik gözlədikləri bir kəsdən yaxşılıq gördükləri zaman ona daha böyük minnətdarlıqla bağlanırlar.
  • İnsanlar ya qorxduqları üçün, ya da nifrət etdikləri üçün bir-birinə düşmən olurlar.
  • İnsanlar yaxşılıq gördükləri şəxslərə olduğu qədər yaxşılıq etdikləri şəxslərə də bağlılıq duyarlar.
  • İnsanları bir şeyə inandırmaq asandır, fəqət bu inancda saxlamaq çox çətindir.
  • İnsanları ya əzizləmək, ya da onları məhv etmək lazımdır, zira insanlar yüngül zərərə görə intiqam ala bilərlər, amma ağır zərərə görə intiqam almağa gücləri qalmaz; bundan da belə nəticə çıxar: bir insana ediləcək pislik elə ölçüdə olmalıdır ki, onun özünə gəlib intiqam alacağından qorxmağa yer qalmasın.
  • İnsanların necə yaşadığı ilə necə yaşamalı olduğu arasında o qədər böyük fərq var ki, yaşanılması lazım olan xəyali həyat naminə gerçək həyatı inkar edənlər özlərinə xeyirdən çox ziyan verirlər.
  • Kimsə kömək edib qaldırar ümidi ilə yerə yıxılmaq lazım deyil.
  • Köhnə qaydaları yeniləri ilə əvəz etmək qədər tətbiq edilməsi çətin, uğur qazanması şübhəli, idarə edilməsi təhlükəli bir iş yoxdur.
  • Könül xoşluğu və ruh yüksəkliyi ilə deyil, pul gücünə qazanılan dostluğu çətin günlərdə istifadə etmək üçün əldə saxlamaq olmaz.
  • Müharibədən qaçmaq olmaz; onu yalnız gecikdirmək olar, ki bu da düşmənə yarayacaq.
  • Tale dəyişkən, insanlar isə öz hərəkətlərində inadkardır. Buna görə də onların arasında uyğunluq olduğu müddətcə insan xoşbəxt yaşayır, bu uyğunluq pozulduqda isə bədbəxt olur.
  • Yaxşı məsləhətlər kimdən gəlirsə-gəlsin, hökmdarların müdrikliyindən doğar; yoxsa, hökmdarların müdrikliyi yaxşı məsləhətlərdən doğmaz.
  • Yalnız cürətkar və həddini bilməz insan Tanrının ucaltdığını və hifz etdiyini müzakirəyə qoya bilər.
  1. hər şeyi özü dərk edənlər – dahiyanə zəka;
  2. başqasının dərk etdiyini anlaya bilənlər – əhəmiyyətli zəka;
  3. nə özləri dərk edənlər, nə də başqasının dərk etdiyini anlaya bilənlər – yararsız zəka.

İstinadlar

[redaktə]